22.11.2024, 21:39
AZ EN
01.02.2024, 12:10 425

Salahlı Kəngərlidə 418 fərdi ev tikiləcək

QARABAĞ
  • Düşmənin viran qoyduğu Salahlı Kəngərli kəndi qısa vaxtda yenidən tikiləcək. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda inşa ediləcək. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Ümumi ərazisi 178 hektara yaxın olan kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

Salahlı Kəngərli kəndində ilkin mərhələdə 150 fərdi yaşayış evi inşa olunacaq. Bununla paralel həmçinin kənddə 480 yerlik məktəb və 80 yerlik uşaq baxçası da tikiləcək.

66 yaşlı kənd sakini Nofəl Əliyev deyir ki, torpaqlarımız işğaldan azad olunmaqla milli kimliyimiz özümüzə qayıtdı. Dəyərlərimiz, yerini tapdı. İndi alnı açıq, üzü ağ gəzə bilirik: "Bu papağı 2003-cü ildə aldım, amma başıma qoymadım. Bu gün ikinci dəfədir ki, başıma qoyuram ki, görüm bu papaq başımda necə qalır. Fikir verirsiniz, görün, necə təp-təzədi. Bura gələndə götürdüm, dedim ki, daha papağımız başımızdadır, papağımızı başımıza qoyaq, elimizə, obamıza gedək".

Düzdür, Nofəl Əliyevin doğma kəndi Salahlı Kəngərli onun qoyub getdiyi yurd deyil. Dağıdılıb, daşı-daş üstündə qalmayıb.

O, xarabalığı xatırladan kəndinə baxıb deyir ki, Allaha and olsun, bu kənd meşə kimi idi, hər tərəf yaşıllıq idi. Qozluq bağı vardı, kənd elə bil meşə idi, evlər görünmürdü, ta kəndin içinə girənə kimi, o təməl daşı qoyulub, ora çatana kimi görünmürdü evlər. Yəni kənd çox gözəl yaşıllıq idi.

Salahlı Kəngərli kəndinə həyatın qayıtması, elm ocağının inşa olunması, kənd sakini Əbdül Quliyevi də bir müəllim kimi çox sevindirib. Deyir ki, bir vaxtlar dərs dediyim şagirdlərin çoxu şəhid olub. Onların arasında Milli Qəhrəman İxtiyar Qasımov da var. Hələ də anlaya bilmirəm ki, elm ocağı necə bu vəziyyətə salına bilər. Bir müəllim üçün bundan ağır heç nə ola bilməz: "Bundan böyük dəhşət nə ola bilər ki... Burda bizim kəndin orta məktəbi olub. Gördüyünüz kimi, məktəbi də darmadağın ediblər mənfur düşmənlər. Məktəb elm ocağıdır. Məktəbin kimə nə zərəri var ki... Amma onunla belə məktəbin indiki mənzərəsini görürsünüz".

"Allaha şükür, torpaqlarımız azad olundu. Mən hər gün fikirləşirəm ki, kəndimizə qayıdacağıq. Kəndimizin sakinləri ilə görüşəcəyik. İnşallah, gəlib burda yaşayarıq",- deyir Əbdül müəllim.

Bəli, Salahlı Kəngərli kəndində məktəb, uşaq baxçası ilə yanaşı, digər sosial obyektlər də inşa olunacaq. Ümumiyyətlə, burda məskunlaşacaq əhalinin rahat yaşaması üçün zəruri olan bütün infrastruktur qurulacaq.

Yeni salınacaq kənddə iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmini məqsədi ilə müxtəlif layihələr də icra ediləcək. Yaşayış məntəqəsinin elektrik enerjisinə tələbatı isə alternativ enerjidən istifadə olunmaqla ödəniləcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər