Tarix boyu Vətəni ürəkdən sevən adamlar müəyyən məqamlara qədər Vətəndən uzaqda, qürbətdə Vətən həsrətiylə yaşadığının şahidi olmuşuq. Kimimiz həsrətini çəkdiyimiz doğma Vətənə qovuşmadan qürbət ellərdə dünyamızı dəyişmiş, kimimizsə aradan uzun illər keçməsinə baxmayaraq bu xoşbəxtlik nəsib olub. Xatirə xanım da Vətəni canından, qanından çox sevən və ona qovuşacağı günü səbirsizliklə gözləyir və inanır ki, o gün uzaqda deyil. Biz, bizim olan bütün torpaqlarımıza qovuşacağıq. Elə dövlətimizin başçısı bizə bu əminliyi verir...
Bu gün Vətən həsrətli, istedadlı şairə Xatirə Həsrət Göyçə ilə söhbətimiz də kövrək duyğular üzərində köklənib.
O, kəndini belə xatırlayır: Üç tərəfdən kürəyini əzəmətli dağların qala daşlarına söykəyib, göyçək üzünü Göyçə gölünün mirvari şəfəqinə boyayaraq, minillik tarixini qoruyub, sazında, sözündə yaşadan, qədim Oğuz yurdu, ərənlər oylağı ulu Göyçəmin doğma Cil kəndi! Laylası, nəğməsiylə ruhuma sığal çəkib, isti qucağında sazının, sözünün sehrinə uyuduğum, nəfəsiylə, havasıyla böyüdüyüm ana kəndim, Cilim! Mən ondan ayrılsam da o məndə yaşadı, ruhumda, nəfəsimdə, canımda, qanımda... Kəndimizin Şah dağı, Duzdax, Çətin Dərə, Sarıtəpə, Yerri yolu, Qara zağa, Mədənlərin ağzı,və.s.kimi çoxlu tarixi yurd yerləri, Armuddu, Çənli, Alöyül yaylaqları, Pəri bulağı, Abdulla bulağı, Qarabulaq və.s. kimi bulaqları, Qardaş, Seyidin günbəzi kimi pir ocaqları vardı. Kəndimizin adı - aşağı hissəsində, Qamış bulağı ərazisində olan cillikdən götürülüb. Kəndimizin ilk girəcəyində bitən tək alma ağacı (Almaağacı, həmin məkan belə adlanır) onun simvoluna çevrilib.
1988-ci ilin 6 dekabrında, qarlı bir qış günü, ermənilər tərəfindən öz doğma ata-baba yurdumuz olan, Göyçə mahalının Cil kəndindən deportasiya olunduq. O qarlı qışın soyuğu hələ də, 34 ildi ürəyimi üşüdür.
Yaralarım qan verir qan,
Bədənimdən ayrılıb can,
Ürəyimi sızıldadan,
Həsrətim, nisgilim mənim!
Ana yurdum, Cilim mənim!
Xatirə xanım deyir ki, 1988-ci il dekabrın 6-da Göyçədən ayrıldığım o gün, acıyla, həsrətlə ötən 34 il bu gün tamam oldu:
- Qarlı bir qış günüydü. Ətraf ayrılığın sükutuna boğulurdu... Kəndimizin insanlarının çoxu köçmüşdü. Kənddə çoxlu yük daşıyan maşınlar varıydı.Hamının başı köç daşımağa qarışmışdı. Bizim məhlənin də çoxu köçmüdü. Qonşularımız bizdən bir neçə saat öncə ayrılmışdı kənddən. O hay-küylü, aşıb-daşan məhləmiz səssizliyə qərq olmuşdu. Yurdu kimsəsiz görməkdən acı bir şey ola bilməz həyatda. 14 yaşlı bir uşağın gözlərində hələ də yaşayan o dəhşətli mənzərə bu günə kimi silinmədi. Ən acısı o oldu ki, məktəb dostlarımla, uşaqlıq dostlarımla vidalaşmadan ayrıldım kənddən. Hələ də bü gün onlardan ayrı, nisgillə yaşayıram. Son kərə "Almaağacı"nın yanında dönüb kəndə baxdığım heç ağlımdan çıxmır. Göyçə gölüm, Şah dağım, Cilim uzaqdan həsrətlə boylanırdı,sanki bir yalvarış vardı o baxışlarda da. Vətənlə vidalaşmaq...ölümü qucmaqdan ağırmış. Hələ də özümü bağılşaya bilmirəm, axı, niyə ayrıldım Vətənimdən?!Orda ölüb Vətən torpağına qarışmaqdan gözəl şey varıydımı?!Bu həsrətlə yaşadığım illərın hər anında gündə yüz kərə öldüm-dirildim. Bu acılardan məni ayırıb, yarama su səpən dərdli qələmim oldu...Odumda yana-yana ağrılarımı dilləndirib, təskinlik verən...
Ahh, dekabr! Soyuqluğunla dondurdu ürəyimi.Vətənimi aldığın kimi, atamı da aldı məndən deyən şairə:
Deyirlər, sil göz yaşın,
Bilən yox, nədən ağlaram.
Göynətdikcə yurd həsrəti,
Alışar bədən, ağlaram.
Neçə bahar gəldi-getdi,
Gül-qonçəsi soldu, bitdi,
Nə bu hicran sona yerdi,
Nə kirpikdə nəm, ağlaram.
Keçib dolandı neçə il,
Tükənmədi bu dərd, nisgil,
Xəyalımla gəzdikcə Cil,
Ah çəkib Vətən, ağlaram.
O şən çağım, elim harda?
Yesir oldu boran-qarda,
Göyçə gölüm intizarda,
Kəsib yolum çən, ağlaram.
Xatirəyəm, ahu-zarım,
Göyçəsiz bitməz qübarım,
Ölsəm qürbətdə məzarım,
Od tutar kəfən, ağlaram.
Bəli, Türk yurdu olan Qərbi Azərbaycan torpaqlarımız 1988-ci ildən bu günə qədər bədnam erməni tapdağında, imperiya işğalında tapdanır, əzilir. Amma Haqqın ədalətin işığına sığınaraq bir az da səbr edək, mütləq dönəcəyik əzəli və əbədi torpaqlarımıza, mütləq...