Dünya ədalətsizdir. Bunu şərq klassikləri öz şeirlərində dəfələrlə yazıblar. Biz isə məcazi və irfani ədalətdən yox, konkret hüquqi prosedurdan danışırıq.
Yadınızdadırsa, Ukraynaya hücum başlayanda bütün Qərb dünyası anındaca ayağa qalxdı və işğalçı tərəfə hər cür təzyiqlər başladı. Həmin vaxt mütəxəssislər dil-boğaza qoymadan bir vacib həqiqəti söylədilər: Gürcüstan hadisələrinə analoji reaksiya verilsəydi, işlər gəlib bu həddə çatmazdı.
Məncə, biz bir az da qabağa getməliyik. Lap 90-cı illərə... Dünya həmin vaxt haqqın-ədalətin yanında durmalıydı. Bir az obrazlı desək, tərəqqipərvər bəşəriyyət Xocalı hadisəsinə düzgün qiymət vermədiyi üçün Tanrı tərəfindən cəzalandı. İndi o, nüvə təhlükəsindən rəncidədir.
Haqlı olaraq deyilə bilər ki, 90-larda dünyanın geosiyasi vəziyyəti indiki kimi deyildi. Elə mətbuat da bugüngü kimi çevik fəaliyyət göstərmirdi. Razıyam. Lakin necə olur, Xocalı hadisələrindən düz 77 il əvvəl, 1915-ci ilə iddia olunan qondarma erməni soyqırımı bəzi dövlətlərin ali orqanlarında müzakirəyə çıxarılır, lakin dünən gözümüzün qabağında baş verən bu boyda hadisə gözardı edilir. Halbuki dünyanın ən aparıcı mətbuat orqanları bu haqda yazıb, yüzlərlə kitab və broşür buraxılıb, beynəlxalq komissiyalar və müşahidəçilər hadisə haqqında təfərrüatı əlinin içi kimi bilir.
Faciənin şahidlərinin də çoxu həyatdadır. Onları tapmaq və tanıtmaq üçün dağa-daşa düşmək lazım deyil, “googl”da “Xocalı faciəsi” yazıb axtarışa vermək kifayətdir.
30 ildir “Xocalıya ədalət!” deyib hayqırırıq, lakin bu ədalətin heç “ə” hərfini də görməmişik. Əlbəttə, vəziyyətin bu həddə gəlib çatmasında bizim də günahımız var, lakin ən böyük günah dünyanı idarə etmək iddiasında olan dövlətlərdə, aidiyyatı beynəlxalq təşkilat və qurumlardadır. Lap mən dərdimi lazımı səviyyədə deyə bilmirəm, bəs sənin insafın harda qalıb?
Hadisələrdən xəbərdar olanlara sirr deyil ki, Xocalının dağıdılmasında sovetdən qalma 366-cı alay da iştirak etmişdi. Alaya daxil olan əsgərlər özlərini elə ermənilər kimi aparmış, Azərbaycanı tərk edib gedəndə öz silah və texnikasını da onlara hədiyyə etmişdi.
Və bu gün müharibədə böyük zəfər qazandığımız halda Xocalıya yenə gedə bilmirik. Xocalı sülhməramlı rus əsgərlərinin nəzarətindədir. Doğrudur, onlar buraya qanunsuz gəlməyiblər. Məlum üçtərəfli 8 noyabr müqaviləsinin şərtlərinə uyğun olaraq nəzərdə tutulan ərazilərdədirlər. Lakin bizim, silahlı qüvvələr bir yana, humanitar aksiya keçirən dinc vətəndaşlarımızı da öz ərazimizə buraxmamaq sülhməramlıların vəzifə səlahiyyətinə daxil deyildir. Xocalı Azərbaycanın suveren ərazisidir, biz ora, əgər cəmiyyət üçün açıqlanmış əlahiddə səbəb yoxdursa, istədiyimiz vaxt gedə bilərik. İllah da silahsızıqsa. Əlimizdə yalnız mikrofon və kamera varsa.
Bəzən təkcə Xocalı ilə bağlı deyil, sülhməramlıların nəzarət etdikləri digər bölgələrlə bağlı da absurd hadisələrin şahidi oluruq. Hərdən rəsmi şəkildə erməni silahlı birləşmələri tərəfindən atəşkəsin pozulduğunu bəyan edilir. Halbuki 8 noyabr müqaviləsinin şərtlərinə əsasən Ermənistana məxsus silahlı qüvvələr Azərbaycanın suveren ərazilərindən çıxıb-getməli idilər və bu proses rus əsgərlərinin Xankəndiyə gəlməsi ilə eyni vaxtda baş verməli idi.
Xocalı faciəsi o qədər dəhşətli bir hadisədir ki, bu rayonun adını çəkən kimi istər-istəməz diqqət bu hadisəyə yönəlir. Bir növ faciənin güclü alovlarının kölgəsində Xocalı ilə bağlı digər həqiqətlərə o qədər də diqqət etmirik. Amma faciənin 31-ci ildönümündə, xüsusilə də Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbəsindən sonra və bu rayondakı təbii sərvətlərin talan edilməsi ilə bağlı dinc aksiyanın iki aya yaxın davam etdiyi vaxtda bəzi faktlara diqqət yetirməkdə fayda var.
Xocalı 50 kənddən ibarət ərazicə böyük bir rayondur. Ağdam sərhədlərindən Laçına – Qırxqız dağınacan uzanıb gedən fərqli relyefli unikal təbiəti var. Başı Alp çəmənliyi, ortası meşə zolağı, aşağısı yarım-arandır. Bir rayonda az qala Azərbaycanın bütün iqliminə rast gəlmək olur. Bu üstünlük əhalinin yaşayışı üçün ağlagəlməz imkan deməkdir. Xocalı həm əkinçilik, həm heyvandarlıq, həm meşəçilik üçün unikal bir diyardır. Üstəgəl, təbii sərvətlər və maddi-mədəni abidələr... Strateji əhəmiyyətini isə bircə faktla qeyd etmək kifayətdir: yuxarı Qarabağda yeganə aeroport Xocalıda yerləşir. Şəhər Xankəndi ilə Ağdamdan təxminən eyni uzaqlıqda, Bakı-Şuşa yolunun üstündə yerləşir.
Yəqin çoxu bilmir ki, Xocalıda Azərbaycanın başqa yerlərində rast gəlinməyən məxsusi qəbirüstü abidələr vardır. İngiliscə “Menhir” adlanan bu abidə növü qəbilə dövrünə aiddir. “Menhir” sözü “Uzun daş” deməkdir. Söhbət ölən qəhrəmanların qəbrinin üstünə qoyulan abidəyə bənzər uzun daşlardan gedir. Qədim inanca görə insan öləndə ruhu bədənindən çıxıb bu daşa hopur və orda əbədi yaşayır. Ulu əcdadlarımızdan gələn bu inanc qəlbimizin dərinliklərində hələ də yaşamaqdadır. Bizi otuz il sonra o yerlərə səsləyən də bu daşlaşmış əbədi ruhlardır. Ona görə yolumuzu heç kim kəsə bilməz: nə sülh məramlılar, nə də müharibə məramlılar...