Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov agentliyin və 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətə başlamasının 5 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2% təşkil edib.
Tədbirdə DOST Agentliyinin 5 illik fəaliyyəti ilə bağlı hesabat xarakterli video çarx nümayiş olunub.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, vətəndaşlara 159 dövlət sosial xidmətini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edən DOST konsepsiyası xidmət səviyyəsini hər il daha da yüksəltməyə nail olur.
Fərid Məmmədov DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini qeyd edib. Agentlik bu müddət ərzində 20-dən çox beynəlxalq mükafat və sertifikatla təltif edilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
Hazırda 5-i Bakıda, 1-i Abşeronda, 1-i isə Bərdə rayonunda olmaqla 7 DOST mərkəzinin fəaliyyət göstərdiyi qeyd olunub. Eyni zamanda, Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilin sonunadək 17 regional "DOST" mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulub. (APA)