Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Laçın yolu ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi xahişi ilə BMT-yə müraciətini İrəvanın bu beynəlxalq qurumu manipulyasiya alətinə çevirmək cəhdi kimi qiymətləndirib.
Azərbaycan tərəfdən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistan tərəfdən xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak edəcək.
Politoloq Samir Hümbətov mətbuata açıqlamasında bildirib ki, BMT 1992-ci ildən bəri çıxartdığı dörd qətnaməni icra etmədi. Ermənistanın tələbi ilə BMT-nin Azərbaycan ərazisi ilə bağlı hər-hansı bir qərar çıxartmasının özü BMT qanunlarına və prinsiplərinə ziddir: "Çünki, bu, bir dövlətin suveren ərazisinə daxil olmaqdır. Bu isə yolveriləz bir məsələdir. Ona görə də, indiki halda bu məsələnin müzakirəyə çıxarılması qanunsuzdur. Azərbaycana qarşı burada hər-hansı bir sanksiyanın qəbul edilməsi asan məsələ deyil. Bizim də BMT-də yaxın tərəfdaşlarımız var. Məsələn, bunlardan biri Azərbaycan üçün çox önəmli bir tərəfdaş olan Böyük Britaniyadır. Amma istənilən halda Azərbaycan tərəfi başa düşür ki, BMT hansı niyyətləri güdür və bunun nəticələri nə ola bilər. Düşünürəm ki, bu kimi müzakirələr Azərbaycana qarşı hər-hansı bir təhdid predmenti ola bilməz”, - deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ