26.02.2026, 22:13
AZ EN
09.02.2026, 15:44 248

Qarabağın qədim yurd yerləri: Ballıca

QARABAĞ
  • Qarabağ silsiləsinin ətəyində, Ballıca çayının sol sahilində coğrafi mövqeyi, təbiəti və dağları  ilə seçilən Ballıca kəndi Xocalı rayonunun böyük tarixi olan yaşayış məntəqələrindəndir. Ballıca çayı Qarqarın sol qoludur, mənbəyini Ballıca yaylağındakı bulaqlardan aldığına görə belə adlandırılır. Yaylaq isə öz adını burada bitən ballıca, yəni öfkəotu bitkisinin adından alıb.

Ballıca kəndi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndində yaşayanların yaylağı olub. Sonralar köçəri həyat sürən ermənilər də tədricən burada məskunlaşmağa başlayıb. 1992-ci ildə Ermənistan silahlı qüvvələri Xocalıda əliyalın sakinlərə qarşı kütləvi soyqırımı cinayəti törədəndən sonra Ballıca kəndi də işğalçıların tapdağı altında qalıb. Bundan sonra özünü qondarma “Dağlıq Qarabağ Respublikası” adlandıran separatçı rejim Ballıcanın tarixi adını dəyişərək Ayqestan adlandırıb. Bu müddət ərzində Ermənistan respublikası Ballıcada qanunsuz məskunlaşdırma aparıb, kənddə işğalçı ordusu üçün silah anbarı tikib.

2020-ci ilin sentyabrında başlanan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunan yaşayış məntəqələri arasında Ballıca da var. İşğal dövründə ermənilərin burada qurduğu silah anbarı da Azərbaycan ordusunun sərrast zərbələri nəticəsində tamamilə məhv edilib.

Vətən müharibəsinin nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq, Ballıca kəndi qoşunların təmas xəttinə yaxın olduğundan həmin ərazilər müvəqqəti olaraq, Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi də yenidən Azərbaycan ordusunun nəzarətinə qaytarılıb. Bundan sonra kənddə sürətli bərpa-quruculuq işlərinə başlanılıb. Yollar asfaltlanır, yeni yaşayış məhəllələri tikilir infrastruktur bərpa olunur.

“Böyük Qayıdış” proqramı çərçivəsində yenidən qurulan Ballıca kəndində də, necə deyərlər, həyat qaynayır. Bərpa və yenidənqurma işlərindən sonra kəndə ilk ailələrin köçürülməsi isə 2024-cü ilə təsadüf edir. İndiyədək Ballıcaya bir neçə köç prosesi olub, bərpa-quruculuq işləri və sakinlərin doğma yurdlarına köçürülməsi mərhələlərlə davam edir.

Röya SALMANQIZI

Oxşar xəbərlər