"Vətən səsi" xəbər verir ki, yaz aylarında keçmiş məcburi köçkünlərin kütləvi şəkildə doğma yurduna köçürüləcəyi ərazilərdən biri də məhz Xocalı şəhəridir. Hazırda burada 253 mənzildən ibarət böyük bir yaşayış massivinin tikintisi sürətlə davam edir. Laçın şəhərinin mərkəzindən keçən Həkəri çayının sağ və sol sahilində olduğu kimi, Xocalıda da Qarqar çayının ətrafında geniş bulvarın salınmasına başlanıb. Geniş yaşıllıq zolaqlarının salındı gəzinti və istirahət məkanına yaxın ərazilərdə fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur.
Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Yerli sakinlər də quruculuq prosesinə cəlb ediliblər.
Xocalıya köçürüləcək ilk sakinlərin doğma yurdunda məskunlaşdırılması ilə pararlel şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Həmçinin Xocalıda inşa edilən məktəb də bu ilin sentyabrında istifadəyə veriləcək Hazırda məktəbdə son tamamlama işləri görülür.
Xocalının Malıbəyli kəndi də yenidən qurulur. Hazırda burada 123 fərdi yaşayış evində işlər aparılır. Malıbəylidəki “Məhşur üçbulaq” ərazisi də abadlaşdırılır. Bulağın ətrafında yeni park salınacaq. Kəndə qaz, işıq və su xətləri çəkilir. Bu il sakinlərin kəndə köçü planlaşdırılır.
Malıbəylidəki Yeni şəhərcikdə isə müasir tələblərə cavab verən 5 mərtəbəli binalar inşa edilir. Kəndin bərpasında iştirak edən fəhlə və ustaların təxminən 60 faizi elə malıbəylilərin özləridir. Kənddəki məscidin bərpası istiqamətində də işlər görülür.
Elxan SALAHOV