Yəqin çox az adam tapmaq olar ki, doğma vətəni sevməsin, onun inkişafı ilə qürur duymasın. Abbas Səhhətin dediyi kimi, vətənini sevməyən insanın vicdanı olmaz. Təbii ki, dövlətə, xalqa bağlılıq ən vacib borcumuz sayılmalıdır. Vətən, ana, torpaq bir-biri ilə sıx bağlı və müqəddəs olduğu üçün qəlbimizdə ən yüksək zirvədə yerləşir. Vətənimizin hər bir guşəsi bizim üçün əziz sayılır, onun sərhədlərindən kənarda olan zaman həsrət yaşadığımızı da yaxşı bilirik.
Vətənimizin durmadan inkişafı, xalqımızın adının dünya birliklərində təmsil olunması Müstəqil Azərbaycanın üçrəngli bayrağının BMT ali məclisində dalğalanması hər bir Azərbaycan vətəndaşının qürurunu günü - gündən artırır.
Uzun tarixi inkişaf yolu keçərək, çətin sınaqlardan öz müstəqilliyini bərpa edən Azərbaycan xalqının bugünkü həyatı, yaşayışı, siyasi - iqtisadi, mədəni - sosial inkişafı qısa müddətdə elə bir yüksək məqama gəlib çıxmışdır ki, dövlətimizin uğurlarına sevinənlərlə yanaşı, qısqanclıq zəminində yanaşanlar da mövcuddur. AZƏRBAYCANIN dünya arenasında iqtisadi nailiyyətləri, digər dövlətlərlə qarşılıqlı dostluq münasibətlərinin günü - gündən möhkəmlənməsi, ardıcıl olaraq bir sıra beynəlxalq iqtisadi, mədəni layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi nə qədər uğur gətirsədə, təəssüf ki, hələ də bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, icra orqanları təmsil olunduqları qurumların səlahiyyətindən sui-istifadə edərək dövlətimizə qarşı siyasi sifarişlə qərəzli qərarlar qəbul edirlər. Siyasi məkrli qüvvələr, dünya iqtisadi məkanında düşünülmüş əks qütblü iqtisadi münasibətlərin formalaşması, ikili standartlar, qloballaşan dünyada müxtəlif qitələrdə yaşayan insanlara baxış müstəvisində qruplara, dini etiqadlara görə formalaşmış ziddiyətli, eyni zamanda çox təhlükəli tendensiya davam etməkdədir. Bu gün dünya ölkələri arasında baş verən siyasi - iqtisadi, hərbi qarşıdurmalar hər birimizdən çox böyük məsuliyyət, siyasi sayıqlıq tələb edir. Baş verən dəyişikliklərin mərkəzində insan haqları, siyasi plüralizm, demokratikləşmə deyil, yeni düzən xəritəsi, sərhədlərin dəyişdirilməsi durur. Qəbuledilməz olsa da, bir çox Şərq, Avropa və Asiya ölkələrində hələ də dövlət statuslarını bərpa edə bilməyən dövlətlər mövcuddur, dövlət sərhədlərinin toxunulmazlığı, bu ərazilərdə yaşayan insanların hüquqlarının qorunması reallıqdan çox uzaqdır. Dünyamızı göz önündə canlandırarkən yaxın keçmişimizi xatırlamaq yerinə düşər.
Yeni müstəqillik qazanmış Azərbaycan dövlətinin başına müsibətlər gəlməsi, qürur mənbəyimiz olan dövlətimizin 1988-ci ildən etibarən ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində 1 milyona yaxın vətəndaşımızın məcburi köçkünə çevrilməsi hamıya yaxşı məlumdur. 30 illik işğal dövründə Azərbaycan torpaqlarının azad edilməsi haqqında BMT- nin məlum qətnamələri yerinə yetirilmədi, ATƏT- in Minsk qrupunun regiona səfərləri ədalətin bərpası üçün heç bir səmərə vermədi, işğal faktına göz yumuldu, sanksiya, məcbur etmə tədbirləri tətbiq edilmədi. Siyasi oyunbazlıq, coğrafi məkan və dini etiqadlara istinad edərək ikili standartlar bu gün yaşadığımız dünyada ən eybəcər və qeyri - etik davranışa - münasibətlərə çevrilmişdir.
Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının uzun illər ərzində işğalda qalması nəticəsində on minlərlə yaşayış binası, bütövlükdə maddi, mənəvi irsimiz erməni separatizmi, terroru vasitəsilə tamamilə dağıdıldı, ibadət yerlərimiz - məscidlərimiz təhqir edildi, tarixi - mədəni irsimizə qarşı vandalizm törədildi, Xocalı soyqırımı nəticəsində yüzlərlə azərbaycanlılar qətlə yetirildilər, minlərlə insanlarımız girov götürülərək vəhşicəsinə öldürülüblər. Vaxtilə Azərbaycan torpaqları hesabına özünü dövlət elan etmiş Ermənistanın təcavüzkar siyasətinə, məcburi köçkün olmuş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasına beynəlxalq müstəvidə lazımı səviyyədə qiymət verilməsinə seyrçi qalan cavabdeh qurumların fəaliyyətsizliyi xalqımızın səbr kasasını sona yaxınlaşdırırdı.
2020-ci il sentyabr ayının 27-də Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə rəşadətli ordumuzun qələbəsi - Zəfərin qazanılması ilə yekunlaşdı , Azərbaycan xalqının qüdrətli dövləti uzun müddət kağız üzərində qalmış BMT qərarlarını yerinə yetirdi.
Nə qədər çətinliklər, sıxıntılar olsa da, müstəqil dövlətimiz ayağa duraraq işğaldan azad olunmuş rayonlarımızda bərpa-quruculuq işlərinə başlamışdır, məcburi köçkünlərin doğma yurd yerlərimizə qayıtması üçün müvafiq işlər görülür, əlbəttə ki, bunun üçün müəyyən zaman lazımdır. Azərbaycanımızın siyasi-iqtisadi qüdrəti hər bir vətəndaşın yaxşı yaşayışına yönəldilmişdir. Dövlətimizin bir sıra regional və beynəlxalq layihələrdə iştirakı, ölkəmizdə stabilliyin yaradılması, beynəlxalq investisiyaların cəlb edilməsi eyni zamanda Azərbaycanın investor kimi çıxış etməsi olduqca böyük əhəmiyyət daşıyır. Təəssüf ki, özünəməxsus dövlətçilik və mədəni inkişaf layihələrini ölkəmizə zorla qəbul etdirmək istəyən qüvvələrin də mövcudluğu hələ də narahatlıq doğurur. Bu fikri deyərkən Avropa parlamentinin erməni lobbisinin təsiri altında qəbul etdiyi qərəzli qərara da toxunmaq istəyirəm. Dövlətimizin uğurlarını həzm edə bilməyən, nailiyyətlərimizə sevinməyən bir qrup xəstə təxəyyüllü parlament üzvləri saxta erməni təbliğatına uyaraq ədalətsiz qərarlar qəbul etməkdən hələ də əl çəkmirlər. Yanlış informasiya, saxta tarixi arayışları ilə beynəlxalq təşkilatları ələ almağa nail olan ermənilər Avropa ailəsində də fitnəkarlıq törətməkdən əl çəkmirlər.
Mədəni irsin qorunması üzrə beynəlxalq statusu daşıyan YUNESKO kimi səlahiyyətli qurumun işğala məruz qalmış torpaqlarımızda törədilmiş vandalizm faktlarına ögeylik göstərməsi haqlı olaraq xalqımız, məcburi köçkünlər tərəfindən birmənalı şəkildə sərt tənqid edilməkdədir, haqq-ədalətin zəfər çalacağına da ümüdsiz deyilik.
Yaxşı xatırlayıram ki, hələ bir neçə il əvvəl respublikamızda keçirilən beynəlxalq mədəniyyət və idman tədbirlərinin həyata keçirilməsi üçün nə qədər inamsızlıq mühiti yaratmaq istəyən qüvvələr mövcud idi, buna baxmayaraq, uğurlu layihələr müvəffəqiyyət qazandı. Bu bir daha sübut edir ki, Azərbaycan dinamik inkişaf sahəsində beynəlxalq aləmdə söz sahibinə, Cənubi Qafqaz regionunda güc mərkəzinə çevrilmişdir, iqtisadiyyatımız güclü inkişaf etməkdədir, təhsil, elm mədəniyyət, sosial sahə durmadan irəliləyir. Müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dünya iqtisadi məkanında yüksək göstəricilərə nail olması vətəndaşlarımızın real həyat şəraitinə təsirini göstərir.
Söz azadlığı, azad auditoriya, ictimai fikrin çatdırılması baxımından ölkəmizdə onlarla televiziya kanallarının mövcudluğu, mətbuat və informasiya sahəsində senzuranın tam ləğvi onu göstərir ki, Azərbaycan vətəndaşı ölkəsində özünü tam azad hesab edir. Bir çox ölkələrdə insanlara qarşı dini, irqi münasibətlərin tüğyan etdiyi dövrdə Azərbaycan dövləti, onun hüquq-mühafizə və digər idarəetmə orqanları vətəndaşların azad yaşayışına layiqincə xidməti təşkil etmişlər. İnformasiya vasitələrinin məlumatına görə, Avropa ölkələrinin heç də hamısında insan hüquqlarının qorunması sahəsində mövcud vəziyyət tam qənaətbəxş deyil, başqa dinlərin liderlərinin karikaturalarının nümayiş etdirilməsi, dini baxışlara görə təqiblər hələ də mövcuddur. Mənəvi dəyərlərin öz ölkələrində pozulmasına qarşı çıxmağa cəsarət etməyənlərin digər dövlətləri öz maraqlarına tabe etdirmək naminə qərəzli qərarlar qəbul etmələrinə nə ad vermək olar? Maraqlıdır ki, bir sıra Avropa ölkələri ilə ikitərəfli münasibətlər sistemində heç bir problem olmadığı halda, qərəzli parlament qərarı heç bir halda sülh və sabitliyin bərqərar olmasına xidmət etmir. Əməkdaşlıq,qarşılıqlı anlaşma, birgə layihələri gücləndirmək əvəzinə, qeyri-leqal qrantlarla dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri qəbul edilməzdir, qərəzli qərarlar kağız parçasından başqa heç bir əhəmiyyət kəsb etmir. Bu gün Avropaya üz tutan minlərlə miqrantın köç etməsinə, həlak olmasına səbəb olan situasiyanı araşdırmaq və qonşu dövlətlərin ərazisində münaqişə ocaqları yaratmaqda kim günahkardır? Qonşu dövlətin ərazisinin işğala məruz qalmasına, minlərlə insanın terror qurbanı olmasına göz yumaraq başqa dövləti öz siyasi konyukturalarına zorakılıqla tabe etmək nə vaxtdan siyasi mədəniyyət və parlament qaydası hesab edilməlidir? Qərəzli mövqe, heç bir əsas olmadan çıxarılan qərarların arxasında dayananlar anlamalıdırlar ki, dostluq münasibətləri pak olmalıdır - mərdi qova-qova namərd etməzlər. Balanslaşdırılmış, qarşılıqlı hörmət və hüquqi müstəvidə bütün dövlətlərlə sıx əməkdaşlıq edən Azərbaycan dövləti bu gün malik olduğu dünyəvi, mental dəyərləri ilə nümunəyə çevrilmişdir. Tolerantlıq, kulturalizm ənənələri Azərbaycanın ən yüksək səviyyədə qəbul edildiyinin təsdiqidir. Dinlərarası dialoqun yaradılması, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təşəbbüsləri məhz Azərbaycana məxsusdur. Azərbaycana səfər edən dövlət rəsmiləri, mədəniyyət, idman tədbirlərinin iştirakçıları, turistlər və s. ölkəmizdə olduqları zaman öz müsbət fikirlərini hər zaman qeyd ediblər. Bəs necə ola bilər ki, avropalıların yüksək qiymətləndirdiyi, stabilliyin və təhlükəsizliyin qarantı olan bir ölkə haqqında haqsız qərar qəbul edilib?
Başqa dövlətlərin ərazisində müxtəlif yollarla çevrilişlər, silahlı münaqişələr yaradaraq öz ideyalarını həyata keçirən xarici qüvvələr onu başa düşməlidirlər ki, ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, dünyanın bir sıra yerlərində davam edən ərzaq çatışmazlığının, mədəni inkişafdakı geriliyin aradan qaldırılmasına vəsait xərcləsələr daha yaxşı olar.
Təəssüf ki, hələ də dünyaya açıq gözlə baxmaq istəyənlərin nəyi görmək istədiklərini tam başa düşmək olmur. Yaxın ətrafımızda qonşu dövlətlərin cəlb edildiyi müharibə onu göstərir ki, vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın taleyinə biganəlik olmasaydı, bu regionda baş verən proseslər təkrar olmazdı. Elə başa düşürəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağın vaxtı çatmışdır. Belə olarsa, Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuş hüquqlarımızın tam bərpa olunmasının şahidi olacaq, yurd yerlərimizdə sülh və əmin-amanlıq bərqərar olacaqdır.