26.12.2024, 20:50
AZ EN
30.01.2023, 16:12

İlanın başı əzilir

Nəsib QARAMANLI

Bir dostum var, özü demiş, bilmədiyi şeyə ipək qurdu düşər. Bir də görürsən elə danışır, elə proqnozlar verir ki, adam az qalır onu Nobel mükafatına namizəd göstərsin. O mükafatın pulu da bizdən gedib axı. Amma bilirsən ki, haylar dərhal deyəcək ki, bizim Vartan Voskanyana da mükafat verin, axı, bacımız İranın da orda dollara dönən tümənləri var. Bax, həmin o dostum bir az qabaq zəng eləmişdi, dedi ki, qardaş, gərək mənə bir xaş qonaqlığı verəsən, dedim nəyə görə, dedi ki, sən həmişə tənqid etdiyin ilanın başı əzilir, bax onu muştuluqladığım üçün. Bir az fikirləşdim ki, axı mən ilan nədi, heç qurbağanı da tənqid etməmişəm, bu məni kimləsə səhv salır. Amma demədim. Həmin dostum başladı danışmağa, dedi ki, bəs hayların mətbuatı yasa batıb ki, yanvarın 28-30-da cənub qonşumuzun bir neçə şəhərinə kim nə atıbsa, partapart düşüb, bir yanğın olub ki, ilan vuran yarıb ilanlılar yata bilməyib. Haylar da elə bir vay-şivən başlayıblar ki, firəng bacıları da onlara qoşulub və BMT- nin Ali Məhkəməsinə elçi göndəriblər ki, hayların Azərbaycana qarşı iddiası əsassız olsa da tez bir qətnamə çıxarın, sonra isə 1979-cu ildən bəri üzdə küsülü olduğum, amma həmişə eyni saqqızı çeynədiyimiz ilanın işinə baxın, sədrsə hay olsun. Yenə fikirləşdim ki, bu dostuma nə olub, bəlkə, it tayfadan düşməmiş gedib tuluğunu doldurub, amma demərəm axı. Dostumsa yenə danışmaqda idi, deyirdiki, bir gənc qızın saçının ucu göründüyünə görə 4 aydan çoxdu ki, bir vurhavur var, görməsən yaxşıdır. Nikolun Annası isə təzəcə kosmetoloqdan çıxmış saçlarıyla məsciddə elə nazlandı ki, mollanın yadına Parisdəkilər düşdü.

İndi Anna hayların mediasına nə deyibsə, hamı hay-həşir salıb ki, ay aman, qoymayın ilan dağılır, ilanın başı əzilir, özü də günahkar Bakıdır.

Dostum axırda dedi ki, qağa, zarafat edirdim, qonaqlığı özüm verəcəm, özü də ilana yaxın rayonda.

Birdən yadıma düşdü ki, dostum dil açandan bəri "r" hərfinin əvəzinə "l" deyir. Kimsə adını soruşanda Lza deyir, amma yazanda Rza yazır.