Xocalı faciəsinə müasir dünyamızda baş verən proseslər baxımından yanaşarkən bir daha təsdiq edilir ki, soyqırım heç də təsadüfən törədilməyib. Beynəlxalq aləmdə baş verən dünyəvi qarşıdurmalar, məqsədli müharibələr də onu göstərir ki, siyasi maraqlar naminə insan həyatları qurban verilir, məqsədli şəkildə həyata keçirilən layihələr güc mərkəzləri tərəfindən idarə olunur, yaşadığımız dünyada yeni bir düzən xəritəsinin çəkilməsi labüd görüntülərlə diqqət mərkəzindədir. Çox təəssüf ki, müasir dövrdə elmin, texnologiyanın inkişafı bir sıra hallarda bəşəriyyətin özünə qarşı istifadə edilir, insan cəmiyyətinin normal həyat prinsipləri uyğun qanunlarla tənzimlənmir, bu da olduqca mürəkkəb vəziyyətlər yaratmaqdadır. Dünyanın əşrəfi insan hesab edilsə də, sanki ucuzlaşma - insanın ölümünə səbəb olan davranışlar dünyanı bürüyərək sərhədi keçilməz dairəyə çevrilməkdədir.
Hələ 1991-ci ildə SSRİ-nin süqutu, bu vəziyyəti yetişdirən ideoloji planlar, yerli icra orqanları tərəfindən himayə olunaraq ictimai formasiyanın dağıdılmasına və qarşıdurmaya səbəb olan ekstremist qüvvələrin meydana gəlməsi və çağırışlar tamamilə kənar qüvvələr tərəfindən həyata keçirilən qlobal planın tərkib hissəsi idi, idarə olunması mümkün olmayan şəraitin yaradılmasına tam zəmanət verirdi. Elə buna görə də 1988-ci ilin fevral ayında Xankəndidə erməni separatçı qüvvələri xarici ideoloqların və daxili istinad mənbələrinin köməyi ilə Azərbaycanın və İttifaqın qanunlarını kobudcasına pozaraq dövlət quruluşunu dəyişməyə, ərazi bütövlüyü prinsiplərinə etimadsızlığa çalışdılar, movcud dünyada beynəlxalq birgəyaşayış və insan hüquqları sahəsində qanunlara əməl etmədilər, siyasi arenada qarşıdurmaya səbəb olan şəraitin formalaşmasına təkan verdilər. Təbii ki, sonralar baş verən bütün siyasi-iqtisadi, hərbi qarşıdurmalar əvvəlcədən düşünülmüş uzunmüddətli planın tərkib hissəsi olaraq bu günümüzdə daha aydın görünür.
Dünyanın müxtəlif ölkələrində yaşayan təşkilatlanmış erməni lobbisi tərəfindən himayə olunan Ermənistan dövləti tərəfindən qonşu dövlətə - Azərbaycanımıza qarşı yönəldilmiş işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizindən çox ərazisinin uzun müddət işğala məruz qalması onu təsdiq etdi ki, coğrafi ərazi, geopolitik siyasət postsovet dövründə ucqarlarda vəziyyəti gərginləşdirməyə hesablanmış, qarşıdurmaların tədricən, planlı şəkildə mərkəzə doğru hərəkətinə gətirib çıxaracaq strategiya ilə müəyyənləşdirilmişdir. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərə, soyqırıma hələ də beynəlxalq hüquq normalarına uyğun şəkildə tam mənada qiymət verilməməsi ikili standartların açıq təzahürüdür.
1991-ci ilin sonundan etibarən Kəlbəcər, Şuşa, Laçın, Ağdam istiqamətində erməni silahlı dəstələri, terror qruplaşmaları dinc azərbaycanlı əhaliyə qarşı hər cür təzyiqlər, güc və zorakılıq törətməyə başladılar, əvvəllər qrup şəklində törətdikləri vəhşiliklər daha kütləvi xarakter daşıdı, xarici havadarlarına arxalanaraq ərazi iddiaları bütövlükdə Azərbaycan xalqının dövlətçiliyinə qarşı yönəldildi. Şuşanın Malıbəyli, Quşçular, Meşəli, Cəmilli və digər yaşayış yerlərimizdə dinc əhaliyə qarşı törədilmiş cinayətlər, belə hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməməsi və ya qüvvələr nisbətində olan qeyri-bərabər vəziyyət Qaradağlı, sonradan isə Xocalı faciəsinə gətirib çıxardı. 1992-ci ildə ardıcıl olaraq Ağdaban, Ballıqaya soyqırımları, Başlıbel faciəsi də erməni-daşnak terror birləşmələrinin xalqımıza qarşı törətdikləri cinayətlərin davamı idi.
Bəli, Xocalı faciəsi soyqırımdır, erməni silahlı qüvvələri və Ermənistan dövləti tərəfindən törədilən, yüzlərlə azərbaycanlının qətlli ilə nəticələnən bəşəri cinayətdir, insanlıq əleyhinə törədilmiş ən qatı millətçiliyin, vəhşiliyin təsdiqidir. İnanıram ki, Xocalıya tam mənada ədalət prizmasından hüquqi qiymət verilməsi üçün münbit zaman yetişəcək, lakin hazırki beynəlxalq proseslər, siyasi gedişlər yeni müstəvilərdə cərəyan edir, əsas məqsədlər başqa istiqamətlərə yönəldilmiş, Ukrayna-Rusiya arasındakı müharibə şəraitində yeni bir dövrün başlandığı və anormal münasibətlərin formalaşdığı müşahidə olunur. NATO və Avropa Birliyinin silahlanma və təcavüzə qarşı birgə mübarizə sahəsində planları aydındır. Dünyada təbliğ olunan demokratik dəyərlər, sivilizasiyanın qarşılıqlı anlaşma şəraitində yaşayış prinsipləri silah və döyüş gücünə arxalanmaq siyasəti nəticəsində yeni bir baxış formalaşdırmışdır, barışıq və sülhə aparan yollara müxtəlif vasitələrlə siyasi don geyindirilir, bu isə stabillik yaratmaq baxımından ziddiyyət təşkil edir.
Azərbaycan öz müstəqil dövlətçiliyini bərpa edib, beynəlxalq miqyasda ilk addımlarını atarkən xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı bu günümüzə kimi aktual qalaraq xüsusi ədalətli qiymət verilməsi baxımından gündəlikdədir, o, siyasi, iqtisadi, hərbi gücə malik Azərbaycan dövlətinin ilkin inkişafına qarşı hesablanmış ən məkrli planlardan biri idi. Avropaya qədər uzanan neft və qaz kəmərlərinin çəkilməsi, neft-qaz hasilatı üzrə beynəlxalq müqavilələrin bağlanması, perspektiv planların həyata keçirilməsi yolunda Qarabağımızda törədilən terrorları, cinayətləri, işğalçılıq siyasətini əvvəlcədən düşünən ermənilər, onlara havadarlıq edənlər Xocalı faciəsini törətməklə Azərbaycan xalqını qorxu içərisində saxlamağa, onun dövlətçiliyini uğursuzluğa yönəltməyə çalışırdılar. Son iki yüzillik tarixdə xalqımıza qarşı qırğınlar törədən ermənilər qədim Azərbaycan torpaqları hesabına özlərinə dövlət qurmağa nail oldular, böyük planlarını ardıcıllıqla həyata keçirmək arzuları da, bu mövqeyi dəstəkləyən dövlətlərin maraqları da heç kimə sirr deyil. Qarabağımızın ərazisində törədilən cinayətlərin miqyasını daha da genişləndirərək ətraf rayonların da işğalını həyata keçirmək istəyən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq daha geniş əraziləri tutmağa can atırdılar. Tərtər, Goranboy, Bərdə rayonlarını da daim atəş altında saxlamağa çalışan işğalçı Ermənistanın daha böyük məqsədlərə çatmaq arzusuna isə 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində qazanılmış tarixi qələbəsi son qoydu. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün xalqın yekdil birliyi, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, Müzəffər Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir, uzun müddət keçməsinə baxmayaraq beynəlxalq miqyasda qəbul edilmiş, lakin yerinə yetirilməmiş BMT qətnamələrinin icrasına nail oldu. Bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistan dövlətinin ərazisindən uzaq məsafəni vuran raketlərlə beynəlxalq neft kəmərlərinin keçdiyi ərazilərin hədəfə alınması, əslində, müstəqilliyimizin ilk illərində ölkəmizə qarşı ərazi iddiası irəli sürən, xalqımıza qarşı soyqırım törədənlərin, bu işə rəvac verənlərin planlarının tərkib hissəsi idi.
Azərbaycan gəncliyi azad olunmuş Qarabağımızda şanlı tarix yazdı, Xocalı faciəsini törədənlər və onların havadarlarının döyüş meydanında layiqli cavabını verdi, lakin bu son deyil. Xocalı faciəsi zamanı həyatlarını itirmiş hər bir xocalılının yaşadığı vətən torpağının azadlığına qovuşacağı, narahat ruhların dolandığı səmada rahatlıq tapacağı gün çox uzaqda deyil, hər gün atılmış addımlar bizləri bu məqsədimizə də çatdıracaqdır.
Nə qədər zaman ötsə də, bütövlükdə xalqımız Xocalı qurbanlarının xatirəsinə hər zaman böyük ehtiramla yanaşır, onların ildönümünü qeyd edir. Bu günlərdə qardaş Türkiyənin məruz qaldığı zəlzələ və onun genişmiqyaslı vurduğu ziyan, tələfat da xalqımız tərəfindən doğma hiss olaraq qəbul edildi, zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək göstərilməsində xalqımız birlik nümayiş etdirdi.
Qazanılmış uğurlar, əldə etdiyimiz Zəfər isə azad olunmuş torpaqlarımızda yeni, uğurlu həyatın başladığından xəbər verir.
Qəlbimizdə, əbədi zirvələrdə yaşayan, Xocalı faciəsi zamanı həlak olmuş insanlarımıza, vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Qədirbilən xalqımız tərəfindən sizlər heç vaxt unudulmayacaqsınız!