Bri kilsəsi Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Dövrümüzə xarabalıq və yandırılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərzində yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç sovməə xarabalığı, mülki tikililərin qalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir.
İsa Musayev