"Bizim üçün təəssüf doğuran məqam ondan ibarətdir ki, bu fikirləri səsləndirən şəxs məhz Azərbaycana qarşı əks-mövqedə dayanan və özü də türk əsilli olan bir şəxsdir.
Qanında türk qanı var, lakin görünür ki, onun milli kimliyi və bağlılığı tam olaraq türk ruhunu əks etdirmir ki, bu cür açıqlamalar verir. Elə bil ki, Volker Türk ya bu gün, ya da bütövlükdə regionumuz üçün aktual məsələlərdən xəbərsizdir, yaxud tarix bilgisi yetərli deyil. Xüsusilə də Ermənistan rəsmilərinin - istər Levon Ter-Petrosyanın son vaxtlar yayılan çıxışında Qərbi Azərbaycan türklərinin deportasiyasına toxunması, istərsə də Serj Sarkisyanın BBC-yə verdiyi müsahibədə "biz dinc əhalini ona görə məhv etdik ki, onlar başa düşsünlər ki, biz zarafat eləmirik" kimi fikirləri ilə bağlı məlumatlı deyil. Volker Türk tamamilə absurd və qərəzli yanaşma sərgiləyir".
Bunu mətbuata açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloq bildirib ki, bununla yanaşı, düşünürəm ki, BMT-nin özü qəbul etdiyi insan hüquqları prinsiplərinə zidd mövqe sərgiləyir: "Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlar dünyanın müxtəlif dairələrində birmənalı qarşılanmır. Lakin kim necə qəbul edirsə-etsin, Azərbaycan dövləti öz siyasətini dövlət maraqları nöqteyi-nəzərindən həyata keçirir və insan hüquqlarını BMT-nin qəbul etdiyi qanunlar və qərarlar çərçivəsində təmin edir. Bu baxımdan, belə açıqlamaların səsləndirilməsi birbaşa BMT-nin nüfuzuna ziddir.
Bunu da nəzərə almaq lazımdır ki, BMT beynəlxalq təşkilat olsa da, fəaliyyəti qeyri-effektivdir. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə dörd qətnamə qəbul etsə də, onların icrasını təmin edə bilmədi. Halbuki bəzi ölkələrə dair qəbul edilən qətnamələr bir neçə saat ərzində icra edilir. Bu, BMT-nin bəzi güclərin əlində siyasi alətə çevrildiyini açıq şəkildə göstərir. Bu baxımdan, Volker Türkün açıqlamaları da məhz müəyyən siyasi mərkəzlərin, xüsusən də erməni lobisinin və diasporunun maraqlarına xidmət edir".
Tahirə AĞAMİRZƏ