21.11.2024, 21:47
AZ EN
09.04.2022, 12:40 213

Brüssel razılaşmasında əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür

YAZILAR

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində artıq yeni Brüssel formatı yarandı. Aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib. Komitə sədri qeyd edib ki, ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Onun nəticəsidir ki, aprelin 6-da reallaşan Brüssel görüşü sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasını nəzərdə tutur.

Deputat vurğulayıb ki, danışıqlarda əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Sözügedən fakt onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Bu reallıq regionda Azərbaycanın hərbi, iqtisadi, ticari və siyasi üstünlüyünün, Prezident İlham Əliyevin Liderliyinin göstəricisidir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. (AZƏRTAC)

Oxşar xəbərlər