27.07.2024, 18:46
AZ EN
16.09.2022, 10:00

Bura bizim Vətəndir

Mina RƏŞİD

...Uca dağların, sal qayaların yanından keçib, dolama yollarla Şuşaya qalxırıq. Qoşa-qoşa bayrağımız Zəfər yolumuzda sanki bizi salamlayır. Nəhayət, Şuşada bacalardan çıxan tüstünü görərkən qəhərlənirəm... Şükürlər olsun, Şuşada üçrəngli bayrağımız ucalır, işığımız yanır, ocağımız tüstülənir, bulaqlarımız çağlayır, muğamatımız səslənir, üzümüz-gözümüz gülür. Dönə-dönə ürəyimdə “Bura bizim Vətəndir!”, söyləyirəm və göz yaşlarım qəlbimə axır...

Axı Şuşaya yenidən sahib olmaq, onu düşməndən azad etmək Azərbaycan əsgərinə canı-qanı bahasına başa gəlib. Dağlara necə dırmandıqlarından danışan əsgərin xatirələri düşür yadıma. Deyirdi ki, əlini atdıqca qayadan qopan parçalar əlində gəlirdi, yuxarı dırmanmaq çox çətin idi. Günlərlə yağışın altında qaldıq, otları çeynəyirdık... Bəzən də, günlərlə susuz qalan vaxtlarımız olurdu... Şuşaya qədəm qoyar-qoymaz bunları düşündüm. Şəhidlərimizi andım, bir də baxdım kənarda bir qazi dayanıb, hamıdan ayrılıb ona doğru qaçdım, salamlaşıb şəkil çəkdirdim, sanki müqəddəs bir varlıq kimi onun qolundan tutub gülümsədim. Axı o bizim qəhrəmanımızdır! Qazilər mənim üçün Şuşanın gəzən dağlarıdır... Sən demə, Füzulidən heyətə qoşulan qazi həm də, şair Səbuhi Qurbanov imiş...

Biz Şuşaya Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantıya gəlmişdik. Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış oldular. Qeyd edək ki, vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliy­yət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin iştirak etdikləri, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilmişdi. “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniy­yət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiy­yat xadimləri, digər qonaqlar iştirak edirdilər.

Tədbirdən sonra Cıdır düzünə yollandıq. Dillər əzbəri olan Cıdır düzünə mənim də ilk gəlişim idi. Böyük bir düz və qarşıdakı sıx, yaşıl meşəli dağlar, sılıdırım qayalar baxdıqca göz oxşayır və bizi qürurlandırırdı. “Bura bizim Vətəndir”, deyə o dağları, sal qayaları, onların uğrunda canını fəda edən şəhidlərimizlə, canlı əfsanə olan qazilərimizlə, müqəddəs bayrağımızla birgə qucaqlayıb bağrıma basmaq istədim... Arxadan şair Balayar Sadiqin zarafat dolu, şən səsi gəlir. Deyir, yıxılarsan, mənsə, Cıdır düzü ilə dağların, sərt qayaların arasındakı yarğana baxmaqdan özümü saxlaya bilmirəm. Yarğan da nə yarğan, yamyaşıl qorxunc dərinliyilə sanki düşmənə meydan oxuyur...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi o möhtəşəm, unudulmaz xəbəri xatırlayıram:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Biz necə unudulmaz bir tarixi yaşadıq və ömrümüzün sonuna qədər də yaşayacağıq...  Nə bəxtəvərik ki, Qarabağı, Şuşanı azad görmək bizlərə nəsib oldu. Allaha şükürlər olsun, dünən düşmənin yallı getdiyi Cıdır düzündə bu gün müqəddəs bayrağımız dalğalanır. Natəvanın, Bülbülün, Üzeyirin heykəllərinin yaralandığı Şuşamız bu gün bütün dünyadan bura gələn qonaqları salamlayır. Bu dəfəki səfərdə isə Turan elindən gələn türk, özbək, qırğız, qazax və başqa diyarlardan olan gənc şairlər Natəvan ocağında azad Şuşaya həsr etdikləri şeirlərini səsləndirdilər... 

Nəhayət, Şuşa səfərimiz başa çatır. Amma qəlbimizdə yeni bir Şuşa dastanı başlayır...

Şuşa sənət məbədi,

Gözəlliyin taxtıdır.

Şuşa Azərbaycanın

Mədəni paytaxtıdır.

Gözümüz aydın olsun. Zəfərin mübarək, Şuşam mənim!

Mina RƏŞİD