22.11.2024, 15:18
AZ EN
29.11.2023, 15:49 383

Ağdamın ağ daşı ilə tikilən Sarıcalıdan reportaj

QARABAĞ
  • Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş torpaqlarımıza həyat yenidən qayıdır. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Ağdam rayonunda tikintisinə başlanılan yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. 

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov aparılan işlər barədə məlumat verərək bildirib ki, ilk növbədə, ərazi tikinti tullantılarından təmizlənib, mobilizasiya işləri görülüb, ərazinin vertikal hamarlanması tamamlanıb. Artıq yaşayış evlərinin tikintisinə başlanılıb.

“Sarıcalıda da digər kəndlərdə olduğu kimi istilik, alternativ enerji mənbələrindən istifadə tədbirləri həyata keçiriləcək. Evlər istilik tutumlu olacaq, günəş panelləri quraşdırılacaq. Sarıcalı kəndinin memarlığı digər kəndlərdən fərqlidir. Müxtəlif memarlıq elementləri ilə bəzədilmiş evlər olacaq. Tikintidə Ağdamın ağ daşlarından istifadə olunur. Ağdam sakinləri üçün evlərin Ağdamın ağ daşından tikilməsi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.

Qeyri-yaşayış sahələrinin, yol-kommunikasiya şəbəkəsinin, landşaftın layihələndirmə işləri də artıq tamamlanıb. Övsət Həmidovun sözlərinə görə, Sarıcalı kəndindəki evlər birmərtəbəli olacaq. Kənddə bütün infrastruktur yaradılacaq: “Məktəb, uşaq bağçası, inzibati bina və digər obyektlər inşa ediləcək. İş yerləri üçün kənd ətrafında istehsalat sahələri yaradılacaqdır. İşlərin 2024-cü ilin sonunadək yekunlaşması planlaşdırılır”.

Tikintidə çalışanların əhvali-ruhiyyəsi yüksəkdir. Ağdam rayonundan olan Fəxri Əhmədov işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdiyi üçün qürur duyduğunu deyib: “Mən keçmiş məcburi köçkünəm. Ağdamın Mərzili kəndindənəm, bu gün rayonumuzda aparılan tikinti işlərində iştirak edirəm. Sevinirəm ki, Qarabağın yenidən qurulmasında mənim də əməyim var”.

Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. (AZƏRTAC)

Oxşar xəbərlər