26.12.2024, 20:14
AZ EN
01.04.2022, 09:00

Şuşa zərifləri – Şuşanın baməzə adamları

Vasif QULİYEV

“Zərif” bütün dövrlərdə Şuşada öz incə yumoru, zarafatı, məzəli lətifələri və hazırcavablığı ilə məclisdəkiləri əyləndirib-güldürənlərə verilən ad olub. Onlara təlxək, ya da dübbə deyilirdi, yəni sözü və ədası ilə başqalarını güldürməyi özünə peşə etmiş adamlar idi.

Pulıpuği – 1731-ci ildə anadan olmuş, 1810-cu ildə vəfat etmişdir. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin sarayında yaşamış və şöhrət qazanmış təlxək-maskarabaz. Onun Molla Nəsrəddin lətifələrinə bənzər bir sıra duzlucalarında yaşadığı dövrün mühiti, Qarabağın və İbrahimxəlil xanın həyatından bəhs edən ayrı-ayrı hadisələr təsvir olunmuşdur.

Lotuoğlu – XVIII əsrin ikinci yarısında Şuşada yaşayıb-yaradan saray təlxəyi. O, sarayda və eyni zamanda müxtəlif məclislərdə və el şənliklərində un və yumurtadan hazırlanmış maye ilə qrimlənərək qaravəlli, meyxana və bədiyyə söyləməklə hünər göstərir, yamsılama yolu ilə müxtəlif insan surətinə girir, öz oyunlarında əhliləşdirilmiş meymun, ayı və tutuquşudan istifadə edirdi. Bəzən də özü hər hansı bir heyvan cildinə girir, him-cimlə rəqs edib oxuyurdu.

Alı Yüzbaşı – XVIII əsrin axırlarında-XIX əsrin birinci yarısında yaşayıb-yaratmış Qarabağ zəriflərindən biri. Dövrünün məşhur şairi Mirzə Həsən Yüzbaşovun atasıdır. İnzibati vəzifəsi yüzbaşı idi. Şəhərdəki komik oyunçuları birləşdirən xüsusi birliyə və oyunçu dəstəsinə daxil olmuş, onların məclislərində fəal iştirak etmişdir. Çalıb-oxumağı və rəqs etməyi bacaran bu şəxs bir sıra duzluca və lətifələri ilə el-oba arasında şöhrət qazanmışdı.

Kərimi Məmmədqulu – XIX əsrin əvvəllərində Şuşada yaşayıb-yaratmış el sənətkarı. Qarabağda fəaliyyət göstərən müxtəlif xalq meydan tamaşalarında, xüsusən də, şəbeh tamaşalarında müntəzəm iştirak etmişdir.

Şərbətalı – XIX əsrin birinci yarısında Şuşada yaşamış və el arasında geniş şöhrət tapmış məzhəkəçinin, lotunun adı. Təkcə Qarabağda yox, hətta bütün Zaqafqaziyada və İranda da məşhur olmuşdur.

Salatın – XIX əsrin ikinci yarısında Şuşada yaşamış lotunun adı. Qarabağda və Cənubi Azərbaycanda el arasında şöhrət tapmış komik bir oyunçu idi.

Çölqalalı lotu – XIX əsrin ikinci yarısında Şuşada yaşamış, öz baməzə hərəkətləri və oyunları ilə ad-san çıxarmış şəxsin adı. Şəhərin Çölqala məhəlləsində yaşamış və həmin məhəllənin adını özünə ayama götürmüşdür. “Çölqalalı”adı ilə tanınırdı.

Mirzə Əliyar – XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Şuşada yaşayıb-yaratmış el sənətkarı. Müxtəlif gözbağlayıcı və hoqqa oyunlarında yüksək sənətkarlıqla iştirak edib.

Qaçaq Hacıməhəmməd – Qarabağda məşhur şə­bih­gərdan. XIX əsrin axırları - XX əsrin əvvəllərində Şuşada şəbih tamaşalarının təşkilatçısı, rejissoru və bədii rəhbərlərindən biri. O, başında əmmamə, əynində uzun əba, bir əlində çubuq, o biri əlində şəbih nüsxəsini tutub meydançada ora-bura gəzir, oyunçulara nəzarət edirdi. Tamaşa boyu oyun meydançasında, tamaşaçıların gözləri önündə rejissorluq etməklə yanaşı, müasir suflyor, aparıcı və şərhçi vəzifələrini də yerinə yetirirdi. O, həm də oyunçu dəstəsinin başçısı kimi tanınırdı.

Allahverənli Kərbəlayi Şirin – 1868-ci ildə Şuşada anadan olmuş, 1931-ci ildə vəfat etmişdir. Qarabağ məclislərində və el şənliklərində öz məzəli zarafatları və lətifələri ilə uğurla çıxış edən baməzə bir şəxsiyyət idi. Mollaxana təhsili vardı. Ticarətlə məşğul olurdu. Dəfələrlə İrana, İraqa, Türkiyəyə, Orta Asiyaya, Şimali Qafqaza və başqa Şərq ölkələrinə səfər etmişdi.

Baməzəliyi ilə bütün Qarabağda şöhrət qazanan Allahverənli Kərbəlayi Şirin vaxtının çoxunu dost məclislərində, xüsusilə də, sirən gecələrində keçirirdi. Lətifələri indiyə qədər də dillərdə dolaşır. Yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” pyesindəki Dəli Şirin surətinin prototipidir.

Dəli Xudu bəy – Təxminən 1870-1920-ci illər arasında yaşamışdır. Qarabağın məşhur zəriflərindən biri, xalq arasında şöhrət tapmış mənalı gülüş ustası. Bir çox duzluca və lətifələr müəllifi idi. Mollaxana təhsili olsa da, öz fəhmi nəticəsində dünyaya açıq gözlə baxmış, bir sıra fəlsəfi, ictimai düşüncələrə və şəxsi mülahizələrə malik olmuşdur. Sakit təbiətli bu şəxs Şuşada xırda bir papaqçı dükanı açıb, ailəsini onun gəliri ilə dolandırıb. Hərdənbir gözlənilmədən gülüş doğuran və ya heç kəsin ağlına gəlməyən fikirlər söylədiyi üçün bəziləri ona “Dəli Xudu bəy” də deyərmişlər.

Seyid Həsən ağa – Qarabağın baməzə adamlarından biri idi. Kasıb bir ailədə anadan olmuşdu. Üç-dörd yaşı olarkən Xurşudbanu Natəvan onu oğulluğa götürmüş, öz doğma övladlarından seçməmiş, təlim-tərbiyəsi ilə ciddi məşğul olmuş, məktəb yaşına çatarkən təhsilini xüsusi mirzələrə tapşırmışdı.

Sovet hakimiyyəti illərində Seyid Həsən ağa Şuşada bazar müdiri və dağbəyi vəzifələrində çalışmışdır. O, Qarabağda bir masabəyi kimi də tanınımış, el toylarını məharətlə idarə etmişdir. Heç bir məclis, mədəni tədbir və mərasim onsuz keçməmişdir. Onun söz-söhbəti indiyə qədər də dillərdə dolaşır.

Qarabağın ən məşhur zəriflərindən olan Məşədi Bəylər Köçərli məhəlləsində yaşayırdı. Onun bütün həyatı maraqlı epizodlarla, lətifə və zarafatlarla zəngin olmuşdur. Ömrü boyu çayçılıq etmişdir. Həyatının son dövrlərində Məşədi Bəylərin çoxşaxəli zarafatlarından biri də artmış, “Madarlar cəmiyyəti” adlı əyləncə vasitəsi təşkil etmişdi. Həmin cəmiyyətə daxil olmağın şərtləri və qayda-qanunları vardı. Cəmiyyətin üzvlüyünə o adamları qəbul edirdilər ki, onun işdə müəy­yən bir səhlənkarlığı və yaxud duşunulməmiş, ölçülüb-biçilməmiş bir fəaliyyəti olsun. Məsələn, bir neçə nəfər müəllim qoyun alıb alışma eləyirlər ki, onun əti bazar qiymətindən ucuz düşsün.  Ancaq bunun əksi alınır. Bazarda 4 manata satılan ət onların hər birinə 6 manata başa gəlir. Yaxud da kimsə mağazadan qiymətli bir şey alarkən pulun qalığını satıcıdan istəməyi unudur. Beləliklə, bu cür fəaliyyəti olan adamlar “iclas”ın qərarı ilə cəmiyyətə daxil olur və hər biri də ayda 30 qəpik üzvlük haqqı verir. “Madarlar cəmiyyəti”nin üzvlərinin sayı 200-ə çatmışdı. Cəmiyyətin sədri dünyadan köçməsəydi, azı, bir müddət də, bəlkə də, şuşalıların hamısı bu cəmiyyətə üzv yazılacaqdı.

XX əsrin birinci yarısında Şuşada yaşamış “Pendir Ələkbər” bütün növ pendirləri çox sevdiyinə görə el arasında onu bu adla çağırmışlar. El şənliklərində, toy məclislərində çox gözəl rəqs etməyi ilə hamının hüsn-rəğbətini qazanmışdı.  Göy diaqonaldan şalvarı, geydiyi qastor çuxa ona xüsusi yaraşıq verirdi. Müasir, məşhur Qarabağ zərifi Çatıoğlu İsinin içki və qumar məclislərinin daimi iştirakçısı idi. “Pendir Ələkbər” sovet dövründə bir çox respublika və Ümumittifaq olimpiadalarında iştirak etmiş, müxtəlif mükafatlara layiq görülmüşdür.

XVIII əsr Qarabağının baməzə adamlarından olan, müdrik söz sahibi Şərbaf Kazım Şuşada kiçik bir dükan açıb şərbaflıq sənəti ilə, yəni, dəzgahda əl ilə parça toxumaq, boyaqçılıq və naxış vurmaqla məşğul olmuşdur. Şirin söhbətləri, duzlu, məzəli lətifələri ilə ətrafına çoxlu tanış, huşyar adamlar toplamışdı.

Şərbaf Kazım Qarabağ uğrunda, o cümlədən, qonşu xanlıqların ərazilərində gedən döyüşlərdə şəxsən iştirak etmiş, dəfələrlə əsir düşmüş və əsirlikdən qaçmışdır. İndiyə qədər də Qarabağda onun baməzə sözləri və lətifələri dolaşmaqdadır.

Çatıoğlu İsmayıl, yaxud Çatıoğlu İsi – XIX əsrin ikinci yarısında Şuşada yaşamış məşhur el sənətkarı idi. Toylarda və müxtəlif el məclislərində “ilanla oyun” oynadığından “toy lotusu”və Çatıoğlu ləqəbi ilə məşhurlaşmışdı. Komik sifət quruluşu olan Çatıoğlu İsmayıl müxtəlif məclis və el şənliklərində qaval çalan həmkarı Lotu Qulu ilə dümbələk (qoşa nağara) çalır, xanəndə bir mahnı oxuyandan sonra güləşib məzəlilik edərək oyun çıxarmağa başlayarmış. Məsələn, bir ilanla “mübarizə aparıb”, böyük mütəkkə ilə güləşərmiş. Hərəkətləri o dərəcədə təbii və inandırıcı olurmuş ki, tamaşaçılar onun, həqiqətən, ilanla mübarizə apardığına inanırmışlar.

Çatıoğlu İsmayıl kasıb olduğundan, əsasən, sənətkarlar və zəhmətkeşlər onu özlərinə dost hesab edərdilər. Varlılar və ruhanilər, tacirlər və bəylər isə Çatıoğlu İsmayıla yuxarıdan aşağı baxır, onunla oturub durmurdular. Onu mürtəd, dindən uzaq adam hesab edir, yaxına buraxmırdılar. Lakin bu el sənətkarı olmadan həmin adamların məclisləri də çox quru, sönük keçirdi. Ona görə də məcburiyyət qarşısında qalıb Çatıoğlu İsmayılı öz məclislərinə dəvət edirdilər.

Mahir və böyük sənətkar olan Çatıoğlu İsmayıl yaradıcılıq materiallarını xalq həyatından alır, öz istedadı ilə onları bəzəyib cilalayaraq tamaşaçılara çatdırardı.

Lotu Qulu – təxminən 1840-1910-cu illərdə Şuşada yaşamışdır. Bu el sənətkarı Çatıoğlu İsmayılla eyni dövrdə yaşamışdır. Uzunboylu, qarabəniz, qonur, yekəburun, gödək saqqal saxlayan, dramatik sifəti olan Lotu Qulu hazırcavab, baməzə, zarafatcıl, eyni zamanda qoçaq, ağıllı, cəsarətli, dərrakəli bir adam idi. Həmkarı Çatığolu İsmayılla müxtəlif məclislərdə, toy-bayramlarda, el şənliklərində iştirak edir, qaval çalır, camaatı maraqlı çıxışlarla, ləzzətli söhbətlərlə əyləndirirdi. O, bir andaca öz hərəkət və tövrünü dəyişməklə tamaşaçıları ələ almaq istedadına malik olmuşdur. Lotu Qulu bütün heyvanların, quşların səsini təqlid etməkdə, dümbələk çalıb rəqs etməkdə, qadınlara yaxınlaşıb naz-qəmzə göstərməkdə, akrobatik oyunlar çıxarmaqda, qaravəlli söyləməkdə olduqca mahir idi. O, tanıdığı adamların danışıq və hərəkətlərini elə yamsılayırdı ki, kənardan baxanlar və dinləyənlər elə bilirdilər ki, Lotu Qulu yox, həmin adamların özləridir.

Lotu Qulu təkcə Qarabağda yox, bütün İranda da məşhur idi. Camaat başqa bir baməzə adam görəndə deyirmiş: “Lap lotu Qulunun oyununu çıxarır”.

Vasif QULİYEV,

tədqiqatçı-jurnalist