23.12.2024, 19:37
AZ EN
11.04.2022, 13:30 594

Tamaşa bitdi – Modest Kolerov nədən narahatdır?

YAZILAR

Ermənistanın əksər siyasətçiləri və onları dəstəkləyən əcnəbilər qorxu və həyəcan içərisindədirlər: cəhənnəmə vasil olan status məsələsi dünyanın gündəliyindən silinir, Qarabağdakı erməni separatçılarının “puça çıxan arziları” pula işləyən bir neçə amerikalı konqresmendən, avropalı deputatdan və rusiyalı ekspertdən başqa heç kimin vecinə deyil. Rusiya xarici işlər naziri Sergey Lavrovun “Minsk qrupu”nun süquta yetməsini təsdiqləməsindən sonra erməni siyasətçiləri və təhlilçiləri vəziyyətdən çıxış yolu axtarır, “suda batanın saman çöpündən yapışması” sayağı müxtəlif təkliflər irəli sürürlər.

Bu baxımdan “Regnum” informasiya agentliyinin ermənipərəst baş redaktoru Modest Kolerovun açıqlamaları  Qarabağdakı separatçıların sonunun yaxınlaşdığını onun açıq-aydın gördüyünü göstərir.

 News.am xəbər portalının müxbiri ilə söhbətində Modest Kolerov deyib: “Biz bilirik ki, rəsmi İrəvan Qarabağdan de-fakto və de-yure imtina edib, yalnız humanitar baxımdan ora iqtisadi dəstək verir. Ancaq, əlbəttə, iqtisadi yanaşma da var. Əgər minlərlər, on minlərlər erməni Ermənistana qaçmağa məcbur olsa, onda İrəvanın indi Qarabağa verdiyi 130 milyard dram  üçqat və dörd-beş qat artıq məbləğə çevriləcəkdir. Ermənistan o pulu verir ki, həmin problemləri öz daxilində həll etməli olmasın. Anlaşılandır. Bu, tamamilə ağlabatandır və pis bir iş də deyil. Ancaq daha başqa amillər ki yoxdur”.

 M.Kolerov sual verir: Fransa və ABŞ nə edirlər, kimə və nəyə kömk göstərirlər? Onun bu suala cavabı da maraqlıdır: “Heç nəyə. Heç kimə. Onlar, əlbəttə, İrəvana öz başlıca vəzifəsini yerinə yetirməkdə - Rusiyadan uzaqlaşmaqda kömək edirlər. Əgər dünən Ermənistanın xarici işlər naziri ilə Lavrov bir-birinə nəvazişlə gülümsəyirlərsə, bu, bizi aldada bilməz.  Bu bir nəzakətdir. Rusiyanı Qarabağ məsələsindən kənara atmaqla İrəvan, ilk növbədə, Qarabağın perspektivlərini öldürmək və erməni dövlətçiliyi üçün intihar yolu ilə gedir, çünki Ermənistanın dövlətçiliyinin taleyi Qarabağın taleyindən birbaşa asılıdır. Onlar mövcud olacaqlar, amma müstəqil dövlət olmayacaqlar. Ermənistan Türkiyə və Azərbaycanın protektoratı olacaq”.

M.Kolerov fikrincə, Azərbaycanın bu yaxınlarda irəli sürdüyü bütün məsələlərin Ermənistan hakimiyyətini qane etməsi təsadüfi deyil. “Onlar deyirlər ki, Qarabağ haqqında nəsə əlavə etməklə bu məsələlər bizi qane edir. Vəssalam. Tamaşa bitdi. Bu vəziyyətdə Rusiya onlara lazım deyil. Bundan da artığını deyin: Rusiyanın problemləri çoxdur. Biz bunların hamısını görürük, bilirik, amma Ermənistana və Qarabağa ilk növbədə Rusiya lazımdır. Ermənistanın Rusiya üçün dünyada hansısa tarixi rol oynadığı barədə nağı danışmağa lüzum yoxdur. Oynamır. Dürüst olmaq lazımdır. Gümrüdəki baza? Onun nə rolu var? Kimi qoruyur o? Rusiyanı? Yox! Rysiyanın Abxaziyada, Cənubi Osetiyada bazaları var. Bu, gerçəklikdir.  Rusiyada Ermənistan haqqında danışan o 5-7 adam, ekspert, sözün pis mənasında yox, sadəcə say baxımından heç nədir. Xırda bir azlıqdır. Rusiyanın digər çoxlu problemləri var”. M.Kolerovun fikrincə, separatçı rejimin yaşaması üçün ermənilər Moskvada yatıb-durmalı, mövcudluqlarına pis-yaxşı inam doğurmalıdırlar. İnandırmalıdırlar ki, separatçıların marağı Rusiya vətəndaşlığı, rus mədəniyyətinin mövcudluğu və digər bu kimi məsələlərdir.

M.Kolerov xatırladıb ki, Rusiya sülhməramlılarının mandatı 4 il sonra başa çatır. O deyib: “Bu mandat BMT-də Azərbaycan tərəfindən indiyədək rəsmiləşdirilməyib, bu təfərrüat uğrunda erməni tərəfinin də mübarizə apardığını görmürəm... O heç gündəlikdə də yoxdur. Bu barədə heç kim danışmır, heç iyi-tozu da yoxdur...” İki ildən sonra, mandatın başa çatmasına iki il qalmış separatçıların başçısı Araik Arutunyanın istefaya gedəcəyini vurğulayan M.Kolerov deyir: “Siz təsəvvür edirsinizmi bu nə deməkdir?” O, separatçıların lideri aradan çıxandan sonra kiminlə işləmək mümkün olacağı barədə sual verir. M.Kolerovun qənaətinə görə, Ermənistanda heç kim bu barədə düşünmür.  Ekspert fikrini belə yekunlaşdırır: “Mən bu məsələnin sürətli faciəvi inkişafını gözləyirəm. Düzünü deyəcəyəm, məni 99 faiz Qarabağ maraqlandırır, çünki Ermənistan dövlət çevrilişi və sonuncu seçkilər zamanı öz seçimini edib: Paşinyana səs verib”.  

Əslində, separatçıları sidq-ürəklə dəstəkləyən M.Kolerovun sözlərində həqiqət var. Ermənistan öz hayındadır və Qarabağdakı hayların oyuncaq rejiminin nazı ilə oynamağa halı qalmayıb. Üstəlik, Rusiya da bir ovuc separatçıya görə müttəfiqlik münasibətlərində olduğu Azərbaycanla əlaqələrə xələl gətirmək istəməz. M.Kolerovun yalnız bir təklifini məqbul saymaq olar: Qarabağda yaşamaq istəməyən və Azərbaycanın suveren hüquqlarına kəm baxan ermənilər Rusiya çölllərində yatıb-durmağa hazırlaşmalıdırlar. Başqa yol yoxdur...

Əlixan ƏLİZADƏ

Oxşar xəbərlər