22.06.2025, 20:34
AZ EN
03.04.2025, 17:46 147

Ağdam şəhərinə ilk köç payızda olacaq

QARABAĞ
  • “İşğaldan azad olunmuş Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır”.

"Vətən səsi" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə müsahibəsində deyib. O bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: “Birinci mərhələ üçün Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq".

Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub və onlardan birinin tikintisinə başlanılıb. Emin Hüseynov deyib ki, Ağdam şəhərinə ilk köç bu ilin oktyabr-noyabr aylarına planlaşdırılır: "Həmin məhəllədə hazırda 66 bina tikilir, betonlaşma işləri başa çatdırılıb. Hörgü işləri başa çatandan sonra binaların daxili təmirinə start veriləcək".

Emin Hüseynov onu da bildirib ki, təxminən 2000 hektarlıq ərazini əhatə edən Ağdamda 100 min əhali məşkunlaşmaqla ölkənin 4-cü ən böyük şəhəri olacaq. Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub: "Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub”.

Elxan SALAHOV

Oxşar xəbərlər