Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistana kaputilyasiya aktı imzalatdırdıqdan sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdamdan, məhz Ağdam Cümə məscidindən başlamışdı.
“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan istəyirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib”.
Bu sözləri ölkə başçısı İlham Əliyev Ağdama ilk səfəri zamanı söyləmişdi. Dövlət başçısının Ağdam məscidinin qarşısında bu çıxışı onun dini abidələrə verdiyi önəmin bariz nümunəsidir.
Məlumat üçün xatırladaq ki, Ağdam Cümə Məscidi 1868-1870-ci illərdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı əsasında tikilib. Məscid Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsidir. Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma verib. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub, qadınların ibadəti üçün nəzərdə tutulub. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
Məscid abidə kimi Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Cümə məscidi işğal zamanı qismən dağıdılıb. “Associated Press” qeyd edib ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanıb və divarı qraffiti ilə vandalizasiya edilib. Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir.
Ağdam Cümə məscidinə məsul olan şəxs Mehman Nəsibov ötən il APA-ya açıqlamasında bildirmişdi ki, məscid işğaldan əvvəlki dönəmində Qarabağ ərazisində mərkəz rolunu oynamışdı:
“Bütün ətraf ərazilərdən ibadət edən şəxslər, kəbin üçün müraciət edənlər Ağdama üz tuturdu. 1868-ci ildə o ərazidə elə möhtəşəm məscidin tikilməsi onu göstərir ki, o dövrdə orada potensial var idi. Məscid tikiləndə ərazinin potensialı əsas götürülür. Məscidin tikilişi, genişliyi, möhtəşəmliyi onu göstərir ki, o ərazidə yaşayan insanlar ibadət üçün ora gələrmiş.
İnanırıq ki, bundan sonra da Ağdam Cümə Məscidi öz tarixi şöhrətini geri qaytaracaq. Yaradanın bu gününə şükür!
Mina RƏŞİD