Müxalif deputat Artur Vanetsyanın mandatdan imtina etməsi barədə ərizəsindən sonra onun özünə yeni komanda təşkil edəcəyinə dair fikirlər də müxtəlifdir. Digər müxalif deputatlar parlamentdə təmsil olacaqlarını və onlara etimad etmiş seçicilərin ümidlərini doğruldacaqlarını bildirsələr də «Şərəfim var» fraksiyasının üzvlərinin bir neçəsinin də neytiral mövqeyə keçəcəyi gözləniləndir. İyunun 23-də Ermənistan hökumətində növbəti iclas keçirilərkən də bu barədə söhbət gedib. İclasdakı məsələlər sırasında mövcud durumda yeni manevrlər edilməsi barədə səslənən fikirlər isə populizmdən başqa bir şey deyil. Ermənistan prezidenti Vahaqn Xaçatıryanın ictimai televiziyaya müsahibəsindəki bəzi fikirləri revanşits müxalifətin açığına gəlsə də, bir sıra ekspertlər tərəfindən müsbət fikir kimi dəyərləndirilir. Qarabağla bağlı jurnalistin sualına cavab verən erməni prezident müxalifəti ağıllı olmağa çağırıb. O, deyib: «Biz realist olmalıyıq. Biz siyasəti və diplomatiyanı populizmdən və bayağı çıxışlardan fərqləndirməliyik. Ölkəmiz üçün məsuliyyət daşıyan və danışıqlar prosesində iştirak edən adamları öz imkanlarından məhrum etmək lazım deyil. Baş nazir bu barədə açıq fikir bildirib və mən onun sözünün dəyərini, məntiqini başa düşürəm». O, daha sonra əlavə edib ki, «arsax» hər kəsin ürəyindədir. Amma indiki reallıq şəraitində manevrlər edilməsi üçün populizmə ehtiyac yoxdur».
Erməni prezidentinin bu fikirləri müxalifəti yeni «manevrə» sövq edib. Belə ki, iyunun 21-23-də Xankəndi, Əsgəran, Xocavənd, Ağdərə rayonlarında yaşayan ermənilərlə, separatçı qurumun sabiq rəhbərləri, «fraksiya» nümayəndələri, «ictimai siyasi fəallarla» görüşən, Paşinyan tərəfdarlarının İşxan deyil, Eşxan adlandırdığı Sağatelyan və daha bir neçə müxalif deputat Ermənistanda məqsədlərinə çatmadığına görə, Qarabağdakı separatçıların gücündən istifadə etmək arzusundadırlar. Erməni deputatların Qarabağa icazəsiz gəlməsi isə əlbəttə rus sülhməramlılarının «fəaliyyətinin» göstəricisidir və bunun başqa sözlə şərhinə ehtiyac yoxdur.
Erməni müxalifətinin Paşinyanın komandasına qarşı hücumları təkcə siyasi mövzuda olmur. Onlar «Vətəndaş müqaviləsi» üzvlərini, xüsusilə həmin fraksiyadan olan deputatların ünvanlarına korrupsiya ilə bağlı ittihamlar da səsləndirirlər. «Hraparak» qəzetinin 23 iyun tarixli sayında dərc olunmuş «Vətəndaş müqaviləsinin üzvləri kirayəyə ev verirlər» sərlövhəli yazıda bildirilir ki, Rusiyanın Ukraynaya hücumundan sonra hər iki ölkədən Ermənistana xeyli adam gəlib və onlar həm də kirayə evlərdə məskunlaşmağa məcburdurlar. Paşinyanın vəzifəli tərəfdarları və partiyadaşları müxtəlif qeyri-qanuni pul hesabına, əsasən, İrəvanda və Dilicanda evlər alıb, onları Rusiya və Ukraynadan gələnlərə kirayəyə verirlər. Erməni ekspertlərindən biri isə vurğulayır ki, kimsə öz evini kiməsə kirayəyə verirsə, bunun heç bir kəsə, xüsusi ilə hakimiyyət iddiasında olanlara aidiyyatı yoxdur. Ekspert daha sonra əlavə edir ki, keçmiş iqtidarların Ermənistanın bir çox şəhərlərində mülkləri var və onların müsadirə edilməsi çoxdan gözləniləndir.
Bəzi politoloqlar Ermənistan Respublikasının seçki məcəlləsində dəyişikliklər edilməsi üçün də zərurət yarandığını bildirirlər. İyunun 23-də səhər saatlarında Ermənistan parlamentinin dövlət quruculuğu və hüquqi məsələlər komissiyasında sözügedən məcəllədə dəyişiklik olunması üçün dinləmələr keçirilib. Deputat Artur Qazinyan bildirib ki, 30 ildə seçki məcəlləsində dəfələrlə dəyişikliklər edilib, amma buna indi də ehtiyac vardır. Deputat fikrini belə əsaslandırıb ki, 2021-ci ilin iyununda keçirilən seçkilər zamanı 600 min adamın səsini qazanan Paşinyan və komandası hakimiyyətdədir. Bu isə 2 milyondan çox seçicinin fikrinin nəzərə alınmaması deməkdir. O, təklif edib ki, seçki məcəlləsində hər bir vətəndaşın seçkidə məcburi iştirakının vacibliyi təsbit olunmalıdır. Əgər kimsə seçkidə iştirak etmirsə, o, cərimələnməlidir. Deputatın bu fikirləri bəzi ekspertlər tərəfindən də dəstəklənir və vurğulanır ki, hər bir vətəndaş dövlətçiliklə bağlı mühüm tədbir olan seçkidə iştirak etməli və öz rəyini bildirməlidir.
Göründüyü kimi, ermənilər bir-birini yeni mövzularla və yeni üsullarla tənqid və təhqir etməkdədir. Ağa qara demək onların genetik xüsusiyyəti olduğundan bundan sonra da qarşılıqlı təhqirlərin olacağı da şəksizdir.
Nəsib QARAMANLI