22.07.2024, 02:11
AZ EN
23.10.2022, 13:00

Heç kimi, heç nəyi unutmayaq...

Sabit ƏZİMOV

  • Əbədi hesab edilməyən dünyamızda dönüşü geri olmayan ayrılıqlar var. Şükür olsun ki, uzun illər davam edən, Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalmış doğma Ağdama qovuşa bildik, ayrılığa son qoyuldu. İki il bundan öncə yaşadığımız indiki təqvim ayı bizi çoxdan gözlədiyimiz Zəfərə doğru apardı, xalqımızın birliyi sayəsində ana torpağımız Ağdam da daxil olmaqla işğala məruz qalmış ərazilərimiz düşmən tapdağından azad olundu. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuz şərəf və ləyaqətin qorunması baxımından Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdı, qələbənin qazanılması yolunda minlərlə vətən övladı haqq mübarizəsində şəhidlik zirvəsinə ucaldı.

Ulu öndər Heydər Əliyev demişdir ki, şəhidlər millətin mənəvi ucalığıdır! Xalqın azadlığını öz canından əziz tutan vətən övladları bizlərə xoş günlər yaşamağı qismət etdilər.

Hava soyuduqca kölgə verən ağaclar unudulur, amma vətən torpağı, onun ləyaqətli insanları heç vaxt unudulmur, yaddaşlarda xatırlanır, xoş əməlləri ilə dillərdə dastanlara çevrilirlər.

Qeyd edim ki, Ağdam işğaldan azad olunduqdan sonra müvafiq qaydalara əməl etməklə müqəddəs yurd yerlərimizə baş çəkir, vaxtilə bu yerlərdə yaşamış insanlarımız haqqında, bütövlükdə rayonumuza necə xeyir verə biləcəyimlə bağlı çoxlu düşüncələrə dalıram. İstəsək də, istəməsək də, acı reallıqlardan sonra ovqatın yaxşı olduğunu demək heç də asan deyil. Bircə onu deyə bilərəm ki, vətənimizin igid, cəsarətli övladlarının ayaq basdığı, mübarizə apardığı bu torpaqlarda olmaq qürurverici, çox qiymətlidir. “Ağdamda addımlayıram” düşüncəsi ilə yaşamaq bütöv bir ömürə bərabərdir” desəm, səhv etmərəm. Ölçü vahidi misilsiz olan vətənə qovuşmaq hissindən dəyərli heç nə ola bilməz! Ağdamda olmaq, tamamilə dağıdılıb viran qoyulmuş yurd yerlərimizi ziyarət etmək, istəmədiyimiz mənzərə ilə qarşılaşmaq çətin olsa da, vətən sevgisi, yurd həsrəti ilə qazanılmış Zəfərimiz nisgilli hisslərimizi kölgədə qoyur, azadlıq sevincinə qovuşmuş olan xalqımızın xoşbəxt günləri isə yaxın dövrdə öz əksini tapacaqdır.

Məşhur filosof Aristotel deyirdi ki, bütün ədalətsizliklərin arasında ən dözülməzi qanun adı altında törədilmiş ədalətsizlikdir. 30 ilə yaxın bir dövrdə işğalda qalmış Azərbaycan insanlarına, torpaqlarına qarşı törədilmiş hərbi, ekoloji cinayətlər, terrorlar, soyqırıma lazımı hüquqi qiymət verilməməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların kağız üzərində qalması, vasitəçilik missiyasını üzərlərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri çərçivəsində təsiredici heç bir fəaliyyətinin olmamasının ədalətsizliyin ən bariz nümunəsi olduğunu hamımız yaxşı bilirik. Məgər bunlar beynəlxalq hüquqa hörmətsizlik, etinasızlıq, saymazyana hərəkətlər deyilmi? Doğma torpaqlarımızdan yan keçməyən ədalətsizlik haqqında düşünərkən, hələ də xalqımızın haqlı tələblərinə qarşı çıxan qüvvələrin mövcud olduğunu görürük. İstər 2020-ci ildə erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Ağdamdan çıxarılması zamanı, istərsə də bu günümüzdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa dövlətinin erməni lobbisinin təsiri ilə xalqımıza qarşı apardığı çirkin siyasətin bir daha şahidi oluruq. Avropa dəyərlərini özündə əks etdirən bir dövlətin rəhbərinin erməni siyasətinin girovuna çevrilməsi onu göstərir ki, hələ də dünya nizamında mövcud ikili standartlar maraqlar baxımından huquq anlayışını aşağı endirir, güc amili isə qanunun tələblərini ayaq altına salır. Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu ən ali səviyyədə öz təsdiqini tapdığı halda, hələ də regionda marağı olan dövlətlər şəxsi ambisiyaları baxımından beynəlxalq qanunlara hörmət etməyərək xalqların sülh şəraitində yaşamasına əngəllər törətməkdədirlər.

Ağdam kimi yaraşıqlı, inkişaf etmiş bir şəhəri xarabalığa çevirmək nə deməkdir? Hanı beynəlxalq hüquq, işğalçını öz yerində oturtmağa cavabdeh olan beynəlxalq təşkilatlar? Ətraf dövlətlərdə baş verənlər bir daha onu göstərir ki, dünyada, xüsusilə, postsovet məkanında qeyri-nizami vəziyyət yaratmaq istəyən qüvvələr idarəolunmaz şəraitlərin yaradılmasında maraqlıdırlar, başımıza gətirilən müsibətlər də bu ssenarinin əvvəllər üçün hesablanmış formasıdır, ədalətsizliyin təsdiqidir. Bu baxımdan xüsusi vurğulamaq istəyirəm ki, ümumi birliyimizi qorumalı, xarici təsirlərdən kənar olmalıyıq, Azərbaycanımıza qarşı aparılan əks təbliğatlara uymamağa çalışmalıyıq, ayıq-sayıq olmalıyıq.

Ağdama qayıdışla əlaqədar fikirlərimi cəmləyərək nələrə diqqət yetirməyimizi qeyd etmək istəyirəm. İlk növbədə ləyaqətli qayıdışın təşkilinə nail olmağın ən birincisi təhlükəsizlik və bərpa-quruculuq işlərinin dövlətin xüsusi proqram sənədləri əsasında həyata keçirilməsindən ibarətdir, hər birimiz bu məsələni diqqətdən kənar qoymamalıyıq, bunun nə demək olduğunu isə yaxşı anlayırıq. Təbii ki, tələsərək tarixi yurd yerlərimizə qayıtmaq, qovuşmaq istəyirik, bu da başa düşüləndir. Şuşada, Ağdamda və digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, yaşayış, məşğulluq və digər həyati əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində əsaslı dönüşə nail olacağıq. Öz-özümlə söhbət edərək, Ağdam torpağı üzərində addımlayaraq, fikirlərimi analiz edərkən gördüyüm ümumi vəziyyət diqtə edir ki, Ermənistan dövləti ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi sülh və sabitliyin təmin edilməsi, ləyaqətli qayıdışa nail olmaq baxımından xüsusi əhəmiyyət daşıyır - bu amili unutmamalıyıq.

Ağdam torpağı, onun fədakar insanları vəzifə, xəzinə ilə müqayisə edilə bilməyəcək yüksək dəyərləri özündə əks etdirən ünvandır, daima istisi sönməyən ocaqdır. Bu torpağın çox böyük şanlı tarixi, strateji statusu olmuş və olacaqdır. Qarabağ xanı Pənahəli xan bu region üçün nə qədər böyük işlər görmüşdürsə, Ağdamlılar ənənəyə sadiq qalaraq inkişaf-quruculuq missiyasını layiqincə qoruyub saxlamış, inkişaf etdirmişlər. Rayonun əmək-zəhmət adamları yaraşıqlı, bənzərsiz şəhər tikib yaratmışdılar, bu şəhəri nümunəyə çevirə bilmişlər, təhsil, elm, mədəniyyət sahələri durmadan inkişaf etdirilmişdi. Etiraf edim ki, azadlığına hədsiz sevindiyim, eyni zamanda, həyatımın enerjili dövrünü həsr etdiyim dağıdılmış, bütün siyasi-iqtisadi, maddi-mənəvi potensialı məhv edilmiş Ağdamı bu vəziyyətdə görmək, onunla həmsöhbət olmaq asan deyil. Baş vermiş vəziyyətin dözülməzliyi qarşısında özümüzdə güc toplayaraq gələcəyə nikbin baxmalı, yaşadığımız ömür payında Ağdam adı ilə bağlı əlimiz çatan, lakin hələ reallaşdıra bilmədiyimiz arzularımızın həyata keçməsinə nail olmalıyıq, bu, həm vətəndaş borcumuz, həm də uzun illər boyu azad olunmasını arzuladığımız Ağdama olan borcumuzdur - hər kəs özünə uyğun qaydada!

Ağdam kənd təsərrüfatı rayonu olduğu üçün yüz min ton üzüm, qırx min ton pambıq və taxıl istehsal edirdi, heyvandarlıq, yemçilik, sənaye, tikinti rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Emal müəssisələri, ticarət, xidmət müəssisələri, regional birliklər rayonun inkişafında mühüm rol oynayırdı. Adambaşına düşən ümumi daxili məhsulun həcmi keçmiş ittifaq miqyasında öncül hesab edilirdi, insanların əmlak və gəlirləri digər rayonlardan kəskin fərqlənirdi. Bütün bunlar isə Ağdamı gözəl bir şəhərə, inkişaf etmiş regiona çevirmişdir. Çox az adam tapmaq olar ki, vaxtilə bu rayonda olarkən öz təəccübünü bildirməsin. Hələ də Ağdamda olan yaraşıqlı evləri görənlər ermənilərin buranı vandalizmə məruz qoymalarına məəttəl qalırlar. Bəs belə bir inkişaf etmiş insan məskəninə qarşı törədilmiş vəhşiliyi uzun illər müşahidə etmiş, görərək görməməzliyə vuran beynəlxalq status daşıyan təşkilatlar, sülh yaratmaq istəyən qüvvələr hansı üzlə qarşımıza çıxmaq istəyirlər? Fransa kimi dövlətin lideri olan Makronun iftira və yalan üzərində qurulmuş çıxışları xalqımız tərəfindən birmənalı olaraq pislənilir, ümumi qənaətimiz bir daha bundan ibarətdir ki, öz gücümüzə arxayın olaraq, bizimlə strateji əməkdaşlıq, yaxın qonşuluq, milli kökümüzlə bağlı olan dövlətlərlə sıx əlaqə yaratmalıyıq. Bir daha qeyd edirəm ki, doğma torpağımızda olduğum hər an xəyal düşüncəmdə bizlərə düşmən kəsilmiş dövlətlərin siması, izləri aydın görünür, bu da hər birimizi düşündürməlidir, düşməni mövqeyindən çəkindirmək üçün bütün imkanlardan maksimum bəhrələnməliyik.

Ağdamın işğal olunması təkcə ərazi deyil, eyni zamanda inkişaf etmiş regionun insan amilinə qarşı törədilmiş mənəvi-siyasi terrordur. 1993-cü ilə kimi qazanılmış uğurlar onu təsdiq edir ki, bütün qazanılmış nailiyyətlərin əldə edilməsində Ağdamın idarəetmə strukturlarının, təsərrüfat subyektlərinin, elm, təhsil, mədəniyyət, səhiyyə, tikinti, sənaye, ticarət və xidmət sahələrinə rəhbərlik edən şəxslərin müstəsna rolu olmuşdur. Cəsarətlə deyə bilərəm ki, rayonda rəhbər kadrların peşəkarlıq və idarəetmə qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, ətraf rayonlar və respublikanın ehtiyac bilinən sahələrində iqtisadiyyatın gücləndirilməsi baxımından Ağdam ehtiyat kadr bazası hesab edilirdi. Respublikanın bir çox əhəmiyyət daşıyan, vacib hesab edilən sahələrində ağdamlılar dövlətə sədaqətlə xidmət edirdilər və bu gün də belədir.

Partiya-icra orqanlarında çalışmış Aydın Quliyev, Səyyaf Verdiyev, Dilruba Mustafayeva, Seymur İbrahimov, Həmzə Əliyev, Cəmilə Kazımova, İshaq Alməmmədov, Qəni Qasımov, Hüseyn Bayramov, Rüstəm Hacıyev və bir çox adlarını çəkmədiyim bacarıqlı, təşkilatçı idarəetmə rəhbərləri Ağdam torpağının layiqli təmsilçiləri idi, rayonun inkişaf etməsində nümunəyə çevrilmiş insanlar olmuşlar.

“Təhsil millətin gələcəyidir” - ulu öndər Heydər Əliyevin bu fikri Ağdam rayonunun təhsil sistemində hər zaman nailiyyətlərlə təsdiq olunmuşdur. Dünya şöhrətli Xudu Məmmədov, Rafiq Əliyev, Ədilə Namazova və adlarını çəkmədiyim yüzlərlə elm adamları məhz Ağdam təhsilinin və bu torpağın yetirmələridirlər. Qara Hüseynov, İsa Məmmədov, Abdulla Həşimov, Əfqan Mikayılov, Ofeliya Babayeva, Rəna Kərimova, Səlim Əzimov, İldırım Səfərov, Qənirə Rüstəmova, Sabir Abdullayev, Knyaz Quliyev, Zoya Ağamirova, Xanış Məmmədov, Səyyaf Əliyev, Əkbər Rüstəmov, Əlövsət Sadıqov, Sabir Rəhimov, Çimnaz Kərimova, Mobil, Məhərrəm, Cabbar, Vaqif, Kərim müəllim kimi əvəzsiz pedaqoqların fəaliyyətləri bu torpağın övladlarının yüksək təhsil və tərbiyə almasında böyük rola malik olduğunu təsdiq etmişdir. Ağdam rayonunun ziyalı mühitinin formalaşmasında rayon təhsil şöbəsinin müsbət rolu olmuşdur.

Ağdam rayonunun mədəni inkişaf səviyyəsi bir çox məsələlərdə keçmiş ittifaq və respublika səviyyəsində üstün göstəricilərinə görə fərqlənmişdir. Elm, dövlət, mədəniyyət xadimləri yetişdirən Ağdamda mədəni səviyyənin daim inkişafda olması yaradılmış baza ilə sıx bağlı idi. Respublikada ilk uşaq muğam məktəbi, dünyada ikinci çörək muzeyi, ənənəvi Xari bülbül, Natəvan qızlar bayramı festivallarına Ağdam ev sahibliyi edirdi, bu, ardıcıl xarakter daşıyırdı. Əvvəllər komsomol, partiya aparatında məsul vəzifə daşımış, uzun müddət rayon mədəniyyət şöbəsinin müdiri işləmiş Çimnaz Əliyevanın rəhbərliyi dövründə Ağdam ən parlaq mədəni inkişaf dövrünü yaşamışdır, tanınmışdır. Şahin Qasımov, Rafiq Rüstəmov, Fərhad Paşayev, Surxay Əlibəyli, Ağalar İdris oğlu, Esmira Süleymanova, Nazir Rüstəmov, Səməd Hətəmov və başqaları mədəniyyət tədbirlərinin uğurla həyata keçirilməsində bilavasitə iştirakçı olmuşlar.

Ağdam səhiyyə sistemi zamanına görə respublikamızda möhkəm tibbi bazaya malik olmuşdur, bütün istiqamətləri əhatə edən bu sistemdə Siyavuş, Məhəmmədəli, Yunis, Ədalət, Rizvan, Bəhram, Şükufə, Ənvər, Nizami, Muxtar, Fikrət, Rizvan, Natiq, Cəfər və adlarını çəkmədiyim güclü həkimlərimiz rayon zəhmətkeşlərinin sağlamlığı keşiyində ləyaqətlə dayanmışlar.

Aqrar sahənin inkişaf etdirilməsində Ramazan Quliyev, Hidayət Abbasov, Bəylər Abbasov, Zülü Əliyev, Xasay Əliyev, Alış Hümbətəliyev, Zülfü Cəfərov, Tamaşa Əliyeva, İldırım Cəfərov, İldırım Kərimov, Yasən Yusifov, Yaqub Əhmədov, Hüseyn Abbasov, Soltan Əzimov, Əli Cəfərov, Sabir Sadıqov, Araz Kərimov, Asif Cəfərov, Nofəl Mirzəliyev, Tahir Bəşirov, Musa Məmmədov, Səfər Səfərov və bir çoxlarının zəhmətləri çox olmuşdur.

Aydın Məmmədov, Rafiq Bəhramov, İlham Kərimov, Cabbar, Şakir, Barat, Tofiq, Şamil Bəhramov, Şəfiqə İsmayılova, Sumbat Rzayev, Elbrus Hüseynov, Telman Allahverdiyev, Nizami Quliyev, Çingiz Məmmədov, Əsgər Məmmədov, Fəridə Babayeva, Vəliyyəddin Bağırov, Rəşid Məmmədov, Ağa Nadir İsmayılovlar, Aybəniz Cəfərova, Nizami Süleymanov, Fikrət Əzimov, Hüseyn Əliyev, Soltan Qəhrəmanov, Sabir Hüseynov, Ənvər Əliyev, Tamilla İsmayılova, Nizami Əliyev və bir çox başqalarının rayonumuzun inkişafında mühüm xidmətləri olmuşdur.

Rayonun ictimai həyatında fəal iştirak edən qəzet, yerli radio qovşağının təşviqat və təbliğat, təşkilatçılıq rolunu xüsusi vurğulamaq istəyirəm. Peşəkar jurnalistlərimiz Bəbir Hüseynov, Şamil Əkbərov, Qanboy Əliyev, İlyas Allahverdiyev, Vaqif Məmmədov, Həsən Qəhrəmanov, Elşən Əliyev, Amil Novruzov, Möhtərəm Rəcəbova, Baxşeyiş Abbasoğlu, Novruz Nurullayev, zona müxbiri Ziyəddin Sultanov əmək-zəhmət adamlarının həyatlarının işıqlandırmasına xüsusi əhəmiyyət verirdilər.

Ağdamda güc strukturlarında çalışmış Rəşid Məmmədov, İslah Paşayev, Tofiq Babayev, Əvəz Quliyev, Tahir Məmmədov, Valeh Abdullayev, Mehdiqulu Mahmudov, Zakir Məmmədov, Füzuli Babayev, Mustafa Əkbərov, İlqar İsmayılov, Ramazan Burcayev, Müzəffər Ağazadənin dövründə qanunçuluğun möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilmiş, rayon sakinlərinin hüquqi maariflənməsi təşkil edilmişdir.

Belə bir deyim var ki, gənclik ömrün bahar çağıdır. Əslində də belədir! Gəncliyimi həsr etdiyim Komsomol komitəsi, onun dəyərli kollektiv üzvləri Şəhla, İradə, Raqub, Natiq, Azər, Rövşən, Zabil, Mükafat, Fatma, Həqiqət, Nəsibə, Rahibə, Ceyran, Maisə, Nizami, Əfqan, Sevda, Nüşabə, Kamil, Əkrəm, Mehman, Saday, Vaqif, Cahangir, Vəli, Fikrət, Famil, Qədir, Əli, Arzuman, İlham, Firəngiz, Arzu və minlərlə ağdamlı gənclərimiz rayonun bütün sahələrində böyük uğurlara imza atırdılar. 29 min nəfər oğlan və qızı öz sıralarında birləşdirən rayon komitəsi 1980-90 illərdə rayonun seçkili orqanlarında 247 nəfərlə təmsil olunmuşdur. Bu həm etimad, ictimai fəallığın göstəricisi, eyni zamanda ehtiyat kadrların hazırlanması baxımından məqsədli fəaliyyətin nəticəsi idi.

Bütün bu qeyd etdiklərim hamısı Ağdamı ziyarət edərkən (bizləri bağışlayaraq yenidən öz qoynunda yer ayıran) baş çəkdiyim ünvanlarda yaranmış təəssüratın nəticəsidir, adlarını qeyd etdiyim insanların çalışdıqları iş yerlərinin önündə dayanaraq hər birini xatırladım, Ağdamlı günlərimizdə necə gözəl insanlarımız olduğunu xatirə olaraq qələmə aldım.

2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təməlqoymada iştirakı, yaxın günlərdə Ağdama səfəri, Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı onu deməyə əsas verir ki, vaxtilə bu torpaqdan məcburi köçkün düşmüş, həyatlarını davam etdirən insanlarımız yeni, müasir üslubda tikilən Ağdama yaşamağa, qurub-yaratmağa qayıdacaqlar.

Ağdamın müdafiəsində iştirak etmiş könüllü müdafiə dəstələrinin üzvlərinin, bu torpaq uğrunda qəhrəmanlıq göstərərək şəhidlik-ölməzlik zirvəsinə ucalmış müzəffər Azərbaycan ordusunun əsgər və zabitlərinin xatirəsinə hörmət və ehtiramımı bildirərək, ruhlarına dualar edərək, qazilərin sağlam həyat davam etdirmələrini arzulayaraq hələ də müvəqqəti məskunlaşdığım ünvana qayıdıram. Ağdam torpağından, narahat ruhların dolandığı səmadan qulağıma gələn səs isə bizdən unutqan olmamağı və məsuliyyətli olmağı tələb edir.

Ağdamda yenidən görüşmək ümidi ilə!

SON XƏBƏRLƏR