26.04.2024, 01:33
AZ EN
02.02.2023, 12:05

Gənclik Zəfər deməkdir!

Mina RƏŞİD

  • Gənclik güc, qüvvət, işıq, inam, gələcək deməkdir. Gənclik cəmiyyətin sütunu, onun hərəkətverici qüvvəsidir. Gənclik böyük, yenilməz bir Ordudur. O ordu ki, bizə böyük ZƏFƏRİ bəxş elədi. Bu gün Azərbaycanın qürur duyduğu  gəncliyi var. Bu gənclik dağlar kimi əzəmətli, sel kimi böyük bir gücə malikdir. Azərbaycan gənci özünün kimliyini 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində qazandığı Zəfərlə bütün dünyaya bəyan elədi. Bütün dünya Azərbaycan gəncliyinin qazandığı Zəfəri heyranlıqla izlədi.  Düşmən ölkələr belə, bunu üzə vurmasalar da, öz aralarında Azərbaycan gənclyindən numunə götürməyin vacib olduğunu paylaşdılar...

Bu gün gəncliyin günü, gənclərin bayramıdır. Bu günün əlamətdar olması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1997-ci ildə Ümummilli liderimiz fevralın 2-nin “Gənclər günü” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət, qayğının bir nümunəsi, həm də ona olan böyük inamın göstəricisi idi. Qeyd edək ki, “Gənclər günü” MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Bu o dövr idi ki, çoxları belə məsələlərə diqqət ayırmağı vacib saymırdı. Ancaq uzaqgörən, böyük qəlbi olan Ulu Öndərimiz gənclərin birliyini, onların Azərbaycan naminə gücünü, gəncliyin timsalında Vətənin işıqlı sabahını yaxşı görürdü...

Ulu Öndərimiz hakimiyyəti dövründə həmişə gəncliklə bir olub, gəncləri öz bacarıqlarına görə önə çəkib. O, çıxışlarında Azərbaycan gəncliyinə böyük inam bəslədiyini vurğulayırdı: “Siz müstəqil Azərbaycanın nə qədər çətinliklə başa gəldiyini dərk edərək onun gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm!”, “Bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti bizim gənclərimizdir. Sizsiniz, əziz Azərbaycan övladları!”

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev də gənclərimizi, onları bütün sahələrdə uğurları ilə dəstəkləyir. Ölkə başçısı 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin böyük Zəfərlə başa çatmasında gəncliyin gücünü yüksək dəyərləndirir, gənclərimizlə qürur duyduğunu deyir.

Prezident İlham Əliyev fəaliyyəti dövründə Azərbaycan gənclərinin hərtərəfli inkişafına öz töhfəsini verib. Belə ki, 2005, 2007, 2017-ci illərdə “Azərbaycan gəncliyi dövlət proqramları” qəbul olunub. 2011-ci ildə “Gənclər fondu” yaradılıb. 2013-cü ildə ilk dəfə olaraq Gənclər üçün Prezident mükafatı təsis edilib. 2017-ci il “Gənclər ili” elan edilib. 2017-2021-ci illərdə “Azərbaycan gənclərinin inkişaf strategiyası” təsis edilib.

Ölkəmizin başçısı çıxışlarında gəncliyə müraciətlə deyir ki, gənclər milli ruhda tərbiyə almalı, dəyərlərimizə hörmətlə yanaşmalıdırlar. Öz dövlətçiliyimizi, milli maraqlarımızı hər şeydən uca tutaraq xarici qüvvələrin təsirinə düşməməlidirlər.  

Bəli, biz bu gün alnıaçıq, üzüağ bir-birimizin üzünə baxa bilirik. Çünki biz məğlub yox, qalib bir ölkənin vətəndaşlarıyıq. Bizə bu böyük Zəfəri bəxş edənlərdən biri də, Vətən uğrunda savaşan Şəhid, Qazi və Veteran gənclərimizdir. Gənclik Zəfər deməkdir! Eşq olsun Azərbaycan gənclərinə!