Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Belə ki,Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal-qərbdə yerləşən İsmayıllı rayonunun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. Kəlağayının daha çox məhz bölgələrdə istehsal olunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz, Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.
Azərbaycanda ipəkçilik ta qədim zamanlardan təşəkkül taparaq böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, eyni zamanda Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna etiva edir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin məna daşıdığına görə yüz illərdir ki, dəyişməz olaraq qalır. Naxışlar çərçivəsində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətindən ən çox yayılmış bəzək elementlərindən biridir. Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornametrlərə görə fərqlənir. Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşidlərindən daha çox istifadə olunur. “Heyratı”, “Soğanı, ”İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdır.
Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir. Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəsiyyət dolu nəfəsi, doğmalıq hərarəti vardır. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, gənc qızlarımıza aşılanacaq, ruhumuz doğma hərarətdən daim qidalanacaqdır.
Milli dəyərlərimizin qorunmasına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət numunəsi olduğu beynlxalq səviyyədə öz təsdiqini tapmışdır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Tahirə AĞAMİRZƏ