20.04.2024, 02:19
AZ EN
23.09.2022, 08:29

Azərbaycanlının Göyçə, Zəngəzur haqqı

Şərif AĞAYAR

  • Müharibə iki ildir bitdi, lakin qarşıda hələ həllini gözləyən ciddi prob­lemlər hələ də qalmaqdadır. Çünki biz konstruktivliyi olmayan bir ölkə ilə qarşı-qarşıyayıq. Ən böyük problemlərdən biri, bəlkə də birincisi budur. Məsələ sərhədlərin delimitasiyası və demarkasiyası ilə həll olunana oxşamır. Çünki Çar Rusiyasının Qafqaz siyasəti yüz illər ərzində formalaşıb, şaxələnib və burada yaşayan xalqların düşüncəsində özünə yer edib, onu bir günə-beş günə beyinlərdən silmək mümkün deyil.

Bu günlərdə İrəvan xanlığı, xüsusən xanlığın son dövrləri, yəni 19-cu əsrin əvvəlləri haqqında bir məqalə oxudum və tarixin təkərrürünə bir daha heyrət elədim. Söhbət Azərbaycanın Türkiyə, İran və Rusiya üçbucağında qalan həssas bir parçasından gedir və ermənilərin böyük geosiyasi oyunlara alət olması, həm də bunu bizim faciələrimiz üzərində reallaşdırması insanda təəccüb qarışıq qəzəb doğurur. Məqsəd tamamilə aydındır: erməniyə kiminsə torpağı lazımdır, rusa isə Türkiyə və Azərbaycan arasına çiv kimi döyülən bufer zona. Qafqazın ən böyük probleminin bünövrəsi bax beləcə qoyulur. Yoxdan Qafqazda erməni xalqı formalaşdırılır və ona Azərbaycanın tarixi torpaqları hesabına vətən düzəldilir.

O zaman da hadisələrin qaynar nöqtəsi Göyçə və Zəngəzur idi. Məhz Göyçə, məhz Zəngəzur. Bu gün də daha çox bu ərazilər müzakirə mövzusudur. Qarabağ məsələsi aşağı-yuxarı həllini tapmış kimi görünür. Tapmış kimi niyə yazdım: bir xəstəliyin tamamilə sağalması üçün onun səbəbi aradan qaldırılmalıdır, yoxsa gec-tez özünü yenə büruzə verəcəkdir. Hətta Göyçə və Zəngəzur problemini də həll etməyə yaxın olsaq, o zaman mövzu İrəvana doğru irəliləyəcək. Çünki hər şey bu qaim-qədim Azərbaycan şəhərinin işğal edilərək ermənilərə hədiyyə olunmasından başladı.

Mənim düşüncəmə görə, İrəvan qədər Azərbaycanı, Azərbaycançılığı ifadə edən şəhərimiz olmamışdır. Xalçasından, memariyəsindən, mətbəxindən tutmuş coğrafi mövqeyinə qədər. Hətta geniş rakursdan yanaşanda İrəvan Qafqazın hüdudlarını aşaraq daha qlobal əhəmiyyət daşımağa başlayır. Söhbət Türkiyə ilə türk dünyası arasında yerləşən, bizim olarsa qapı, yadların olarsa sədd rolunu oynayan möhtəşəm tarixi şəhərdən gedir.

Qərbi Azərbaycandan çoxsaylı dostlarım var, onlarla hər dəfə ünsiyyətdə olanda məndən Laçın barədə soruşurlar. İstisnasız olaraq! Hətta bəzən ilk baxışdan lazımsız görünən xırda təfərrüatları öyrənmək istəyirlər. Mən onları bütün varlığımla anlayıram. Axı eyni hissləri özüm də yaşamışam. Gədəbəydən, Daşkəsəndən olan dostlarımızdan hər dəfə nələrsə soruşmuşam, içimdə onların yay tətillərində öz evlərinə getmələrinə gizli bir həsəd hissi də bəsləmişəm. Elə buna görə Laçınla bağlı Qərbi Azərbaycanlı dostlarla söhbət edəndə bir balaca sıxılır, bəzən utanıram. İnsan doğulacağı yeri seçmək şansına malik deyil, lakin gün gəlir sən doğulduğun ünvan üçün cəzalanırsan, bəzən öldürülürsən. Ən yaxşı halda səni oradan didərgin salıb bütün həyatını alt-üst edirlər. Bir gün isə hətta müharibəni də udursan, amma yenə öz doğulduğun yerə-yurda, böyüdüyün ev-eşiyə qayıda bilmirsən.

Vətən müharibəsindən iki il ötür. 2020-ci ilin sentyabrın 27-də başlayan müharibə 44 gün davam etdi və ağla­gəlməz uğurla yekunlaşdı. Müharibənin gedişi boyu radikal pasifist mövqe göstərən bəzi qələm adamları ilə mənim də polemikalarım oldu. Bütün mübahisələrdə Volterçi hesab oluna bilərdim: kiminsə öz fikrini ifadə etmək haqqına sayğı ilə yanaşıram (təbii, o, səmimidirsə), lakin qəbul etməmək haqqını da özümdən əsirgəmirəm. O polemikalarda Qarabağda nələrin baş verdiyini öz oxucularıma, xüsusən məsələdən az xəbərdar olan gənclərə izah etmək üçün sosial şəbəkələrdə paylaşdığım posta məhz azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi şəkildə köçürülməsi faktından başlamışdım. Çünki hər şey gerçəkdə də oradan başlamışdı.

Hamı Qarabağda yaşayan ermənilərin hüququndan danışır. Olsun. Elə Azərbaycan hakimiyyəti də bütün ölkə vətəndaşlarının konstitusion hüquqlarının onlara da veriləcəyini söyləyir. Sadə desək, Azərbaycan dövləti bu ərazidəki ermənilərin öz evlərində təhlükəsiz yaşayacağına zəmanət verir. Doğrudan da ermənilər bizim konstitusiyamıza uyğun şəkildə Azərbaycanın istənilən yerində yaşaya bilərlər. Necə ki, Qarabağ konflikti başlayandan bəri Bakı şəhərinin özünü tərk etməyən minlərlə erməni hələ də təhlükəsiz yaşayır. Bəs biz bu haqqı səmimiyyətlə tanıyırıqsa, İrəvanda, Göyçədə, Zəngəzurda yaşayan azərbaycanlıların haqqı niyə tanınmasın? Başımız keçəldirmi? Həm də söhbət Azərbaycan ərazisində yaşayan ermənilərdən sayca qat-qat çox olan yüz minlərdən gedir...

Bəli, indiyədək zəif idik, danışa bilmirdik, indi ki, güclüyük. İkili standartlarla nə qədər yaşayacağıq? Və son otuz il səbr edib dözməyin heç bir nəticə vermədiyini göstərdi. Dözmək də bir yerə qədərdir. Problemi həll eləmək lazımdır. Problemin həlli isə çarizm siyasətindən qurtulmaqdır. Çünki bu siyasət münaqişənin həllinə yox, onun daim var olmasına və kənardan müdaxilə imkanı yaratmasına hesablanıb.

Təəssüflə qeyd edək ki, çox zaman dünyanın mütərəqqi ölkələri də bu və ya digər səbəbdən elə özünü çar imperiyası kimi aparır.

Qafqazda sülh istəyənlər mütləq ədaləti bayraq etməlidir. Bu ədalət isə ən azı yaxın tarixə qısa bir nəzər salmağı zərurətə çevirir. Söhbət Azərbaycanda yaşayan ermənilərin hüququndan gedirsə, haqq tərəzisinin o biri gözünə Ermənistanda yaşayan azərbaycanlıların hüququ qoyulmalıdır. Əsl sülh, əsl razılaşma bundan sonra baş tutacaqdır. Bu gerçəyi inkar edənlər münaqişənin həll olunmasını istəmirlər.

Hələ detallara gedib 8 noyabrda imzalanan müqavilənin bəndlərinə əməl etməmələrindən danışmıram.

İtkilərə səbəb olan son silahlı münaqişənin Azərbaycan tərəfindən başladıldığını vurğulayanlar var. Qalib münaqişə törətməz. Ordumuz sözünü deyib və məsələ həll olunub. Münaqişəni törədən bu reallıqla barışmayan, quldur təfəkkürlü erməni separatçılarıdır. Bəzən dinc xalq kütlələri də bu aldadıcı təbliğatın vasitəsinə çevrilir. Ermənilər başa düşməlidir: indən belə müharibə onlara heç nə verməyəcək, adam kimi danışıq masası arxasına oturub sülh üçün cani-dildən çalışmaq lazımdır. Əslində, biz buna çox yaxın idik. Elə hər iki tərəfdən (təbii, ermənilərdən daha çox) itkilərə səbəb olan son münaqişə də bundan sonra başladı. Otuz ildir eyni ssenarini izləyirik. Sülhün bir addımlığında erməni şovinistləri mütləq aranı qarışdıran qanlı bir əməl törədirlər və bundan daha çox özləri ziyan çəkirlər.