Bunu Ülvi Quliyev deyib.
O, bildirib ki, iyulun 11-dən etibarən Pakistanda dövlət səfərində olan Prezident İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasındakı münasibətlərə özəllik verən bu məqamı xüsusi olaraq vurğuladı: “2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.
Ü.Quliyev sonra qeyd edib ki, Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri əyani şəkildə onu da nümayiş etdirdi ki, ölkələrimiz arasında qardaşlığa və səmimiyyətə söykənən münasibət, sözün bütöv mənasında, qarşılıqlıdır: "Bu gerçəkliyin ərsəyə gəlməsində obyektiv tarixi köklərlə yanaşı, Liderlərin qətiyyətli mövqeyi və siyasi iradəsi əhəmiyyətli rol oynayır. Pakistan Ermənistanın işğalçılıq siyasətini ilk gündən qətiyyətlə pisləyib, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum dörd qətnaməsini 27 il ərzində israrla müdafiə edib və bu illər ərzində mənəvi-siyasi dəstəyini ölkəmizdən əsirgəməyib. Öz növbəsində, Azərbaycan da üzləşdiyi təzyiqlərə, ərazi bütövlüyü ilə bağlı həll etməli olduğu problemin mürəkkəbliyinə və Pakistan əleyhinə düşərgədəki böyük dövlətlərin mövqeyinə baxmayaraq, həmişə qardaş ölkəyə dəstək verib və BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələrini ardıcıl şəkildə müdafiə edib. Dövlətimizin başçısı İslamabadda səsləndirdiyi növbəti açıqlaması ilə beynəlxalq birliyə bir daha bəyan etdi ki, Azərbaycan, həmişə olduğu kimi, mövqeyinə sadiqdir: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir... Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Prezident İlham Əliyevin Pakistana dövlət səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi dünyaya həm də bu mesajı verdiyini önə çəkən Ü.Quliyev onu da bildirib ki, əməkdaşlığımızın əhatə dairəsi getdikcə daha da genişlənir. Ənənəvi əməkdaşlıq sahələrinə, o cümlədən müdafiə sənayesindəki tərəfdaşlığımıza artıq ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri, mədəniyyət və humanitar kimi yeniləri əlavə olunur. İlkin mərhələdə 9 təsnifat üzrə güzəştli ticarətin tətbiqi nəzərdə tutulur. Heç şübhəsiz ki, bütün bunlar, ələlxüsus, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatında səsləndirdiyi bu fikir tarixi Zəfərimizi həzm edə bilməyən dairələr üçün heç vaxt unutmayacaqları bir mesaj oldu: “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”.
O da şəksizdir ki, Pakistanın hava məkanında Azərbaycan Prezidentinin təyyarəsini qardaş ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin qarşılaması və eniş edənədək onu müşayiət etməsi Qalib Azərbaycanın Müzəffər Lideri Prezident İlham Əliyevin şəxsiyyətinə göstərilən xüsusi ehtiramın ifadəsidir: "Bu səhnə Azərbaycanda hər kəsi nə qədər qürurlandırdısa, əmin olun ki, bədxahlarımızı da bir o qədər məyus etdi. Bir daha onların hər birinə xatırlatdı ki, əsrlərə söykənən və hətta XXI əsrdə imtina etmədikləri ayrı-seçkilik və bölücülük siyasəti Haqqın və ədalətin, qətiyyətli Lider gerçəkliyi və Xalqın etimadı qarşısında həmişə acizdir", - deyə Ü.Quliyev vurğulayıb.
Tahirə AĞAMİRZƏ