27.07.2024, 08:43
AZ EN
05.04.2023, 13:00

Rəqəmlərin rəqsi və Aprel döyüşləri

Şərif AĞAYAR

  • Doğrudan da rəqəmlərin mistikası var. Onların qəribə düzülüşü bizə dürlü-dürlü həqiqətlər çatdırır. Arif olanlar bu həqiqətləri oxuya bilirlər.

Aprel döyüşləri 4 gün çəkdi, ikinci Qarabağ savaşı isə 44 gün. Aralarındakı fərq 4 ildir: 2016-2020. Aprel döyüşlərinun əfsanəvi qəhrəmanlarından biri, Murov qartalı kimi tanınan kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov 44 yaşında şəhadət zirvəsinə yüksəldi.

O zaman bəndənizin də 40 yaşı vardı və döyüşlərdən az sonra Raquf Orucov haqqında reportaj, onun ardınca kitab yazmalı oldum. Qarşıma heç bir məqsəd-filan qoymamışdım. Hər şey öz-özünə alınırdı. Sanki sirli bir qüvvə bir-biri tamamlayan hadisələr zəncirini düşünülmüş şəkildə idarə edirdi.  

Dediyim kimi, döyüşlər yenicə bitmişdi, şəhid və qazilər haqqında mətbuatda çoxsaylı yazılar yayımlanırdı. Əməkdaşı olduğum APA Media Qrupu da bu istiqamətdə aktivlik göstərir, xalqın qəhrəman oğullarını ona tanıdırdı. Bir gün rəhbərlik Raquf Orucovdan da yazı vermək qərarına gəldi və bu işi mənə həvalə etdilər. Məmnuniyyətlə getdim. Atası, qardaşları, həyat yoldaşı və oğlanları ilə görüşdüm. Çalışdım ki, fərqli bir yazı yazım. Elə də etdim.

Bu yazı sonralar Raquf Orucov haqqında roman yazmağıma bir vəsilə oldu.

İgid zabitimizin ömür yolu da həm həyatda, həm romanda 4 hissəyə ayrılır: birinci Qarabağ savaşı dövrü, Murov dövrü, zabit olduğu dövr, Aprel döyüşləri.    

4... 40... 44... Rəqəmlərin bu ilahi düzülüşü təsadüfdürmü? Məncə, yox. Sadəcə biz qanunauyğunluğunu tapa bilmədiyimiz hadisələri təsadüf adlandırırıq.

Raquf Orucovun həyatı, Aprel döyüşləri və onun şəhadəti haqqında bir illik araşdırmadan sonra bu nəticəyə gəlmişdim: bir gün Qarabağ torpaqlarını geri alsaq, bu Raqufun və Raquf kimilərin çəkdiyi zəhmət bahasına olacaq.

Zəhmət, dalınca da şəhadət...

Bir gün mən deyənlər baş verdi. Doğrudan da Azərbaycanın Raquf Orucov kimi ləyaqətli oğullarının zəhməti və ölümün üstünə şax getməsi sayəsində Şuşaya qədər gedib çıxdıq. Mənim özümün doğulduğum Laçın torpağını isə döyüşdə məğlub olan düşmən qoşunu sülh şəraitində, bir damla qan tökülmədən tərk etdi. Və Laçının azad olunmasından düz 4 ay sonra tale mənə öz kəndimizə, öz həyətimizə getməyi nəsib etdi.

Raquf Orucovun şəxsində simvollaşdırdığımız 4 günlük Aprel döyüşləri 44 günlük Zəfər müharibəsinin başlanğıcı idi. Bu döyüşlərlə Azərbaycan iki böyük həqiqəti həm işğalçıların, həm də bütün dünyanın diqqətinə çatdırdı:

1. Biz aradan nə qədər vaxt keçir keçsin torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayacağıq.

2. Ata-baba yurdumuzu işğaldan azad etməyə iqtidarımız çatır.

Düşmənin ağlı olsa, Aprel döyüşlərindən sonra dərhal danışıqlara başlayar, işğalda saxladığı əraziləri müharibəsiz tərk edərdi. Çünki onların mifləşdirdiyi “Ohanyan səddi” bir neçə saatın içində darmadağın edilmişdi. Qarşı tərəf ölkəmizin hərbi qüdrətini görmüşdü. Güc elə şeydir ki, onu bircə anda da nümayiş etdirmək mümkündür. Hətta bəzən nümayiş etdirmədən də kimin nəyə qadir olduğu aydınca görünür.

Bəli, zəfərə gedən yol Aprel döyüşlərindən başladı.

Bu fikir aprelin 4-də Heydər Əliyev Sarayında təşkil olunan gecədə də dəfələrlə səsləndi.

Tədbir “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Dövlət Televiziyasının media tərəfdaşlığı ilə keçirilirdi. 

"Ümid günəşi" adlanan ədəbi-bədii gecə dövlət himninin sədaları ilə başladı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Çıxış üçün ilk sözü “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi rəhbəri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əliyeva söylədi.

Böyük əməllər unudulmamalı, hər zaman örnək kimi gəncliyə göstərilməlidir. Bu mənada Aprel döyüşlərinin tarixdəki əhəmiyyəti böyükdür. Heysiyyəti tapdanan, qadınları, uşaqları, qocaları amansız vəhşiliyin qurbanı olan, kəndləri, şəhərləri viranəyə dönən, meşələri yandırılan, tarixi abidələri vandalcasına məhv edilən, məscidlərinə donuz qatılan bir məmləkətin həqiqət hayqırtısı ədalətsiz dünyanın nizamsızlığına bir etiraz idi. Amma 90-cı illərdən fərqli olaraq bu etiraz peşəkar döyüş hazırlığı ilə həyata keçirilirdi. Ona görə nəticə verdi. Düşmənin 23 il ərzində tikib-möhkəmləndirdiyi sədlər bir gecənin içində darmadağın edildi. Qarabağdan qaçaqaç başladı. Dinc ermənilər bu illər ərzində aldadıldığını yəqin eləmişdi.

Əslində, Aprel döyüşü dayanmadı, bir neçə illik fasilə verərək 2020-ci ilin sentyabrında davam etdi.

Bütün bunları Sevinc xanım öz qısa çıxışında söylədi və şəhid xanımından çox mübariz bir qadın kimi danışdı.

İki övladını Qarabağda şəhid verən Ziba Əsgərlinin çıxışı da, bütün kədərli notlarına baxmayaraq, mübarizə əzmi ilə dolu idi. Onun övladları bu yolu bilərək seçmişdilər. Nurlan vətənin bəqası üçün Aprel döyüşlərində şəhid oldu, İntiqam onun qisasını almaq üçün Zəfər müharibəsinə yollandı. Bir gün isə onun ölüm xəbəri gəldi. Bir ana üçün dözülməz itkidir. Lakin bu ölümlər boşuna getmədi. Vətənin azadlığına gətirib çıxan ən ağır dərdlərin təsəllisi özündən əvvəl gəlir.  

Növbəti çıxışçı Aprel döyüşlərin canlı şahidi idi: Xüsusi Təyinatlıların ehtiyatda olan zabiti Əhliyyət Mehdiyev. O, xeyli duyğulanmışdı. Çünki tədbirin gedişi boyu səhnədəki böyük ekranda Aprel döyüşlərində şəhid olan soydaşlarımızın fotoları nümayiş edilir, müharibədən kadrlar göstərilirdi. Və bu insanlar, bu kadrlar Əhliyyət bəyə çox doğma idi. Çünki özü də bu fotodakı adamların yanında, bu kadrlarda göstərilən hadisələrin içində olmuşdu. Ona görə nə o kadrları unuda bilirdi, nə o fotoları. İnsanları da unutmamağa çağırırdı. Bizim şəhidlər qarşısında yeganə vəzifəmiz onları unutmamaqdır.

Çıxışların ardınca səhnə musiqiçilərin və qiraətçilərin ixtiyarına verildi. Səmimi vətənpərvər çıxışlar zalı öz təsiri altına saldı. Zaldakı qələbəlik isə təkcə himn çalınanda ayağa qalxmadı, şəhid xanımını da, şəhid anasını da, Aprel döyüşlərinin veteranını da ayaq üstə alqışladı.     

Bu səpkili tədbirləri Aprel döyüşlərindən və 44 günlük müharibədən əvvəl çox görmüşük, lakin qələbədən sonra himnin də, bayrağın da, vətənpərvər şeirlər və musiqilərin də təsir gücü inanılmaz dərəcədə çoxalıb. Elə bil bayrağımız da əvvəlkindən fərqli dalğalanır. Çünki ifa olunanların və deyilənlərin altında böyük bir gerçəklik var: Qələbə!

O qələbə ki, uğrunda ölüm-dirim savaşı Aprel döyüşlərindən başlamışdı.