Qəsəbənin dəqiq tarixi məlum olmasa da burada qədim və erkən xristian, eləcə də orta əsr dövrünə aid abidilərə rast gəlinir. 1727-ci ildə Osmanlı qaynaqlarında kəndin adı Dizaq nahiyəsinin Hadrud kəndi kimi çəkilib. Çar Rusiyası dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi və 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı olub.
Yerli əhalinin əksəriyyətinin vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət olduğu söylənilir. 1863-cü ildə Hadrutda 438 nəfər adam yaşayıb, 1886-ci ildə onların sayı 1835 nəfərə qədər artıb. Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul olub. O dövrdə burada iki bazar, ikiillik məktəb, əczaxana və teleqraf stansiyası fəaliyyət göstərib. 1979-cu ildə 2173 sakini olan Hadrut qəsəbəsində üzüm emalı zavodu, xalça sexi, mədəniyyət evi, mərkəzi kitabxana və xəstəxananın fəaliyyətə başlaması ilə istehsal və xidmət sahələrinin sırası genişlənib.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1992-ci il oktyabrın 2-də işğal edilən Hadrut 28 ildən sonra düşmən tapdağından azad edilib. Hazırda qəsəbədə bərpa və quruculuq işləri sürətlə davam edir. İndiyədək qəsəbənin elektrik xətləri, 8 su anbarı təmir edilib, içməli su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollar yenidən qurulub. İşğaldan sonrakı azadlığının altıncı ilini qarşılayan Hadrut qəsəbəsinə ilk köç ötən ilin noyabrına təsadüf edib. Hazırda qəsəbədə ümumilikdə 188 nəfər olmaqla 48 ailənin daimi yaşayışı təmin edilib.
Röya SALMANQIZI