30.09.2022, 06:13
AZ EN
09.09.2022, 12:00

“Biz Laçına keçmişimizlə qayıdacağıq”

Tahirə AĞAMİRZƏ

  • Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiy­yətli addımları xalqımızda böyük ruh yüksəkliyi yaradıb. İkinci Qarabağ savaşında zəfərə imza atan Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərimizə tam nəzarəti ələ alıb. Üçtərəfli razılaşmaya əsasən, bölgədə qanunsuz məskunlaşmış ermənilər şəhər və kəndlərimizdən çıxarılıb. Bu ərazilərin əsl sakinləri isə 30 ildən sonra doğma el-obalarına qaytarılır. Artıq yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə hazırlıq görülür.

Prezidentimiz İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndindəki çıxışı zamanı səsləndirdiyi “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq “Qaçqınkom”a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq - fikirləri Qarabağa qayıdışın daha sürətlə həyata keçiriləcəyindən xəbər verir.

Hələ 2020-ci il 1 dekabrdan qayıdış ovqatına köklənən Laçın sakinlərinin “dəhliz” məyusluğuna da son qoyuldu. İndi sevinclərinin həddi-hüdudu olmayan laçınlılar dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. O günü səbirsizliklə gözləyənlərdən biri də məşhur “Laçın dəhlizi” şeirinin (qeyd edək ki, bu günlərdə “Laçın dəhlizi” kitabı işıq üzü görüb) müəllifi, şair-publisist Solmaz Laçınlıdır.

“Azərbaycanın heç bir guşəsini Laçını sevdiyim qədər sevib bəyənə bilməmişəm,” - deyən şair Böyük Qayıdış ərəfəsində öz təəssüratlarını bizimlə bö-lüşüb: “Mən Laçında doğulmuşam. 8 yaşıma qədər orada böyümüşəm. Sonra atamı Sumqayıtın, Mingəçevirin tikintisinə göndəriblər. Yəni, uzun müddət Laçından uzaqlarda yaşasaq da, hər ilin 3 ayını Laçının Əhmədli kəndində keçirmişik. Ailədə bir qardaş, dörd bacı idik. Atamla anam bizi hər yayda Laçına aparardı. Əhmədli kəndi çayın qırağındaydı”.

Namazın dəyirmanını, Qələçəyə gilas yeməyə getdiklərini xatırlayan Solmaz xanım xəyalən uşaqlıq illərinə qayıtmaqla onu o yerlərə çəkib aparan səbəbləri yada salır və aramla söhbətini davam etdirir: “Qələçəyə getmək üçün qızlarla ata minib çayı necə keçdiyim bugünki kimi yadımdadır. Orta məktəbdə oxuyurdum. İslansam da, atı mahmızlayıb çayı keçdim...”

Solmaz xanım Minkənd istisuyunda alaçıqların qurulmasından, orada gözəl istirahət etmələrindən də doluxsulanaraq söhbət açır, olub-keçənlərdən elə heyranlıqla, həyacanla danışır ki, Laçına təkcə özümüzün deyil, xatirələrimizin, keçmişimizin də qayıdacağına zərrə qədər şübhəmiz qalmır: “Biz İstisuya gələndə əmilərim, əmim uşaqları da orada olurdular. Gündüz vaxtı kişilər girirdi İstisuya, açıq məkan idi. Qadınlar, qızlar isə gecə ayın işığında yığışıb İstisuya girirdilər. Əmim uşaqları kahaların ağzında, qayaların başında keşiyimizi çəkərdilər. Həmin kahaların, qayalıqların 3 tərəfi də dağla örtülərdi, füsunkar bir gözəllik yaradırdı. O qayalıqlardan segah ucalardı. Əmim uşaqlarının yaxşı səsi vardı, birinin başladığı segahı digərləri davam etdirərdi. Biz İstisudan çıxana yaxın onlar kahalardan, qayaların başından aralanmazdılar,” - deyir Solmaz xanım...

Ətrafda yaşayan insanların onlara qaymaq, motal pendiri, quzu əti də gətirdiklərini minnətdarlıq hissi ilə yada salan Solmaz Laçınlı yaddaşında dərin iz buraxan, heç vaxt unuda bilmədiyi bir mənzərənin onu indi də heyrətləndirdiyini xatrlayaraq deyir: “Günün günorta çağı şıdırğı başlayan yağış alaçıqları döydü, sonra doluya çevirdi. Yağış kəsəndə alaçıqdan çıxıb ətrafa baxdım. Dağların arasındakı Minkənd istisuyunu, dağların döşündəki meşələri seyr edəndə yarpaqların necə parıldadığını, təbiətin necə təmizlənib yuyulduğunu və rəngbərəng göy qurşağının təbiətə daha bir gözəllik qatdığının şahidi oldum. Qarşımda sanki qeyri-adi gözəllik sərgisi açılmışdı. Onda 16 yaşım vardı. Təbiətin gözəlliyi qarşısında hönkür-hönkür ağladım. O hisslərimi, duyğularımı “Yadıma düşdü” şeirimdə ifadə etməyə çalışmışam”.

Baldırğan yığmağa gedərkən yağışa, doluya düşmələri, kahalarda daldalanmaları, çobanların qoyun sürülərini kahalara yerləşdirməsi də Solmaz xanımın keçmişlə bağlı kövrək xatirələridir. Ancaq bu xatirələrə uzun illərin ağrılı-acılı xatirələri də qarışıb: “Şuşa işğal olunanda artıq ürəyimə dammışdı ki, Laçın da gedəcək. Çox pis vəziyyətdə idim. Övladlarımın ikisi Şuşada, Ramiz Qəmbərovun batal­yonunda vuruşurdu. Onlar Şuşa işğal olunandan 13 gün sonra gəlib çıxdılar. Oğlum ağlayıb deyirdi ki, ana, biz səngərdə uzananda burnumuza kəklikotunun, cürbəcür otların, çiçəklərin ətri gəlirdi. Cənnət oraydı, axı, oranı necə qoyub çıxmaq olardı?! Oğlumun 4-ü də Qarabağ qazisidir. Böyük oğlum döyüşlərdə yaralanıb, beynində qəlpə var. Polkovnik oğlum Heydər Əliyev adına Hərbi Akademiyanı, eyni zamanda Türkiyədə hərbi Akademiyanın magistraturasını bitirib.”

Solmaz Laçınlını dinlədikcə adama elə gəlir ki, vətənpərvər şairə Laçına qayıdış ərəfəsində bütün xatirələrini, eşitdiklərini, gördüklərini, yaşadıqlarını sahmana salmaq istəyir. O keçmişlə bu gün arasında körpü salaraq nəslinin, şəcərəsinin Laçına hansı qırılmaz tellərlə bağlandığını gələcək nəsillərə çatdırır. Həmçinin sıralarımıza qatılmağı bacaran məkrli bir düşmənlə üz-üzə qaldığımızın ismarıcını verir: “Atamın anası tərəf, Leyli nənəm şuşalı qızı olub. Xan qızı Natəvanın törəmələrindəndir. Atam da gözəl qəzəllər, şeirlər yazardı. Fars, ərəb dillərini mükəmməl bilirdi. İsfəndiyar bəyin oğlu idi. Tərcümeyi-halımızda ağrılı məqamlar da var. Babamı “kulak” adı ilə Şuşa qalasına göndəriblərmiş. Anam bunları danışanda tüklərim biz-biz olur. Şuşa qalasında türmə rəisi işləyən erməninin babamın “yatab” adı ilə ölümə göndərilməsində xüsusi canfəşanlığı olub. Bəraət hökmü çıxandan sonra repressiya qurbanları əfv olunub. Lakin yaxınları babamın vəfat etdiyini öyrənsələr də harada dəfn edilməsi haqqında məlumat ala bilməyiblər.

Ağdamda tədarük idarəsində baş mühasib işləyən atamın taleyində erməninin mənfi mənada böyük rolu olub. Həmin idarənin müdiri yüksək vəzifəli bir şəxslə oturub-duran erməni qızı imiş. Hiyləgər erməni qızı elə bir görüntü yaradıb ki, guya Bahadır kişi ona ilişir. Özü tədarük anbarından bir çox şeyləri oğurlayır və havadarlarının əli ilə idarəni yoxlatdırır. Atamı mal əskikliyi ilə 1948-ci ildə həbsxanaya salırlar və bir vaxtlar atasının həbs həyatı yaşadığı Şuşaya “yatab” edirlər. Anam isə mənim dünyaya gəlişimi gözləyirmiş. Xəbər gəlir ki, atam tutulub. İyun ayının 26-da 3 günlük körpəni – məni qucağına alıb sürücü Fətişin maşınında Şuşaya gətirib. Pul müqabilində mənim körpə qundağımı atama göstərmək üçün içəri göndəriblər. Bütün dustaqlar qundağı əl-əl gəzdiriblər.

Deyiblər ki, yanaqları necə qırmızıdır. Atam dustaqlardan birinin siqaret qutusuna yazır ki, atası tutulsa da, yanaqları solmadı. Ömrü boyu yanaqları solmasın. Adını Solmaz qoydum.

Anam atamın xətti ilə yazdığı siqaret qutusunu indi də saxlayır. Beləcə mənim adım Şuşa həbsxanasında qoyulub. Bəlkə, ona görə həyat məni çox sıxdı. Atam çox yaxşı və təmiz insan olub. İndi bütün bunları xatırladıqca ürəyim Laçını istəyir”.

Solmaz xanım daha sonra qeyd edir ki, anamın 107 yaşı var. “Laçının dolaylarını yeddi qat piyada qalxacam, qızım. Təki Laçına gedim. Mən Qubalı XI qızıl ordunun qabağını 6 ay saxlaya bilən Qaçaq Mayılın qızı olsam da, mənə kəndimdə heç kim sahib durmadı. Amma Bahadır İsfəndiyar oğlu mənə sahib çıxdı. Bəraət alana qədər heç kim bilmədi ki, mən “xalq düşməni”nin qızıyam. Laçında da bu haqda heç nə soruşmadılar. Genim atamın genidir, amma mən özümü laçınlı hesab edirəm,” - deyir.

Solmaz Laçınlı deyir ki, anamla, övladlarımla, nəvələrimlə Laçına gedəcəyimiz günün xəyalı ilə yaşayıram. Əmilərimin, əmim qızlarının, oğlanlarının qəbirlərini ziyarət etmək, köhnə evimizdə qalmaq istəyirəm. Yurdumun bulaqlarını, axar çaylarını, yaşıl meşələrini, bərəkətli torpaqlarını, bir daha görəcəyimə, təmiz havasını ciyərlərimə çəkəcəyimə inanıram. Bu inamı isə bizdə Ali Baş Komandan cənab İlham Əliyevin qarşısı alınmaz güclü siyasəti yaradıb.

Biz laçına təkcə bu günü­müzlə deyil, keçmişimizlə, xatirələrimizlə qayıdırıq.