26.12.2024, 20:48
AZ EN
31.12.2022, 12:10

Azərbaycanlının ən əziz günü

Şərif AĞAYAR

  • Müasirimiz, yəhudi tarixçi Yuval Harari “Homo sapiens”in digər canlı növlərindən yeganə üstünlüyü kimi, onun birləşə bilmək bacarığını göstərir. İnsan meymun kimi ağaca dırmaşa, at kimi qaça, aslan kimi ov edə bilmir, fiziki cəhətdən də bu canlıların hamısından zəif və dözümsüzdür. Belədirsə, niyə onlar üzərində hökmranlıq edə, istəyəndə öldürə, istəməyəndə yaşada bilir? Çünki o, cəmiyyət yaratmağı bacarır, gücünə güc qatır. Hətta buna görə təbiətin hökmranlığı altından kifayət qədər çıxır. Bu gün gen mühəndisliyinin tətbiqi, insanın get-gedə postinsana çevrilməsi, ağlagəlməz texniki uğurlar, kosmosun fəthi, koronavirus vaksininin tapılması və s. kimi mütərəqqi hadisələrə görə də bəşəriyyət insanların birləşmək bacarığına borcludur.

Təbii, birləşmək üçün bir dəyər mütləq lazımdır. Tarix boyu insan çoxlu insanı birləşdirmək uğrunda əlindən gələni edib. Dinlər, dövlətlər, müxtəlif ideologiyalar, bir az lokal müstəvidə siyasi partiyalar, təşkilatlar, şirkətlər, müxtəlif qurumlar yaradıb. Mənə görə insanı birləşdirən ən ümdə dəyər vətən anlayışıdır. Çünki onun özünəməxsus komponentləri daha çoxdur. Misal üçün, Azərbaycan müsəlmanlarla eyni dini, türklərlə eyni qanı daşımaqdadır. Ən çətin günümüzdə bütün müsəlman dünyası yanımızda olmasa da, bütün türk dünyası bizi, deyək ki, qardaş Türkiyə qədər müdafiə etməsə də, az-çox müsəlman-türk təəssübkeşliyini hiss etdik. Lakin bütün dünya azərbaycanlıları birmənalı olaraq Azərbaycanın yanında idi. Əli çatmayanlar, müharibədə iştirak edə bilməyənlər maddi yardım göstərir, buna da imkanı olmayanlar mənəvi dəstəyini əsirgəmirdi. Ötən əsrin 80-ci illərinin sonunda alovlanan Milli azadlıq hərəkatında bütün dünya azərbaycanlıları yumruq kimi birləşmişdi. Ancaq sonuncu Qarabağ savaşının Milli azadlıq hərəkatından bir fərqi vardı: biz burada həm də möhkəm bir xalq-hakimiyyət ittifaqının şahidi olduq. Çünki artıq Azərbaycan otuz il əvvəlki Azərbaycan deyildi, müstəqil respublikası və yüksək texniki təchizata malik peşəkar Milli ordusu vardı. Həmrəyliyimiz təkcə ideoloji zəmində qalmayıb, həm də real gücə əsaslanırdı.

Bir xalqı, bir məmləkəti köləyə çevirmək üçün ilk növbədə onun içərisinə parçalanma salmalısan. Rus imperiyasını yaradan I Pyotrun devizi necə idi: “Parçala, hökm sür!” Əlbəttə, bu prinsip Pyotra qədər də var idi. Parçalamaq bir xalqı həm fiziki, hım mənəvi baxımdan zəif salır. Azərbaycanın xanlıqlar dövrü buna əyani misaldır. Ətrafımızda böyük imperiyalar qurmuş, hətta imperiya qurmağı bizdən öyrənmiş xalqlar Azərbaycanın kiçik xanlıqlar kimi qalmasında maraqlı idilər. Çünki istədikləri vaxt həm siyasi, həm də hərbi müdaxilələr etməyi bacarırdılar. Bir anlıq düşünək ki, Nadir şah Əfşarın səltənəti dağılmır, o, 19-cu əsrin ortalarına, hətta Osmanlı Türkiyəsi kimi 20-ci əsrin əvvəllərinə qədər yaşayır və biz öz cümhuriyyətimizi bu böyük imperiyanın ərazisində, onun bazasında qururuq. Əmin olun, təkcə bizim yox, bütün dünyanın taleyi başqa cür olardı. Bəli, Nadir şahın öldürülməsindən sonra bütün azərbaycanlılara bircə şey lazım idi: həmrəylik! Hətta bəlkə bu həmrəylik olsa, heç Nadir şah da öldürülməyəcəkdi. Təsadüfi deyil ki, məşhur siyasi xadim Nəriman Nərimanov da tariximizin bu qopan məqamını hiss edib “Nadir şah” adlı faciə yazmışdı.

Biz SSRİ kimi despot bir rejimə birləşməklə qalib gəldik. 20 yanvar günü o güllələr ilk növbədə azərbaycanlıların həmrəyliyinə atılırdı. Əli yalın xalqdan qorxmağın başqa adı yoxdur. Lakin hər şey əksinə işlədi: Azərbaycan xalqı daha sıx birləşdi. Siyasi rəhbərlər belə kommunist biletlərini ataraq xalqla inanılmaz həmrəylik göstərdilər.

Ulu öndər Heydər Əliyevin ən böyük xidməti Azərbaycanı parçalanmaqdan qorumaq oldu. Bu parçalanma ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təhdid edirdi.

2020-ci ilin 44 günlük zəfər müharibəsi məhz xalqımızın bir yumruq kimi birləşməsinin nəticəsində qələbə ilə başa çatdı. O günlərdə təkcə Azərbaycanda yox, dünyanın hər tərəfində yaşayan soydaşlarımız vahid bir ürək kimi döyünürdü. Siyasi kin-küdurətlə yaşayanlar da öz xasiyyətlərini unutmuşdular. Yaşlı kişi təqaüdünü son qəpiyinəcən müdafiə fonduna köçürürdü. Sadə insanlar maaşını xərcləyib əsgərlərimiz üçün ərzaq, paltar göndərirdi. Ən xəsis iş adamları belə səxavət kisəsini açmışdı.

Şübhəsiz, sadə insanların yardımı ilə əsaslı nələrsə dəyişmir, lakin bu faktlar məhz həmrəyliyin göstəricisi kimi nəzərə çarpır. Əsgərə cibindəki siqaret paketini göndərmək xalqla həmrəyliyi ifadə etməkdir, qələbə o siqaret paketinin deyil, nümayiş edilən həmrəyliyin töhfəsidir.

Y.Hararidən yuxarıda çəkdiyim misal cəmiyyətin və həyatın müxtəlif sahələrində keçərlidir. O cümlədən də siyasi aləmdə. Bir xalq gerçək varlığını öz müstəqil ölkəsini qurmaqla qoruya bilər. Dövlət qurmaq üçün birləşmək, birləşmək üçün isə həmrəylik lazımdır. Hətta müstəqilliyi qoruyub saxlamaq və vətəni dirçəltmək üçün də həmrəyliyə ciddi ehtiyac duyulur. Bu səbəbdən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizim ən böyük bayramımızdır. Bayram var mövcudluğumuzun spesifik cəhəti kimi dəyərlidir, bayram var müqəddərat məsələsidir. 31 Dekabr müqəddərat məsələsidir. Hətta Müstəqillik günü, Müstəqilliyin bərpası günü də xalqımızın həmrəyliyinin sayəsində reallaşır.

Təbii, həmrəylik, balaca və gənc ölkələrə xüsusilə lazımdır. Öz təcrübəmizdən də göründüyü kimi, onu əzmək, istismar etmək istəyən həmişə tapılacaqdır. Bütün bu təzyiqlərə qarşı ayaqda qalmaq lüksümüz yalnız və yalnız çəkici bir zindana vurmaqdır.

İctimai şüurumuzun yeni-yeni formalaşmağa başladığı zamanlarda həmrəylik gününü lazımınca qiymətləndirə bilmirdik. Həm də 90-cı illər məğlubiyyəti insanlarda bir ruh düşkünlüyü, bir inamsızlıq yaratmışdı. 44 günlük müharibə bizi bu rəzalətdən xilas etdi. Xalqın inamını möhkəmləndirdi və təbii, 31 dekabrın haqq etdiyi dəyəri geri qaytardı.

Azərbaycan demokratik ölkədir. Burada hər cür fikir ayrılıqları, müzakirələr, mübahisələr təbiidir. Lakin müstəqillik, ərazi bütövlüyü və digər ümummilli maraqlarda xalqımız mütləq və mütləq birlik nümayiş etdirməlidir. Biz tariximizin şanlı səhifəsini birləşdiyimiz zamanlarda yaza bilmişik. 31 Dekabr – ilin son günü dünənə sayğı, sabaha inam kontekstində bütün deyilənləri yenidən dərk etməyə fürsət verir. Qaçırmayaq!