10.04.2025, 07:00
AZ EN
14.02.2025, 15:23 249

Ağdamın Rzalar kəndində yeni məktəb binası inşa edilir

QARABAĞ
  • Ağdam rayonu Rzalar kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni bina inşa edilir.

Tikintidə icraçısı mühəndis Mircalal Miriyev bildirib ki, iki mərtəbəsi və zirzəmisi olan məktəb binası üç korpusdan ibarətdir. Binada sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, texnologiya və inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq.

Hazırda binanın fasad və daxilində suvaq, həmçinin santexnik, elektrik işləri görülür, dam vurulur. Məktəbin tikintisinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur.

Rzalar kəndində yeni məktəb binasının tikilməsi kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Rzalar kənd tam orta məktəbinin direktoru Nicat Məmmədov bildirib ki, 1936-cı ildə inşa edilmiş binada tədris üçün şərait yaxşı deyildi. “Məktəbimiz üçün yeni, müasir binanın inşa edilməsi biz təhsil işçilərini, şagirdləri, valideynləri çox sevindirir. Bunun üçün dövlətimizin başçısına müəllim və şagirdlər adından minnətdarlığımı bildirirəm. Artıq yeni dərs ilində tədrisi yeni binada davam etdirəcəyik. Kənddə yeni məktəb binasının inşa edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Yeni məktəbdə daha həvəslə işləyəcək, bizə göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq”, - deyə direktor əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər