22.11.2024, 12:58
AZ EN
09.11.2024, 17:15 152

Dörd il əvvəl Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan danışıqlar masası arxasında istəyinə nail oldu

YAZILAR
  • Dörd il əvvəl noyabrın 10-da Azərbaycan Prezidentinin qətiyyətli iradəsi, ordumuzun gücü qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan 30 il davam edən işğala döyüş meydanında son qoyaraq tarixi torpaqlarını işğalçılardan azad etdi, beynəlxalq hüququn tələblərinə əsaslanan ədaləti bərqərar etdi.

Bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Deputat qeyd edib ki, 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin sərsəm bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Bu cavab milli şüara çevrildi, xalqımızı “Dəmir yumruq” ətrafında birləşdirdi. Xalqımızın milli maraqlarını siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi, Ordumuzun gücü, milli həmrəyliyimiz sayəsində Vətən müharibəsində Qələbə təmin edildi.

“Noyabrın 8-də Qarabağın mirvarisi Şuşa şəhərinin, noyabrın 9-da isə 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-ə yaxın yaşayış məntəqəsinin qəhrəman Ordumuz tərəfindən azad edilməsi düşmənin ağ bayraq qaldıraraq, təslim aktını imzalamasını şərtləndirdi”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanması ilə Ordumuz Kəlbəcərə, Ağdama və Laçına bir güllə atmadan, itki vermədən daxil oldu. Kəlbəcər və Laçının relyefi, Ağdamda düşmənin qurduğu istehkamlar, minalanmış ərazilər əlbəttə bu torpaqlarımızın siyasi-diplomatik yolla qaytarılmasının əhəmiyyətini daha da artırır. Biz heç bir itki vermədən Kəlbəcər, Laçın və Ağdama qayıtdıq. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istəyinə nail oldu.

Deputat qeyd edib ki, ötən dövr ərzində Ermənistanın Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq istəyinin şahidi olduq. Ermənistan hansısa dairələrin dəstəyinə arxalanaraq, Azərbaycan ərazilərində mövcudluğunu saxlamağa cəhd göstərirdi. Belə ki, sənədə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu öhdəliyindən yayınmağa cəhdlər edir, təxribatlar törədirdi. Buna cavab olaraq, ötən ilin sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyuldu, ölkəmizin dövlət suverenliyi də tam bərpa edildi.

“Beləliklə, imzalanmış Bəyanat Ermənistanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoymaqla yanaşı, bölgədə əməkdaşlığa, sülhə əsaslanan yeni reallıqlara yol açır”, - deyə deputat vurğulayıb.

Azərbaycanın bu gün “Böyük Qayıdış” proqramını uğurla icra etdiyini söyləyən Mircəlil Qasımlı bildirib ki, Prezident İlham Əliyev noyabrın 8-də Zəfər parkının açılışında bir daha Azərbaycanın müharibə istəmədiyini bəyan edərək deyib: “Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar. Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur”. Təbii ki, Ermənistan Azərbaycan Prezidentinin bu çağırışından nəticə çıxarmalı, silahlanmaya son qoymalı, regional əməkdaşlığa, sabitliyə, inkişafa töhfə verəcək yol seçməlidir. (AZƏRTAC)

Oxşar xəbərlər