Odur ki, həyəcanla tez yazının müəllifi “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədli ilə əlaqə saxlayıb, Aidənin telefonunu istədim. Çox sağ olsun, Qalib müəllim, onun telefonunu mənə verdi və bununla da Xocalıda başına müsibətlər gəlmiş qonşu qızının heç olmasa səsini duymaq istədim. Zəng elədim, 30 ildən sonra iki qonşu bir-birimizlə danışdıq və uşaqlığımız bir film kimi gəlib gözlərimiz önündən keçdi.
Biz tərəflərdə bir-birimizi əzizləmək mənasında analarımızdan gözəl bir söz qalıb yaddaşımda – “Başına dönüm”. Elə ürəyi dağlı qonşu qızıyla da, bu sözlərlə salamlaşdım... Doğrusu, o da, bu zəngə çox təəccübləndi. Axı aradan onilliklər keçmişdi... Ona gərə də, birinci onu necə tapdığımı soruşdu. Sonra gözəl kəndimizi xatırladıq, daha sonra dünyadan köçənlərimizi...
Aidə xanım “İgidliyə görə” medalı ilə təltif edilmiş Xocalı şəhidi Ziyadxan Allahverdiyevin həyat yoldaşıdır. Aidə Allahverdiyeva 1964-cü il iyulun 5-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1987-ci ildə Xocalı sakini Ziyadxanla ailə həyatı qurub. 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecədə onun bütün arzuları yanıb kül olub, ürəyinə sağalmaz yaralar vurulub. Xocalı soyqırımında Aidənin həyat yoldaşı şəhid olub, qaynatası, bir qaynı, qaynının oğlu itkin düşüb, iki qaynı, qaynanası erməni əsirliyində olub.
Aidə xanım o müsibətli günləri belə xatırlayır. Deyir ki, yoldaşım Ziyadxan Xankəndidə sürücü işləyirdi. Ermənilər dəfələrlə ona təzyiq göstərərək işinə mane olurdular. Buna baxmayaraq, hadisələrin ən qızğın vaxtlarınadək o, işini davam etdirdi. Hətta bir dəfə erməni quldurları Ziyadxanın və başqa üç nəfər azərbaycanlının qarşısını kəsərək, onları üzərlərinə benzin tökərək yandırmaqla hədələmişdilər...
Ziyadxan Xocalı Özünümüdafiə taboruna yazılmışdı. Vətənpərvər, torpağına bağlı, qorxmaz oğullardan idi. Soyqrımı axşamı soyuqdan-şaxtadan yeriyə bilməyən, yorulub taqətdən düşən qocalara, uşaqlara kömək edib.
Ziyadxanı son dəfə görən həmyerlimiz deyir ki, o, ayağından güllə yarası almışdı. Buna baxmayaraq, sonadək avtomatını yerə qoymadı. Şahidlər deyiblər ki, döyüş zamanı Ziyadxanın yaxınlığında avtomat səsləri eşidilib. Bundan sonra onu görən olmayıb...
“Qayınlarım da, torpaqlarımızın keşiyində dayanmışdılar. Mirzəylə Elşən erməni silahlılarına əsir düşərək 18 gün erməni zindanında işgəncələr görüblər. Mirzənin barmağını “sən bu barmaqlarla bizə güllə atmısan” – deyərək, kəsmişdilər. Hər iki qaynımın dişlərini çəngəllə çəkib çıxartmışdılar...
Qaynanam Məleykə Mövsüm qızı da, bir gün erməni əsirliyində olub. Məleykə xala əsirlik vaxtı oğullarının da, əsirlərin arasında olduğunu öyrənib. Onun gözlərinin qarşısında çoxlu əsir öldürdüklərinə görə, övladlarının salamat qalacaqlarına inamı qalmayıb. Əsirlikdə insanların başına gətirilən müsibətləri görən ana şükür edib ki, yaxşı ki, gəlinləri erməni quldurlarına əsir düşməyib...
Qayınlarım elə bir vəziyyətdə gəlib çıxdılar ki, onları tanımaq mümkün deyildi. Aldıqları işgəncələrin yeri, mənəvi zərbələri indi də, qalmaqdadır. Ziyadxanın şəhid olmasından qardaşları əsirlikdən azad olunduqdan sonra xəbər tutdular. Bu xəbər onlar üçün çəkdikləri işgəncələrdən də, ağır oldu...
Qaynanam Məleykə xala, qaynatam Salah kişi, qaynım Novruz, Novruzun 18 yaşına çatmamış oğlu Mahir camaatla birgə canlarını qurtarmaq üçün Kətik meşəsinə tərəf üz tutmuşdular. Salah kişi İkinci Dünya müharibəsində gözündən əlil olmuşdu. O, camaatdan xeyli arxada qaldığı üçün Mahir nənəsinə deyib ki, mən babamı qoyub gedə bilmərəm. Bir qədər sonra ermənilər dinc sakinləri gülləbaran ediblər. Camaat pərən-pərən düşüb”.
Xocalıyam, dağam mən,
Ürəyi dağ-dağam mən.
Gərək düşmən üstünə
İldırımtək çaxam mən!
İndi Sizcə, bu qədər ağrı-acı ilə yaşayan insanlardan daha çox Vətən Müharibəsində qazandığımız Zəfərə sevinən ikinci bir adam olarmı? Bax, Aidə xanımın da, Zəfər sevinci belə möhtəşəmdi. Çünki o, bu böyük Zəfərlə şəhidlərimizin də, qisasının alındığına ürəkdən sevinir.
Bu gün Qarabağa Böyük Qayıdışımızla şəhidlərimizin ruhlarının rahatlıq tapacağını düşünür və həyat yoldaşının şəhid olduğu yerə gedib o müqəddəs torpağı ziyarət etmək istəyir...
Bəli, indi Xocalı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olsa da, tezliklə Aidə xanım kimi, bütün xocalılar öz doğma ata-baba yurdlarına dönəcəklərinə inanırlar. O gün çox da uzaqda deyil!