12.07.2025, 09:31
AZ EN
31.07.2023, 17:25 390

Füzuli şəhəri ilk məskunlaşmaya hazırlaşır

QARABAĞ
  • Füzuli şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq yaşayış binaları rayon mərkəzinin bir sıra ərazilərində inşa ediləcək. Hazırda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsi inşa olunur. Binalar 3-4, 5-6, 7-8 mərtəbəli olacaq, eləcə də fərdi yaşayış evlərinin tiknitisi nəzərdə tutulur.

“Vətən səsi” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov FED.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, Füzuli şəhərinin mərkəzində çoxmərtəbəli binalar əsasən 5-6, bəzi ərazilərdə maksimum 8 mərtəbəli olacaq. Hazırda tikilən binalar isə dörd-beş, bəzi hissələrdə altımərtəbəlidir: “Yaşayış binaları dizaynca həm ənənəvi, həm də bir qədər sərbəst olacaq. Binaların planında, görünüşündə, onların ərazidə yerləşdirilməsində də bir fərqlilik və sərbəstlik var. İnsanların fərdiliyinə hesablanmış belə bir yanaşma tətbiq edilir”.

Sədr müavini bildirib ki, Baş Planda nəzərdə tutulan proqnozlara görə, Füzuli şəhərində inşa ediləcək yaşayış binalarına təqribən 23-24 min nəfər məcburi köçkün köçürüləcək.Ümumilikdə Füzuli şəhərində inşa edilməsi nəzərdə tutulan mənzil fondu isə adambaşına 25 kvadratmetr olmaqla hesablanıb. Bu, o deməkdir ki, 50 000 nəfər əhali varsa, ümumi 1,5 milyon kvadratmetr mənzil fondu olacaq. Fərdi evlər üçün ayrılan torpaq sahəsi isə ilkin olaraq ailə üzrə 12 sotdan hesablanıb.

İlqar İsbatov Füzuliyə qayıdış və məskunlaşdırmaya hazırlıq prosesindən də danışıb. O, qeyd edib ki, bu proses üçün 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2026-cı ilə qədər, ikinci mərhələ 2026-2030-cu illər, üçüncü mərhələ 2030-2025-ci illər və nəhayət dördüncü mərhələ 2035-2040-cı illər. Hava limanının, qəbiristanlıq üçün yerlərin ayrılması, həyati əhəmiyyətli digər vacib obyektlər qayıdış və məskunlaşmanın birinci mərhələsinə aid edilir. Bu mərhələdə həmçinin Füzuli şəhərində peşə məktəbi və səhiyyə obyektlərinin qurulması nəzərdə tutulur: “2026-cı ilə qədər ümumi ərazidən 628 hektar ərazi məskunlaşacaq. Ora hər şey daxildir, təkcə yaşayış deyil.  Eləcə də 10 600, yəni təqribən 11 minə yaxın əhali burada olacaq. 2027-2030-cu illərdə isə şəhərdə mədəniyyət mərkəzi tikiləcək. Mədəniyyət mərkəzi ona görə ikinci mərhələdə tikiləcək ki, ona qədər məskunlaşma olsun. 2030-cu ilədək isə şəhərə 25 min əhalinin köçürülməsi planlaşdırılır. Bu o deməkdir ki, 30-cu ilə qədər bütün məcburi köçkünlər, yəni siyahıda olan bütün əhali rayonda yerləşdiriləcək. Nəhayət, 2040-cı ilədək şəhər əhalisinin 50 min nəfərə çatacağını düşünürük”.

Baş Plana əsasən Füzulinin 3 böyük kəndi Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı rayon mərkəzinə birləşdiriləcək. Bundan başqa, bəzi kəndlərin də yerli mərkəzlər kimi bərpa olunacaq. Məsələn, Horadiz, Böyük Bəhmənli, Qaraxanbəyli, Dövlətyarlı, Qarğabazar və başqaları: “Bu kəndləri daha üstün mövqedə planlaşdırmağı nəzərdə tuturuq, yəni burada adi kəndlərdən fərqli olaraq əlavə funksiyalar olacaq. Bəzilərində peşə məktəbi, çoxmərtəbəli yaşayış binaları tikiləcək. Adi kəndlərdə əsasən bələdiyyə binaları, fərdi yaşayış evləri, polis, uşaq bağçası və orta məktəblər, tibb məntəqələri  olacaq. Daha iri kəndlərdə isə peşə məktəbi və poliklinikalar, yanğınsöndürmə məntəqələri, məhkəmə, yaşayış məskənləri, kinoteatrlar,  muzeylər də olacaq”.

Ümumilikdə Baş Plana əsasən Füzuli şəhərində 10-dan artıq məktəb, 150 yerlik Mərkəzi Rayon Xəstəxanası və poliklinikalar tikiləcək. Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, ona bitişik olan səhiyyə ərazisi də ayrılıb ki, bu ərazidə özəl sektor tərəfindən klinika və ya reablitasiya mərkəzi sair inşa edəilə bilər. Bundan başqa, Baş plana əsasən şəhərdə ümumilikdə 25 hektarlıq idman ərazisi nəzərdə tutulub. Bu 17 hektar və 8 hektarlıq hissələrdən ibarətdir.

Şəhərin mərkəzində böyük bir mədəniyyət məhəlləsinin də salınması nəzərdə tutulur. Burada çoxfunksiyalı mədəniyyət mərkəzi, teatr binası, kitabxana və bu tipli bir neçə bina yerləşəcək. Mədəniyyət məhəlləsi təqribən 4 hektar ərazidə yerləşəcək.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də işğal edilmişdi. 2020-ci ilin oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu Füzulini işğaldan azad edib. Artıq 3 ildir ki, erməni işğalından azad edilmiş Füzuli şəhərinə ilk məcburi köçkünlərin məhz avqust ayında geri qayıtması nəzərdə tutulur. İşğaldan əvvəl Füzuli şəhərində yaşayan əhalinin sayı təqribən 23 500 nəfər olub. Şəhərin yeni hazırlanmış Baş Planında isə bu rəqəmin 2 dəfə artırılaraq təqribən 50 min nəfərə çatdırılması proqnozlaşdırılır. Prezident İlham Əliyevin göstərişi ilə şəhərin Baş Planı da bu artım nəzər almaqla hazırlanıb.

İşğaldan əvvəl Füzuli şəhərində 321 hektar məskunlaşma ərazisi olub. Yeni Baş Plan əsasında hazırlanmış müfəssəl layihədə isə bu sahə 1942 hektar nəzərdə tutulur. Lakin hava limanının uçuş zolağına görə Füzuli şəhərinin yeri təqribən 1 kilometr  şimal-qərbə doğru sürüşdürülüb.

Elxan SALAHOV

Oxşar xəbərlər