Bunu politoloq Turan Rzayev açıqlamasında deyib.
O, qeyd edib ki, bu gün geosiyasi vəziyyət və reallıqlar Kiyevin əleyhinədir. Buna görə mövcud şərtlərə uyğun addım atmaq lazımdır. Bəli, bu, hətta müəyyən ərazilərin itkisi hesabına olsa belə.
Azərbaycan da vaxtilə Ukraynanın bu gün içərisində olduğu durumla üzləşmişdi: "Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Özü də bu gün Ukraynaya yardım edən ölkələrin bir çoxu Ermənistana yardım edirdi. Yəni, təklənmişdik.
Xoşbəxtlikdən 1994-cü ildə Ulu Öndər Heydər Əliyev ağıllı davranaraq iradə nümayiş etdirdi və o dövrün şərtləri ilə atəşkəs razılaşmasının əldə edilməsinə nail oldu. Bu addımı o dövr üçün məğlubiyyət sayanlar vardı. Lakin Azərbaycan 44 günlük müharibə və lokal xarkaterli antiterror tədbirləri ilə torpaqlarını işğaldan azad etdi.
Zelenski də bu gün eynən bunu etməlidir. Ukrayna bu gün müəyyən ərazilərini itirə bilər. Amma Rusiyanın ilk büdrədiyi an hərəkətə keçə bilər. Unutmamaq lazımdır ki, Rusiyanın başında heç də həmişə Stalin, Putin kimi şəxslər olmur. Həm də Mixail Qorbaçov, Boris Yeltsenlər də ola bilir.
Ola bilsin, Volodimir Zelenski Ukraynanın torpaqlarını işğaldan azad etməsini görməyəcək. Amma mütləq bir gün Ukrayna xalqının yetişdirəcəyi bir başqa şəxs buna nail olacaq.
Bu gün Zelenskidə olmayan məziətlərə sahib bir lider çıxıb torpaqları işğaldan azad edəcək. Ədalət topaldır, yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır".
Politoloq daha sonra əlavə edib ki, əmin olduğum bir digər məsələ də budur ki, ABŞ-ın Rusiya ilə işi hələ bitməyib. Bunu görmək üçün H. Kissincer olmağa ehtiyac yoxdur. Vaşinqton üçün hazırda prioritetlər dəyişib. Amma gec-tez ABŞ diqqətini yenidən Rusiyaya yönəldəcək. Bu dəfə Ukrayna qurban yox, qalib olacaq!
Tahirə AĞAMİRZƏ