Qarabağdakı separatçı rejimin başçısı erməniləri geri çəkilməməyə və rəsmi Bakının tələblərini qəbul etməməyə çağırdı
“Vətən səsi” xəbər verir ki, Arutunyan bu çıxışı ilə bağlı hələ bir həftə əvvəl anonslar vermişdi. Guya o, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında yaşayan etnik ermənilərin taleyi ilə bağlı son dərəcə vacib və taleyüklü məsələlərə aydınlıq gətirəcək.
Qarabağdakı separatçı rejimin qondarma rəhbərinin bu çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən də maraqla gözlənilirdi. Çünki Arutunyan dəfələrlə anonsunu verdiyi bu çıxışdan sonra Qarabağ ermənilərinin gələcək taleyinin müəyyənləşəcəyinə işarə etmişdi. Hətta Ermənistandan humanitar yük daşıyan TIR-ların “Laçın” sərhəd buraxılış məntəqəsində gözlədiyi bir vaxtda baş separatçının real vəziyyətə əsaslanaraq aylardır davam edən mürəkkəb şəraitin nizamlanması, yaranmış problemlərdən çıxış yolu kimi praqmatik təkliflər irəli sürəcəyi gözlənilirdi. Ancaq separatçı quldur dəstəsinin rəhbəri bu dəfə də gözləntiləri doğrultmadı və əksinə, erməniləri rəsmi Bakının tələblərinə qarşı “daha sərt mübarizəyə hazır olmağa” səslədi.
Arutunyan özünün və ətrafının girovluqda saxladığı sadə erməniləri “genosid”, “etnik təmizləmə”, “humanitar fəlakət” kimi ifadələrlə növbəti dəfə aldadaraq deyib ki, hazırkı vəziyyətdən yeganı çıxış yolu Azərbaycan dövlətinin şərtləri ilə razılaşmamaq və “mübarizəni” davam etdirməkdir. O, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinə vasitəçilik edən beynəlxalq qurumlara və iri dövlətlərə də ismarış göndərib: “Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”.
Politoloq Asif Nərimanlı Araik Arutunyanın Xankəndidəki yerli televizyada çıxışı zamanı söylədiklərini şərh edərkən belə deyib: “Araikin sözlərindən çıxan nəticə belədir ki, erməni separatçılarının öz mövqelərindən geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur. Amma baş separatçı bundan sonra nə edəcəklərini, yaxud edə biləcəklərini də deməyib. Ümidlərini hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər. Lakin Rusiyadan da, Qərbən də, Ermənistandan da artıq əllərini üzüblər. Araik bildirir ki, Bakının Laçın yoluna post qura biləcəyini düşünmürmüşlər. Əliyev “Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir” deyəndə elə bilirmişlər ki, blef edir. İndi nə edəcəklərini özləri də bilmir. Əvvəl Brüssel görüşünə ümid etdilər, nəticə olmadı. Daha sonra Moskvada nəticə əldə olunacağını gözləyirdilər, o da olmadı. İndi isə BMT Təhlükəsizlik Şurasının onları xilas edə biləcəyini ümid edirlər”.
Arutunyanın çıxışından göründüyü kimi, separatçılar etiraf edirlər ki, Qarabağda “humanitar böhran”ın yaranmasına, guya ac-yalavac qalan ermənilərə dəstək üçün Ermənistandan göndərilən yük avtomobillərinin sərhəddə dayanması və bunun ətrafında baş verən təxribatlara səbəb Laçın yolunun bağlanması deyil, Azərbaycanın birgəyaşayış təkliflərini qəbul etməməkdir.
Elxan SALAHOV