27.07.2024, 09:59
AZ EN
14.06.2023, 13:28 391

Türkiyə Azərbaycana qardaş olduğunu yenə sübut etdi

YAZILAR
  • Azərbaycan və Türkiyə Liderləri iki ölkə arasındakı hərbi-siyasi və strateji müttəfiqliyin bu dəfə daha qabarıq məzmunda gündəmə gətirməyə nail oldular.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bununla bağlı “Vetensesi.az”ın suallarını cavablandırıb.

-Samir müəllim, Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Prezident kimi ilk rəsmi səfərini Azərbaycana etməsini və bu görüşü necə dəyərləndirirsiniz? Təbii ki, bu səfər dünya dövlətlərinin də diqqət mərkəzində oldu.

-Öncə onu deyim ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyədə reallaşan seçkidən sonra Azərbaycana rəsmi səfərini yüksək dəyərləndirmək lazımdır. Çünki  bu görüşün ikili münasibətlərin inkişafı, eyni zamanda regional məsələlər və qlobal səviyyədə  böyük təsirləri olacaq. Onu da qeyd edim ki, bu artıq bir ənənə halını alıb. Həm Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandakı Prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə edir, eyni zamanda Türkiyə Prezidentinin də Kiprə, ordan da Azərbaycana səfər etməsi, əslində Kiprlə Azərbaycanı eyni gözdə görməsi deməkdir. Bu isə cənab Ərdoğanın hər iki ölkəyə yüksək dəyər verməsindən xəbər verir. Əlbəttə, digər dövlətlər tərəfindən də bu ciddi hadisə kimi qarşılandı. Çünki  Türkiyə kimi regional akrotun, yeganə aparıcı aktorun Azərbaycanı bu cür dəstəkləməsi iki dost, qardaş arasındakı münasibətlərin sürətlə inkişaf etməsi, təbii ki, digər dövlətlərin gözardı edəcəyi məsələ deyil. O baxımdan düşünürəm ki,  bu səfər xüsusi önəm daşımaqdadır.

-Bildiyiniz kimi, Sinan Oğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Azərbaycana gəlməsi böyük maraq doğurub. Sizcə, Sinan Oğanın Azərbaycana səfərində onun Türkiyə nümayəndə heyətinin tərkibində yer alacağı ehtimalını doğururmu?

-Sinan Oğanın nümayəndə heyəti tərkibində Azərbaycan gəlməsi, əlbəttə, bu, xüsusi məsələdir. Bildiyimiz kimi, Sinan Oğan İğdıırda  doğulub, amma Azərbaycan əsilli bir ailənin övladıdır və Sinan Oğan Prezident seçkilərində məhz azərbaycanlıların bu qədər istəyini nəzərə alaraq,  Ərdoğana açıq dəstəyini ifadə etdi. Bu da xüsusi önəm daşıyır, yəni burada  Azərbaycan amilinin önə çıxması Sinan Oğan üçün də qırmızı xətt rolunu oynadı ki, onu da biz görürük. Düşünürəm ki, Sinan Oğanın da Ərdoğanla birgə Azərbaycana gəlməsi Ərdoğanın da seçkilərdə Sinan Oğanın ona dəstək verməsi onu xüsusi dəyərləndirməsi ilə əlaqədardır.

-Bundan sonra Türkiyə-Azərbaycan münasibətlərində, strateji tərəfdaşlıqda hansı yeniliklərin, ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən hansı hadisələrin şahidi olacağıq? Təbii ki, Ərdoğanın Azərbaycan rəsmi səfəri Ermənistanın da canına qorxu saldı. Amma ki, bu ərəfədə də separatçılar tərəfindən atəşkəs növbəti dəfə pozuldu. Yaxın günlərdə sülh müqaviləsinin imzalanması xəbərini eşitmək mümkündürmü?

-Ümumiyyətlə, son dövrlər tərəflər arasında bu məsələ ilə bağlı ciddi intensiv əlaqələrin olduğu ilə bağlı məlumat var. Yəni xüsusilə danışıqlar prosesinin sürətlənməsi ilə bağlı. Amma digər tərəfdən sizin də vurğuladığınız kimi atəşkəsin pozulması halları da var. Fikrimcə, belə hadisənin baş verməsi, yəni atəşkəsin pozulması, düzdür, qəbuledilməz bir prosesdir. Amma nəzərə almaq lazımdır ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri həm də ondan xəbər verir və açıq şəkildə göstərir ki, mən Azərbaycanın yanındayam. Bu isə digər dövlətlərə də açıq mesajdır, eləcə də Ermənistana. Güman edirəm ki, Ermənistan tərəfində bu məsələni doğru qiymətləndirə biləcəklər. Ən azından vəziyyəti real qiymətləndirb danışıqlar prosesini sürətləndirəcəklər. Yaxın zamanlarda sülh müqaviləsinin imzalanması mümkündür. Amma bu imzalanma prosesində yenə də təxribat hallarının olub- olmayacağı növbəti mərhələdə müşahidə edəcəyimiz məsələdir.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər