19.04.2024, 11:54
AZ EN
08.04.2022, 09:00

Qarabağ filmlərinin gənc peşəkarı

Şərif AĞAYAR

Xəstə yatağından qalxa bilməyən yaşlı kişi işğal altındakı rayonlarının azad olunma xəbərini gözləyir. Lakin hələ 44 günlük zəfər müharibəsinə çox var. Bu səbəbdən efirdən belə bir xəbərin verilməsi mümkün deyil. Gözü yolda, qulağı səsdə qalmış xəstə atanın biznesmen oğlu son anda atasına sürpriz edir: o, televiziya kanallarının biri ilə danışaraq qələbə xəbəri verən çəkiliş aparır, çıxışı qeydə alaraq atasının baxdığı televizorla yayımlayır. Hətta küçədə “köç tamaşası” da qurur. Xəbəri efirdən dinləyən ata pəncərədən küçəyə baxır. Hamı qaçqın qəsəbəsindəki ayın-oyununu maşınlara yığıb vətənə “qayıdır”...

Bu qeyri-adi süjet gənc rejissor Amil Amalın “Qara bağ” filmindəndir. Ad oxşatması da təsadüfi deyil. Yaşlı kişi ayağı yer tutan vaxtlarda qəsəbənin yaxınlığında bitən ağaca ip bağlayıb, doğma vətənə qayıtmasını niyyət edib. Qarabağ düyünü dilək ağacına bağlanan qara iplə simvolizə olunub.

Filmdə insanların doğma vətənlərinə qayıtmaq arzusu ovudulmazdır. Çünki reallıqda da belədir. Xüsusən, insan yaşlanıb bu dünyaya əlvida dediyi vaxt doğma yerlərdə dəfn olunmaq istəyi ürəyində qövr eləyir. Məşhur bayatıda deyildiyi kimi:

Qəriblik əsər eylər

Baş yastığa yetəndə...

Amil Laçında doğulub. 1989-cu ildə. Təbii ki, 3 yaşında çıxdığı üçün o yerləri xatırlaya bilməz. Lakin vətən təkcə xatırlamaqla yada düşmür ki! Ağlın kəsdi-kəsmədi ətrafındakılardan hər şeyi eşidirsən: itkin düşənlər, şəhid olanlar, yoxsulluq və xəstəlik girdabına yuvarlananlar, yurd-yuva həsrəti ilə can verənlər... Amil də hamı kimi evdə-eşikdə, qohum-əqrəba arasında vətən sızıltısının şahidi olub. “Qara bağ” filmi də bu müşahidənin, bu yaşantının nəticəsidir. 

Film Mədəniyyət və Turizm Nazirliyinin gənc kinematoqrafçıların yaradıcılığını inkişaf etdirmək məqsədi ilə keçirdiyi “Bu meydan, bu ekran!” layihəsində qalib olmuşdu. Az keçməmiş ssenarinin çəkilişinə başlandı və layihənin ən yaddaqalan filmlərindən oldu.

Bugündən baxanda həm də filmdə utopik elementlər görürük. Qarabağın azad edilməsindən başqa əlacımız yoxdur, əks halda ən doğma adamlarımızı aldatmaq məcburiyyətində qalacağıq. Bir gün dilək ağacımıza vurulmuş Qarabağ düyünü – Qara bağ düyünü mütləq açılmalıdır.

2020-ci ilin sentyabrında bu düyün çözülməyə başladı və bir ay, on dörd gün sonra aparıcılarımız efirdən, eynən filmdəki kimi, qəhərdən boğula-boğula rayonlarımızın azad olunma xəbərini çatdırdılar. Bu dəfə yalandan deyil, gerçəkdən...

Amil Amalın ikinci filmi də Qarabağ mövzusundadır. Gənc rejissorun bu dəfəki qəhrəmanı döyüşçüdür. Adlara xüsusi əhəmiyyət verən Amil yenə də bütün süjeti ehtiva edən bir ad seçib: “Titrəmə”.

Film bu yaxınlarda “CinemaPlus" və Azərbaycan Kinematoqrafçılar İttifaqının gənc rejissorların filmlərin tanıdılması məqsədi ilə birgə keçirdiyi layihə çərçivəsində “Azərbaycan” kinoteatrında yerli tamaşaçılara təqdim olundu. Təqdimat mərasimində iştirak edən rejissor moderatorun və tamaşaçıların suallarına cavab verdi. Onun sözlərinə görə, bu dəfəki qısametrajlı ekran işində də minimalist ənənəsinə sadiq qalıb.

Film insan nəfəsinin və otaqda görünən əşyaların titrəməsi ilə başlayır. Daha sonra biz yataqda titrəyən saqqallı bir adam görürük. O, müharibədə ayağını itirən döyüşçüdür. Ayağını itirdiyi yerə qar yağıb. Döyüşçü soyuqdanmı titrəyir, müharibənin dəhşətindənmi? Cavab vermək asan deyil.

Növbəti səhnələrdə biz əlləri ilə qarın içində itmiş ayağını axtaran adamı görürük. O, uzunboğaz çəkmələrdə mina qəlpəsi ilə kəsilib düşən ayağını tapır və onu uşaq kimi sinəsinə sıxır... Bir anlıq Xocalıda donmuş körpələri xatırlayırıq. Lakin az keçmir filmin metaforası daha dərinlərə işləyir. Axı itirdiyimiz torpaqlar da Vətənin bir parçasıdır və nə qədər öz bədənindən ayrıdır, biz soyuqdan və həyəcandan titrəyəcəyik...

“Titrəmə”nin çəkilişi də “Qara bağ” kimi 44 günlük müharibədən əvvələ təsadüf edib. Lakin montaj prosesinə qədər Qarabağ zəfərini qazanmışıq. Ona görə film üzərindəki sonrakı işlərdə bu fakt nəzərə alınıb.

Amil Amal həm də minimalist şairdir. Onun qələmə aldığı qısa şeirlər peşəsindən irəli gələn vizual elementlərlə zəngindir. Sanki kamera alıb çəkməyə imkan tapmadığı görüntüləri sözə çevirərək yaddaşlarda saxlamaq istəyib. “Titrəmə” filminin ssenari müəlliflərindən biri də yeni nəsil şairlərindən olan Aqşin Evrəndir.

Dünya kinosunda şeirləri ilə tanınan məşhur rejissorlar çoxdur. Onlardan bizim üçün ən yaxını İranlı rejissor Abbas Kiyarustamidir. Maraqlıdır ki, o da daha çox minimalist şeirlər yazmışdır. Poeziyadan gələn bir çox keyfiyyətlər Kiyarustami kimi Amil Amalın filmlərinə də özünəməxsusluq verir. “Qara bağ” da, “Titrəmə” də ekran əsərləri kimi kifayət qədər poetikdir.

“Titrəmə” Azərbaycan tamaşaçısına təqdim edilməzdən əvvəl Türkiyədə keçirilən Beynəlxalq İpək Yolu Festivalının qalibi olub. Bu təcrübə göstərir ki, gənclər üçün lazımı imkanlar yarandıqca onlar nəinki yerli tamaşaçıların, həm də nüfuzlu beynəlxalq festivallar və müsabiqələrin marağına səbəb olan layiqli filmlər çəkə bilərlər.

Yaşadığımız gerçəklərin dünya ictimaiyyətinə çatdırılması üçün kinodan daha unikal bir vasitə yoxdur. Biz özümüz də bir çox ölkələri məhz filmləri ilə tanımışıq.

Doğrudur, Azərbaycan tale yüklü müharibədə qalib tərəfdir və bu qələbə əbədidir. Lakin hələ də Qarabağ hadisələrinə ikili standartlarla yanaşanlar var. BMT-nin məlum qətnamələri hüquqi baxımdan nə qədər haqlı olduğumuzu göstərsə belə, yenə də ərazi bütövlüyümüzün təminatı üçün apardığımız mücadilənin tarixi mahiyyətini kimlərəsə izah etməyə, başa salmağa ehtiyac yaranır. Həm də qələbə yaraların çoxunu sağaltsa da, heç kimin keçmişini dəyişə bilmir. Yaşananlar öz həllini gözləməkdədir. Mütəxəssislərin fikrincə, müvəqqəti uduzduğumuz 90-cı illər haqda da ən yaxşı filmlər qələbədən sonra çəkiləcəkdir. Çünki biz dünyanı indi daha aydın görürük. Bu gün Amil Amal da bir rejissor kimi daha çox qələbə filmləri haqda düşünür. O, dövlətin həyata keçirdiyi kino layihələrində indi daha aktiv iştirak edir. Şübhəsiz ki, onun ən yaxşı filmlərini qarşımızdakı illərdə görəcəyik. Ölkəmizə ən nüfuzlu beynəlxalq mükafatlar gətirən gənclərin sırasında Amil Amal imzası mütləq olacaqdır.

Şərif AĞAYAR