26.12.2024, 20:03
AZ EN
24.12.2022, 09:35

Xocalıda gül çələngi

Şərif AĞAYAR

Onda Mahirin üzünü də görməmişdim. Mən Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında oxuyurdum, o baş institutda. Yəni o Bakıda, mən Ağcabədidə... Sadəcə mənimlə eyni universitetdə oxuyan qardaşı vasitəsi ilə arada məktublaşmağımız, şeirləşməyimiz olurdu. Məğlubiyyət və itkilərlə dolu məşum doxsanlarda bu ənənəni hələ itirməmişdik. Bütün ağrılara rəğmən gələcəyə inamımız böyük idi. Ancaq hərdən bir-birə təskinlik verməyə ehtiyac duyurduq. Həm də elə illər idi ki, şeir yazan nadir adamlara rast gəlirdin. Bəlkə, elə buna görə bir-birə məktub göndərmək, kağız göyərçinlərlə uzaqları yaxın etmək ehtiyacı yaranırdı.

Üstəlik, həm də maddi sıxıntılar içərisində yaşayırdıq və şəxsən mənim üçün Bakıya gəlib-qayıtmaq asan deyildi. Bu səbəbdən ilk görüşümüz çox gec, həm də Bakıda deyil, ozamankı Xanlar rayonunun Hacıkənd qəsəbəsində baş tutdu.

Mahir Xocalıdandır. Xocalı rayonunun Kosalar kəndindən. Yəni Xankəndi ilə Qırxqız dağı arasında – yaşıl yamaclarda yerləşən məşhur kənddən. Müharibə başlayan kimi kəndin Xocalı ilə əlaqəsi kəsildi. Şuşaya gedən əsas yol da Xankəndinin yaxınlığından keçdiyi üçün bağlandı. Camaat dağların yaxasından keçən və qış aylarında çətinliklər yaradan alternativ yollardan istifadə edirdilər. Yayda iş asan idi. Lap Qırxqızın zirvələrini aşıb Laçın üzdəki kəndlərə də gəlmək olurdu.

Kosalar Qarabağda ən çox əziyyət çəkən kəndlərdən olub. Qəhrəmancasına döyüşüb. Həm də birbaşa Xankəndidə yerləşən erməni silahlı birləşmələri ilə. Kərkicahanın müdafiəsində misilsiz qəhrəmanlıqlar göstərib. Kənddə bir neçə Milli Qəhrəman var. Onların biri – Möhsün Məmmədov sağlığında bu ülvi ada layiq görülüb. Hazırda polis polkovnik kimi Şuşa rayon Polis Şöbəsində çalışır.

Əlbəttə, qəhrəmanlıq elə-belə verilmir. O boyda kənddə az qala hər evdən, bəzən bir evdən bir neçə nəfər şəhid var. Kənd bütövlükdə müharibə veteranıdır. Balacalar da ən azı posta çörək aparmaq, yollarda durub ağır-yüngül xəbərləri evlərə daşımaq və övladını itirən evlərin həyətində əl-ayaq işlərinə yüyürməklə savaş iştirakçılarıdır. Hələ bir az böyüklər çıxıb daha nisbətən təhlükəsiz postlarda keşik də çəkiblər.

Şuşanın işğalı Kosaları mühasirəyə saldı. Həm də bu hadisə mayın əvvəllərində baş verdiyi üçün Qırxqızı aşmaq elə də asan deyildi. O vaxt aşağı kəndlərə yaz gəlsə də, yuxarılardan qar-yağış əskik olmurdu. Amma başqa əlac da yox idi. Kosalar igidləri uğrunda ölüm-dirim savaşına çıxdıqları kəndi tərk edib Qırxqıza doğru çəkilmək məcburiyyətində qaldılar. O zaman Şuşaya əks hücum gözlənilirdi. Eyni vaxtda Kosları da düşməndən geri almaq planı vardı. Lakin qismət olmadı...

Kosalar camaatını o zaman kurort yeri kimi məşhur olan Hacıkənd qəsəbəsinə yerləşdirdilər.

Və məşum köçkünlük illəri beləcə başladı.

Mahirlə meşənin içində gizlənmiş bu füsunkar qəsəbədə görüşümüz unudulmaz oldu. Onun polisdə işləyən atası, əmiləri də müharibə iştirakçıları idi. Xocalı, Şuşa, Koslar dillərindən düşmürdü. Hər şəhid olan həmkəndlilərinin bir talke dastanı vardı və hamı bir-birinə həvəslə danışırdı. Təsadüfi deyil ki, bir müddət sonra qardaşı Araz Hümbətov şəhidlik məqamına yüksəldi. Məzarı Gəncənin şəhidlər xiyabanındadır.

İlk görüşümüzdə Mahirlə çox şeydən danışdıq. Laçından, Şuşadan, Xocalıdan, Bakıdakı tələbəlik həyatından və təbii, şeirdən, ədəbiyyatdan. O zaman ağlımıza gəlməzdi ki, nə vaxtsa hər ikimiz şeirin daşını biryolluq atıb nəsrlə məşğul olacağıq və mənim işlədiyim nəşriyyatda onun ilk nəsr kitabı işıq üzü görəcək.

Mahir uzun illərin jurnalistidir. İndi də bu peşə ilə məşğuldur. Onun qələmi şeirdən də bir az artıq nəsrdə işləməyə qadirdir. Adam sanki istənilən əhvalatı nasir kimi nəql etmək üçün yaranıb. Çox sevdiyi həyat yoldaşını vaxtsız itirməsi ona əsl yazıçı tənhalığı bəxş etdi. Bundan sonra dostu-yarı sarıldığı qələm oldu. Dərd, ağrı həmişə olduğu kimi yenə də yetişdirdi. Dərd dərdlə unudulur deyirlər. Mahirdə belə olmadı. Həyat yoldaşından əbədi ayrılmaq dərdi onun yurdu və qardaş dərdinin üstünə gəldi. Onları çoxaltdı. Axı həyat yoldaşı həm də yaxın qohumu idi və demək, o da Kosaların bir parçası idi.

Mahir vətəndən, müharibədən, məcburi köçkünlükdən bəzi konyunktura həvəskarları kimi yazmır. O daha çox insana fokuslanır, yaşantılarını ümumi sözlərlə yox, incə detallarla ifadə edir. Anlayacağınız, əsl yazıçılığın çəmini tapıb. Hətta mən deyərdim, bu ustalıq onda anadangəlmədir. İnsan bəzi qabiliyyətlərlə birgə doğulur. Allah vergisi deyilən də bu olsa gərək...

Mahirin hər bir hekayəsində vətən, yurd ağrılarını hiss eləmək olur. Hətta Xocalıdan, ümumiyyətlə Qarabağdan bəhs etməyən mətnlərində də. Onların hər birində dərdi çox yaxşı tanıyan bir təhkiyəçi ilə qarşılaşırıq. Məncə, bir yazıçı, xüsusən azərbaycanlıdırsa, dərdi, ağrını mütləq tanımalıdır. Əgər belədirsə, xaltura mətnlər də yazılmır və biz insanların qanlı düşmənlə yanaşı həyatın özünün də soyqırımına məruz qaldığını bəsirət gözümüzlə görürük.

Mahir əşyaları asanlıqla danışdıra bilir. Hətta istəyəndə onları güldürməyi və ağlatmağı da bacarır. Misal üçün, “Ehtiras” hekayəsində iri balıq tilovun ucundan düşəndə bir yandan qurbağaların qəhqəhəsi eşidilər, o biri yandan başını sudan astaca çıxaran tısbağalar istehzalı baxışlarla baxır. “Hasar” hekayəsində nəinki ağaclar, hətta daşlar, divarlar, çoxdan açılmayan qapı, paslanmış qıfıl belə bizimlə dil açıb danışır. Mahir hisslər haqqında bir kəlmə də danışmadan, onu bizə göstərir.  

Bu səbəbdən ilk hekayədəncə peşəkar ədəbi mühitin diqqətini çəkdi. Tənqidçi Cavanşir Yusifli onun haqqında geniş məqalə ilə çıxış etdi. Hazırda Kulis.az mədəniyyət portalının keçirdiyi “İlin hekayəsi” müsabiqəsində yüzlərlə nümunə içərisindən seçilən iyirmiliyə onun da bir hekayəsi daxil olub.

Kitabının həm Bakıda, həm də Xocalı rayonunun Göygöl ərazisində yerləşən mədəniyyət evində təqdimat mərasimi keçirildi. Təqdimatda məlum oldu ki, “Günəş göy üzünə qayıtmasa” kitabı Kosalar kəndində işıq üzü görən ilk nəsr toplusudur. 

Qarabağ təkcə tarixi, maddi-mədəni abidələri və zəngin torpağı ilə deyil, həm də istedadlı insanları ilə bənzərsizdir. Bu cür insanların o yerlərə qayıtması çevrənin qapanması, ilahi harmoniyanın öz yerini alması deməkdir. Biz artıq o günləri yaşayırıq. İşğaldan azad olunan rayonlarımızdan sonra Xocalıya bircə addım qalır. Hətta o addımı atmağa başlamışıq artıq. Ümid edirəm, Qarabağın bütün istedadlı insanları kimi Mahirin də səsi, yeni ildə öz doğma kəndindən gələcək. Bundan sonra taleyin onun qarşısında xalça kimi açdığı hisslər çələnginə yeni-yeni rənglər əlavə olunacaq.