24.11.2024, 17:22
AZ EN
26.07.2022, 10:25 459

Azad edilmiş rayonlarda yerli kadrlar daimi işlə təmin olunub

QARABAĞ
  • “Azərenerji” işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə yanaşı cənab Prezident İlham Əliyevin böyük qayıdış strategiyasına uyğun olaraq sistemli məskunlaşma fəaliyyəti də həyata keçirir.  Belə ki, bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Reginal Rəqəmsal İdarəetmə Mərkəzində  ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini  daimi işlə təmin edilib.

“Azərenerji” İnsan Resursları Departamentinin rəisi Natiq Abbasov “Real” TV-yə müsahibəsində bildirib ki, ümumilikdə 164 daimi iş yeri yaradılmışdır ki, burada da işğaldan azad edilmiş rayonların 150-dən çox sakini işlə təmin olunub. Bu proses davam etməkdədir. Hazırda işğaldan azad olunmuş Kəlbəcər, Laçın və Cəbrayıl rayonlarında enerji obyektlərinin tikintisi davam edir. Buna paralel olaraq kadrların hazırlığı prosesi də uğurla həyata keçirilir və bu enerji obyektləri də tikilib hazır olduqdan sonra yerli kadrların işlə təmin olunması davam etdiriləcəkdir.

Qeyd edək ki, enerji obyektlərinə kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi  önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə,  ağdamlı Ağdamda və digər rayonlular da həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “Azərenerji” əməkdaşlarından öz ailəsi ilə birlikdə yaşayanlar var.

Şuşa yarımstansiyasının rəisi Kamil Quliyev:

- Mən Şuşadan çıxanda mənim heç bir yaşım yox idi, altı aylıq körpə idim. Çox şükürlər olsun, indi ailəmlə birlikdə Şuşada yaşayıram. Bu gün övladım elə atasının çıxdığı yaşda Şuşaya gəlib və burda yaşayacaq.

Füzuli yarımstansiyasının növbətçi mühəndisi Vüsət Xəlilov:

-Mən və qardaşım Füzuli rayonundanıq. Hazırda Füzuli  yarımstansiyasında işləyirik və burda işləməyimizdən çox məmnunuq.

Qeyd edək ki, tikilərək istismara verilən bəzi yarımstansiyaların mühafizə zonalarında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı, burada  əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyanın yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların  ərazisində də yataqxanalar tikilir.

“Azərenerji” cənab Prezident İlham Əliyevin böyük qayıdış strategiyasına uyğun olaraq qarabağlıların işlə təmin edilməsi üçün sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər