30.09.2022, 07:53
AZ EN
09.09.2022, 10:35

Otuz ilin təbaşir yazısı

Şərif AĞAYAR

  • Azərbaycan Vətən savaşı boyu onlayn müharibə apardı. Biz virtual oyunlarda gördüyümüz döyüş səhnələrini Müdafiə Nazirliyinin kiçik videolarında izləyirdik. Sən demə, oyunlar bu canlı texnika əsasında dizayn edilibmiş. Hardan bilə bilərdik? İllah da, indi virtual dünya ilə illüziyanı alimlər özləri də bəzən bir-birindən ayıra bilmirlər.  

Müharibə boyu təkcə hərbi əməliy­yatlar deyil, əməliyyatların əks-sədası da onlayn hadisəyə çevrilirdi. Təhlükə­sizlik səbəbindən sosial şəbəkələrə giriş nə qədər məhdudlaşdırılsa da, adamlar müxtəlif yollarla öz istəklərini həyata keçirirdilər. Və sosial şəbəkələrdə təkcə arxa cəbhədəkilər deyil, döyüşə yollanan, hətta döyüşdə iştirak edən əsgərlərimiz də nələrsə paylaşırdılar. Nə gizlədək, çox zaman ənənəvi mətbuatın hələ nəfəs dərib, reaksiya vermədiyi xəbərləri sosial platformalardan alırdıq.

Təsadüfi deyil ki, ölkənin rəhbərliyi də həssas durumu nəzərə alıb ən vacib xəbərlərin, demək olar, hamısını sosial şəbəkələr üzərindən çatdırırdı. Azər-bay­­canda o qədər də populyar olmayan tvitter şəbəkəsi bir neçə günün içində əməlli-başlı izləyici toplamışdı. Xoşbəxtlikdən biz sosial şəbəkələr vasitəsi ilə daha çox xoş xəbərlər alırdıq. İtir­diklərimiz nə qədər ağrılı-acılı olsa da...

Müharibə xeyli vaxtdır bitib. Ancaq sosial şəbəkələrin Qarabağ mövzusu bitmək bilmir. İndi də biz bu şəbəkələr üzərindən insanların doğma yer-yurdlarına qayıdışını seyr edirik. Təbiət mənzərələri, emosional ziyarətlər, maraqlı çıxışlar, musiqilər, şeirlər...

İnsan nəyi yaşaya bilərsə hamısı...

Bu yaxınlarda mənim həyatım üçün də çox önəmli olan bir hadisə sosial şəbəkələr üzərindən reallaşdı. Doğulduğum Laçın rayonunun Ağbulaq kəndinə gedən qohumlardan biri çox gözəl təbiəti olan kəndimizin üstündəki kahadan azı otuz il əvvəl yazdığım bir yazının şəklini çəkib mənə göndərdi. Mən adi təbaşirlə yazılmış bu yazını feysbuk üzərindən paylaşdım və böyük rezonans yaratdı.

Demək, azı otuz il əvvəl biz üç nəfər uşaq, kənddən “Qiblə qayası” deyilən həmin əraziyə gedərək öz adımızı qayanın altındakı kahanın hamar səthinə yazmışıq. Və bu yazılar indiyədək dünən yazılıbmış kimi sağ-salamat qalıb.          

Foto ilk olaraq kövrək hisslərlə seyr olundu. Adamlar Laçın şəhərinin rus sülhməramlılarından və xaricdən gətirilən ermənilərdən təmizləndiyi, bütün rayonun möhtəşəm qayıdış yaşadığı bu günlərdə mənim paylaşımıma çox böyük həssaslıqla yanaşdılar. Doğrudan, həyat qəribə işlərlə doludur. Ağ-lımıza hardan gələrdi ki, bu yerlər işğal olunacaq və azı otuz il sonra dönüb gələndə təbaşirlə yazdığımız bu yazılar bizi qarşılayacaq? Ağlımıza gəlsə, heç olmasa, onu yazdığımız tarixi yadda saxlayardıq. Fikir bildirənlərin çoxu bunu Allahın bir möcuzəsi, taleyin bir qisməti kimi yozurdu.

Daha sonra sosial şəbəkələrə xas diskurs başladı. Adamlar o yazıların adi təbaşirlə yazıldığına inanmırdılar. Halbuki mən kahanı ziyarət edən qohumlardan dəqiqliklə soruşmuşdum. Təbaşir demişdilər. Hətta orda kömürlə yazılan adlar da varmış, onlar video və fotoda o qədər də yaxşı görünmürlərmiş.

“Qiblə qayası” kəndimizin coğrafi mövqeyinə görə qiblənin əks tərəfindədir. Bəs o zaman bura niyə belə ad veriblər? Bununla da maraqlandım. Sən demə, əvvəl kəndimizin insanları “Qiblə qayası”ndan şimali-şərqdə, “Qayabaşı” deyilən həm yaylaq, həm qışlaq ərazidə yaşayırmışlar, qibləni isə bu qaya vasitəsi ilə müəyyən edirmişlər. Meşənin içindən əzəmətlə dikələn bu qayanın altı böyük Ağdərə çayı, qarşısı isə əzəmətli Pir dağıdır. Kəndimizin bu hissəsində əsrarəngiz bir gözəllik mövcuddur.

“Qiblə qayası”nın daha bir özəlliyi budur ki, onun altına yalnız dar bir cığır gedir. Oranı nə yağış tutur, nə külək və azı otuz il ərzində pozulmayan təbaşirdən görünür ki, nəmliyi də yoxdur.    

Mən, indi kəndimizin Taxtakörpüdəki orta məktəbində tarix müəllimi işləyən Namiq Həsənov və hazırda Sumqayıt şəhərində ticarətlə məşğul olan sinif yoldaşım, qonşum Şükür Alışanov “Qiblə qayası”nın altına gəzməyə getmişik. Bu təxminən ötən əsrin 80-ci illərinin sonu ola bilər. Hərə öz adını öz xətti ilə qayanın altındakı daş lövhəyə yazıb. Həm də boy sırası ilə. Yəni ən uzunu birinci, ən balacaboyu sonuncu...

Mən öz xəttimi tanıdım bu yazıdan. Ona görə “bu təbaşir deyil, daşla yazılıb” deyənlərə ürəklə etiraz elədim. Axı daşla hərfləri belə yumşaq və səliqəli yazmaq olmaz. Şəkilə diqqətlə baxanda, az qala, təbaşirin tozunu da hiss edirsən.

Eyni zamanda, bizim adların altında bizdən əvvəl yazılmış yazılar da gözə dəyir. Hətta biri, çətinliklə də olsa, oxunur: “B.Allahverdi”. O da bizim kəndçimiz, qohumumuzdur. Bizdən yaşca böyük olduğu üçün adını da bizdən əvvəl yazıb. Amma maraqlıdır, o bizdən otuz il əvvəl yazmadığı halda, yazdıqları silinib, bizim yazılarımıza isə xırda bir zərər belə dəyməyib.

Həm də biz özümüzdən böyüklərə baxıb belə bir addım atmışıq. Təbaşirlə qayaya ad yazmaq hər zaman adamın ağlına gəlmir.

Təbaşir isə o vaxtkı sovet məktəblərinə gələn, uzun, qalın, dördkünc təbaşirlərdəndir. Çox keyfiyyətli və möhkəmdir. Yadımdadır, biz onları səliqə ilə kağıza büküb cibimizdə gəzdirməyi xoşlayırdıq. Həm məktəbdə istifadə edir, həm də hardasa başqa yerlərdə bu cür yazılar yazır, bəzən şəkillər çəkirdik.

İnsan bütün həyatı boyu özündən bir işarə qoymaq ehtiyacı hiss edib. İlk insan əlinə daş alıb başqa bir daşı cızmağa başladığı an incəsənət yaranıb. Lakin biz o qədər kitab-dəftərin içində qayanı yazmaq ehtiyacını hardan hiss etmişik? Bunu tam olaraq izah edə bilmirəm. Əksər sosial şəbəkə dostlarım kimi mən də bu hadisədə bir mistika görürəm. Burda tək nəsə yazmaq ehtiyacı deyil, həm də bir yurd, vətən təəssübü də var.

Bir az obrazlı düşünüb demək olar ki, Laçını bizim o təbaşirlə yazdığımız yazılar geri qaytardı. Çünki, doğrudan da, bu yazılar vətənə məsum bir sevginin göstəricisidir və bu dünyada hər şey bax bu cür məsum, iddiasız sevgiyə bağlıdır. O cümlədən doğma torpaqları işğaldan azad etmək...

Adımızın Vətən qayasına, Vətən daşına yazılıb otuz il orada qalması həm də bir məcazdır. Əgər adi təbaşirlə yazdıqlarımızı otuz ilin dözülməz məşəqqətləri silib ata bilməyibsə, Vətənlə ürəyimizə və ürəyimizlə vətənə yazdıqlarımız ömürlükdür, əbədidir, sonsuzdur.

Vətən bizim alın yazımız olduğu kimi biz də onun alın yazısıyıq.

Yazılarımız silinməsin heç zaman!