26.12.2024, 20:26
AZ EN
16.12.2022, 18:00

Qarabağ atları Qarabağımızın tarixinin bir parçasıdır!

Sabit ƏZİMOV

Qarabağımızın Ermənistanın işğalçılıq siyasətinə, maddi, mənəvi cəhətdən tam istismara, vandalizmə məruz qalması uzun illər ərzində xalqımıza çox böyük zərər vurdu, mənəvi dəyərlərimizə də sahib çıxmaq istəyən ermənilər tariximizə qarşı da hər cür saxtakarlığa can atdılar, dünya ictimaiyyətini, beynəlxalq qurumları yalanları ilə aldatmağa çalışdılar. Buna baxmayaraq xalqımızın tarixi mənsubluğu hər zaman ədalətin bərpası baxımından öz təsdiqini tapıb və tapacaqdır. 44 günlük müharibə zamanı qazanılmış Zəfərimiz dünya miqyasında bir çox məsələlərə də aydınlıq gətirdi.

Ağdam rayonu uzun illərin işğalından azad olduqdan sonra vətən torpağının bu müqəddəs ünvanına baş çəkərək tarixi əhəmiyyət daşıyan ünvanlarda olmağı özümə borc bilirəm, xatirələrimi, tarixi mənsubluq faktorunu informasiya vasitələri ilə canlandırmağı vacib hesab edirəm.

Təbii ki, Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olması ilə bağlı tarixi faktlar bütün əlamətlərə görə beynəlxalq müstəvidə təsdiq edilmiş, lakin mənfur düşmənlər, onlara havadarlıq edənlər bu coğrafiyadan öz şəxsi maraqları, geosiyasi məqsədlər üçün istifadə etməyə çalışmış və bu gün də bu çirkin siyasəti davam etdirməkdədirlər.

Ağdamda olarkən vaxtilə müxtəlif idman tədbirlərini təşkil etdiyimiz, dünya şöhrəti qazanmış Qarabağ atlarının saxlanıldığı Ağdam Atçılıq Zavodu adlanan əraziyə baş çəkdim, bu yerlərdə erməni vəhşiliyinin - xislətinin izlərini gördüm.

Azərbaycanda müxtəlif bölgələrdə - Qarabağda, Qubada, Bakıda, Qazaxda atlar yetişdirilmişdir. El məsəlində deyildiyi kimi, at insanın vəfalı dostudur. Koroğlunun Qıratı, Qaçaq Nəbinin Bozatı, Nizaminin poemasındakı Gülgün adlı atlar dillər əzbəri olmuş, dostluğun dastanına çevrilmişlər. İslam dininin müqəddəs kitabında bir neçə surədə də atlar haqqında məlumat verilmişdir. Məhəmməd peyğəmbərin merac səfərində də Buraq adlı atdan istifadə edilmişdir.

Hazırda Ərəb, Don, Budyonnı kimi məşhur at cinslərin arasında QARABAĞ atları xüsusi yer tutur.

Qarabağ atları cins tərkibi olaraq çox qədimə gedib çıxır, sürətli qaçışı, yorulmazlığı, xarici görkəmi ilə fərqlənir. Bu cinsin  Qarabağ ərazisində yaradılması, bu əraziyə mənsubluğu tarixi faktlarla təsdiq olunmuşdur. Qarabağ xanlığının ərazisində bu atların saxlanılması, cins tərkibinin yaxşılaşdırılması, dünya bazarında çox böyük qiymətə satılması haqqında müxtəlif tarixi mənbələrdə məlumatlar var. Qarabağ atlarının ən çox yayıldığı ərazi Şuşa, Ağdam olduğu üçün Ağdamda atçılıq zavodunun yaradılması da tarixilik baxımından əhəmiyyətli olmuşdur. Qarabağ atlarının sarı-qızılı, parlaq narıncı rəngləri, tüklərinin yumşaqlığı, ayaqlarında olan ağlıq, alın nahiyəsində təpəllik səciyyəvi xüsusiyyətlərdir. At cinsinin yetişdirilməsində türkmən, ərəb, ingilis atlarının rolu, qədim zamanlarda Azərbaycana müxtəlif ərəb, fars, monqol süvarilərin yürüşləri olsa belə, keyfiyyətcə, Qarabağ atları öz mənsubluğunu qoruyub saxlamışdır. Erməni silahlı qüvvələri Ağdamı işğal edərkən Atçılıq zavodunda Qarabağ atlarını ələ keçirmək istəsələr də, mümkün olmayıb. Məcburi köçkünlük dövründə Ağcabədidə öz həyatlarını yaşayan atlar da hər zaman vətən həsrəti çəkiblər. Qarabağ atlarının Xoşbəxt, Əlyetməz, Ceyran cinslərinin törəmələri qeyd etdiyim məkanda yetişdirilir, dünya sərgilərində təmsilçilik qazanmışdır. Hələ 19-cu əsrdə Pənahəli xanın, Mehdiqulu xanın, Xan qızı Natəvanın Qarabağ atlarının saxlanmasına geniş yer vermələrinə baxmayaraq, zaman keçdikcə bu sahənin sıradan çıxmasına da maraqlı qüvvələr çalışmışlar. Eyni zamanda ərəb istilaçıları tərəfindən də minlərlə atın başqa istiqamətlərə aparılması getdikcə say tərkibinin azalmasına gətirib çıxarmışdır. Onu qeyd edim ki, işğala qədər olan dövrdə Ağdamda təmiz qanlı atların sayı 150-200 başa qədər idi.

Rusiya və Avropada atçılıq inkişafında Qarabağ atlarının böyük rolu olmuşdur, 19-cu əsrin əvvəllərindən başlayaraq dünya sərgilərində nümayiş etdirilmiş, mükafatlara layiq bilinmişdir. Müasir Don atlarının qızılı rəngləri, fransız Avropa qadınlarının rənglədiyi saç rəngləri də Qarabağ atlarının rəngi ilə bağlıdır.

Ağdamda xanlığa məxsus atların yerləşdiyi ərazidə 1949-cu ildə Ağdam Atçılıq Zavodunun yaradılması uğurlu fəaliyyət üçün əsas yaratmışdır. Atamın söylədiyinə əsasən, Xan qızı Natəvan ailə qurarkən cehizlik olaraq özü ilə 200 baş Qarabağ atını da aparıb. Lakin general Usmiyevlə izdivacının ömrü çox olmadığından  Xan qızı ata yurduna dönəndə, Qarabağ atları bir müddət Pyatiqorsk Atçılıq Zavodunda saxlanılıb. Xatırladım ki, atam Soltan Əzimov Gəncə (Kirovabad) Kənd Təsərrüfatı İnstitutunun Zoobaytarlıq fakültəsinin ilk məzunlarından olmuş, o vaxtkı Azərbaycan Sovxozlar Nazirliyinin mütəxəssislər qrupu ilə birlikdə Ağdam Atçılıq Zavodunun təşkilində, Qarabağ atlarının bonitirə edilərək damğalanmasında, damazlıq kitabının tərtibatında bilavasitə iştirakı və imzası olmuşdur. Müxtəlif yerlərdən Ağdama gətirilmiş atların çox az olduğunu nəzərə alaraq Krasnodar, Pyatiqorsk atçılıq zavodlarına ezam olunaraq vaxtilə orada qalmış Qarabağ atlarının vətənə dönməyini təmin etmək istəsə də, məlum olmayan səbəblərdən atların Oryol şəhərində yerləşən zavoda köçürüldüyü bildirilmişdir. Atam  həmin şəhərə yollanmış, buradan çox az sayda təmiz cins tərkibini saxlamış Züleyxa adlı madyan atın törəməsindən olan Kadmi - 1,2,Kontingent adlı ayğırları Qarabağ atlarının bərpası üçün Ağdama gətirmişdir. Əlbəttə ki, bu zaman böyük çətinliklərlə də üz-üzə gəlmişdir. Sonralar dünya şöhrəti qazanmış, 1956-cı ildə sovet rəhbəri N.Xruşşov tərəfindən İngiltərə kraliçası Yelizavetaya bağışlanmış “Zaman” adlı ayğır "Zəngin - 49" ləqəbli madyandan törənmişdir, adlanması da göstərir ki, bu Ağdam At çılıq Zavodunun yaranış tarixi ilə bağlı olmuşdur. Qarışıq atların olmaması üçün yetişdirilmiş “Şamama”, “Şəkil” adlı atlar da 1952-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı sərgisində nümayiş etdirilmiş, Qarabağ atlarının bərpası ilə bağlı respublika kino birliyi tərəfindən atamın fəaliyyətinə həsr olunmuş qısa metrajlı sənədli film çəkilmişdir.

Qarabağ atları ilə bağlı söylədiyim faktların bir çoxu atamın arxivində saxlanılır, inanıram ki, ilk dəfə səsləndirildiyi üçün tariximizi zənginləşdirən məlumat hesab edilməlidir. Buradaca qeyd etmək istəyirəm ki, hələ o zamanlar da bədxah qonşularımız Qarabağ atlarının uğur qazanması üçün maneələr törədirmişlər.

1960-70-80-ci illər və sonrakı dövrlərdə Moskvada keçirilən auksion vasitəsilə Ağdam Atçılıq Zavodunda yetişdirilmiş Qarabağ atları bir çox Avropa ölkələrinə satılırdı, bu da böyük gələcəkdən xəbər verirdi...

2017-ci ildə Ağdam atçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin imzaladığı sərəncam nəticəsində Qarabağ atlarının cins damazlıq işlərinin elmi əsaslarla təşkil olunması, xüsusi bazanın yaradılması üçün xeyli vəsait ayrılmış, böyük ərazidə nümunəvi işlərin görülməsinə nail olunmuşdur.

Amma bu bir həqiqətdir ki, Qarabağ atları etibarlı olsalar da, həsrətli illərdən sonra onlar da öz doğma torpaqlarına qayıtmaq istəyirlər — onların nəmli gözlərinə baxanda bunu sezmək mümkündür.

İnanıram ki, vaxtilə mövcud olmuş, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış Ağdam Atçılıq Zavodu bərpa-quruculuq işləri nəticəsində öz tarixi məkanında qısa müddət ərzində fəaliyyətini davam etdirəcəkdir.

Qarabağ atları Qarabağımızın tarixinin bir parçasıdır!