Yumor insanı digər canlılardan fərqləndirən əsas keyfiyyətlərdən biridir. Heyvanlarda sevinmək hissi vardır, lakin yumor hissi yoxdur. Psixologiya elminin inkişafı yumorun daha incə çalarlarını üzə çıxardı. Sən demə, gülən insanları hipnoz etmək çox çətin imiş.
Böyük İtaliya yazıçısı və filosofu Umberto Ekonun dünyaca məşhur “Gülün adı” romanında süjet Aristotelin müəmmalı bir əlyazması üzərində qurulub. Monastır kitabxanasında saxlanan əlyazmanın sirrinin açılmaması üçün rahibləri qətlə yetirməkdən belə çəkinmirlər. Daha doğrusu, rahiblər müəmmalı şəkildə ölürlər. Əsərin sonuna doğru həmin əlyazmanın zəhərləndiyi məlum olur. Adamlar əlini dilində isladıb vərəqləri çevirdikcə zəhərlənirmişlər...
Əlyazma nədən bəhs etsə yaxşıdır? Gülüş sənətindən!
İsa peyğəmbər gülübmü? Xristian dini bu məsələyə münasibətdə az qala təriqətlərə bölünəcəkdi. Böyük bir çoxluq nədənsə İsanı güldüyü yerdə təsəvvür etmək istəmirdi.
İslam peyğəmbəri də yumora çox həssas yanaşıb. Bəzi hədis və təfsirlərdə ucadan və dişlərini göstərərək gülmək ədəbsizlik sayılıb.
Dinin gülüşə və yumora məhdudiyyət qoyması düşündürücüdür. Axı o, bir az da kütləvi təlqinə əsaslanır. Orta əsrlərdə hər adamın dərin-dərin düşünərək Tanrının və Axirətin varlığına inanması mümkün deyildi. Çoxluğa təsir etmək üçün bir az da total Allah qorxusu lazım gəlirdi.
Gülüş insanlığın təbii halıdır. Onun ilk insanla bir yerdə dünyaya gəldiyinə heç kim şübhə etməsin. Odur ki, cəmiyyət inkişaf etdikcə bir çox insan haqları kimi gülüş də tanınmağa başladı. Hətta getdikcə sənətə çevrildi.
Hələ qədim Yunanıstanda faciələrlə yanaşı komediyalar da yazılır və səhnəyə qoyulurdu. Hətta dahi Aristotel əsərlərində komediya ilə faciənin fərqini izah edirdi. Onun qiymətləndirməsində çox maraqlı bir məqam var. Filosofa görə, faciə real prototiplərdən, komediya isə stereotiplərdən doğulur.
Tarixi ənənə olsa da gülüşün sənətə çevrilməsi prosesi uzun və ağrılı oldu. Əvvəlcə saraylarda şahı güldürən, onun kefini açan adamlar peyda oldu. Elə 1 aprelin Ümumdünya gülüş günü kimi qeyd olunması da saray ənənəsidir. Qədim Romada xidmətçilərdən hansısa imperator Konstantinlə zarafatlaşaraq, gülüşün Romaya ondan daha çox fayda verdiyini söyləyir. Normalda imperator onu cəzalandırmalı idi, lakin güldü və imperatorluğu ildə bir gün bu cür adamların ixtiyarına verdi.
Oxşar situasiyaya bizim Molla Nəsrəddinlə Teymurləngin münasibətindən bəhs edən lətifələrdə də rast gəlirik.
İnsan özünü tanıyandan ünsiyyətdə olduğu insanları güldürməyə həvəs göstərib. Cəmiyyətdən təkidlə ciddiyyət tələb edən dinlərin gizli-aşkar qadağasına baxmayaraq, gülən və güldürən adamları hər kəs xarizmatik sayıb, onlara xüsusi münasibət göstərib. Bu gün də komik aktyorlar tamaşaçılar arasında ən çox sevilənlərdir. Çarli Çaplinin səssiz filmlərinin dünyanı fəth etməsi gülüşün əbədi qələbəsinin göstəricisidir. Azərbaycanda Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan kimi aktyorlara bəslənən sevgi də eyni mənbədəndir. Mədəniyyətimizin simvoluna çevrilən “O olmasın, bu olsun” və “Arşın mal alan” filmləri də əslində musiqili komediyadır.
1 aprellə bağlı günümüzə qədər gəlib çatan müxtəlif əhvalatların hamısı eyni məntiqə söykənir: insanı gülüşdən ayrı təsəvvür etmək olmaz. Şübhəsiz, lətifələrin yaranması da bu gerçəkliyin nəticəsidir.
Azərbaycanın Şəki bölgəsi məxsusi olaraq lətifələr yurdu kimi tanınır. Lakin digər bölgələrimizin, o cümlədən Zəngəzur və Qarabağın lətifələri heç də Şəkidən geri qalmır. Az qala hər kəndin özünə xas əhvalatları vardır. Rəngarəng dialekt və ləhcələr bu əhvalatlara xüsusi orijinallıq gətirir. Çoxsaylı kitablar yazılsa da, bilirik ki, Zəngəzur və Qarabağ lətifələri lazımınca tədqiq olunmayıb. Torpaqlarımızın işğaldan azad olunması bu istiqamətdə xüsusi perspektiv vəd edir.
Bəzən 1 apreli yanlış olaraq “Aldatma günü” kimi səciyyələndirirlər. Bəli, doğrudan da aprelin ilk günü biri-birini zarafatla aldatmaq adəti vardır. Tarixi mənbələrdə də “Aldatma günü” ifadəsinə rast gəlirik. Lakin unutmamalıyıq ki, bu “aldatma” gülüş naminədir. Yəni gerçək aldatma yox, zarafatdır. İsveç və Almaniya kimi ölkələrdə 1 aprel “yalanlar”ını efirdən də söyləyiblər. Misal üçün, 1957-ci ildə BBC-nin “Panorama” xəbər kanalı havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişdiyini açıqlayıb. Televiziyaya çoxsaylı telefon zəngləri gəlib. Telefonu açan əməkdaşlar zəng edənlərə ciddi-ciddi bir qutu tomat və sosiskalı spagetti əkərək dua etməyi məsləhət görüblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
Bəs bütün bu hoqqaların məqsədi nədir? Əlbəttə, insanlarda pozitiv əhval yaratmaq. Yalan heç vaxt pozitiv enerji verə bilməz. Lakin o, gülüş naminə, zarafat naminə deyilirsə, məsələnin mahiyyəti dəyişir.
Yumor həm də stress və depressiya zamanı ən yaxşı müalicədir. Dilimizdə “kefini açmaq” ifadəsi vardır. Diqqət edin, gülməli bir əhvalat qədər insanın kefini açan ikinci bir şey yoxdur. Bunu yalnız çox yaxşı bir xəbər əvəz edə bilər. Belə xəbərlərsə həmişə olmur. İllah da Azərbaycan kimi çətin tarixi dövrlər yaşayan bir ölkədə.
Koronavirus pandemiyasının ağır karantin günlərində bütün dünya insanları psixoloji böhran yaşayırdı. Azərbaycanda da analoji hal baş verdi. Bu zaman sosial şəbəkələrdə gözlənilənin əksinə olaraq pandemiya ilə bağlı gülməli statuslar, videolar yayılmağa başladı. Az vaxt ərzində trendə çevrilən bu adəti tənqid edənlər, “hər şeyi lağ-lağıya çevirmək olmaz” söyləyənlər oldu. Həmin vaxt professor Qorxmaz Quliyev kiçik bir yazı yazdı. O, vəziyyəti ustad gözü ilə müşahidə edərək belə bir haqlı nəticəyə varmışdı: sosial şəbəkələri ağzına alan gülməli paylaşımlar insanların müqavimət hissini gücləndirir.
Biz bunu 44 günlük zəfər müharibəsində də gördük. Əsgərlərimiz düşmənin üstünə gülə-gülə gedirdilər. Çox zaman bu gülməli çəkilişləri paylaşıb arxa cəbhəyə də pozitiv enerji ötürürdülər. Qələbənin əldə olunmasında bu yüksək əhval-ruhiyyənin mühüm rolu oldu.
İnsan yumor hissini itirməyibsə, demək, təmkinini və ayıq-sayıqlığını itirməyib. Özünə ironiya isə eqo üzərində qələbədir.
Üzünüzdən təbəssüm əskik olmasın.
Şərif AĞAYAR