Nə qədər çətin də olsa, uzun illər boyu Şuşanın işğalını qəbul edə bilmədik, azadlığını arzuladıq, bu yolda bütün çətinliklərə dözdük. Dünyanın ən möhtəşəm hissinin, ən zəngin təbiətinin cəm olduğu, şərəf və qürur, milli birlik və mübarizənin ünvanı olan, vətən sevgisi və yurd həsrətini daha çox mənada bizlərə anladan, bütöv Azərbaycan xalqının milli birliyini öz həsrətli illərində daha da möhkəmləndirən Şuşanın görüşünə ailə üzvlərimlə gəldim və qürur duydum.
Bəli, bu qüdrətli, ecazkar şəhər tarixin müxtəlif dövrlərində hər cür basqılara, işğala məruz qalmış, lakin öz məğrurluğunu qoruyub saxlamışdır, bu günümüzdə də azadlığına qovuşaraq diqqət mərkəzindədir.
Pənahəli xanın tikdirdiyi Şuşa qalası istər xanın, istərsə də davamçılarının dövründə ictimai-siyasi xarakter daşımış, təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Nə qədər vaxt keçsə də, bütün zamanlarda Şuşa şəhəri həm qala, həm də təbiət incisi olaraq maraq dairəsində olmuşdur. Qafqazın konservatoriyası adlandırılan, milli musiqi ustadlarımızın vətəni, igid Azərbaycan övladlarının doğulduğu vətən torpağı, elm, mədəniyyət, dövlət xadimləri yetirən Şuşa şəhəri öz şöhrəti ilə böyük nüfuza malik olmuşdur. Vaqifin, Nəvvabın, Xan qızı Natəvanın, Azərbaycan musiqi tarixinə adını qızıl hərflərlə yazdırmış, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin, vokal ifaçılığı ilə şöhrət qazanmış Bülbülün, muğamlarımızın təkrarolunmaz ifaçısı Xan Şuşinskinin və yüzlərlə tanınmış şəxsiyyətin vətəni olmuşdur Şuşa!
Dəfələrlə talanlar, yanğınlar törədərək Şuşanın işğal edilməsinə çalışan ermənilər 1992-ci ilin may ayının 8-də bu gözəl şəhərimizi işğal etdilər. Etiraf etməliyik ki, Şuşanın itirilməsi ətraf rayonların da işğalına şərait yaratdı, sonralar baş verənlər isə hamımıza yaxşı məlumdur. Xalqın ümumi birliyinə xələl gətirənlərin müstəqilliyimizin bərpasından az sonra Şuşa kimi strateji əhəmiyyətli bir qala-şəhəri düşmənə təslim etməsinə nə ad verəsən? Yerli özünümüdafiə qüvvələri son damla qanlarına kimi döyüşdülər, lakin qeyri-bərabər qüvvə qarşısında çıxış yolu tapa bilmədilər. Çevik əməliyyat planı hazırlamağa cavabdeh olan mərkəzdəkilər isə vəzifə, hakimiyyət uğrunda mübarizə aparırdılar. Vətənimizin hər bir guşəsi hamımıza əzizdir, qiymətlidir. Qarabağ adı ilə, xüsusilə Şuşa ilə bağlı məsələlərdə isə milli xəyanətkar qüvvələrin vaxtilə yol verdikləri milli satqınlıq xalqımıza, dövlətimizə çox baha başa gəldi. Özünə ən etibarlı müdafiə mənbəyi hesab etdiyi qonşu rayonlardan da lazımi kömək ala bilmədi, hər tərəfdən yolları mühasirəyə alaraq xarici qüvvələrin köməyi ilə erməni silahlı qüvvələri şəhəri işğal etdilər.
2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər Azərbaycan Ordusunun rəşadətli qələbəsi ilə azad edilən Şuşamıza vətən sevgisi, yurd həsrəti ilə gəldik. Yol boyu bütün düşüncələrimin mərkəzində igid, qəhrəman vətən övladlarının Şuşanın azadlığı uğrunda gecə-gündüz addımlayaraq, hansı çətinliklərdən keçərək Zəfərə nail olduqları durur. Şəhidlərimizin qanı hesabına qazanılmış Zəfərin ən uca zirvəsi Şuşada olmaq qürurludur! Heç bir xəzinə, malik olduğun imkanlar, vəzifənin müqayisə edilə bilməyəcək bir ünvanı var - Şuşa! Məşhur mahnıların birində deyilmiş “Şuşanın dağları başı dumanlı” sözlərini “Şuşanın dağları başı vüqarlı” sözlərinin əvəz etməyinin vaxtı çatmışdır.
Şəhərdə gəzərkən vaxtilə tikilmiş xüsusi zövqlü evlərə, malikanələrə, füsunkar təbiətə, bütünlükdə maddi-mənəvi irsimizə vurulmuş ziyana görə erməni vəhşiliyini pisləyir, eyni zamanda onların bu əməllərinə görə nə vaxtsa cavab verəcəklərinə ümid edirəm.
Açığını qeyd etmək istəyirəm ki, qısa bir müddətdə şəhərin bərpası istiqamətində həyata keçirilən tədbirlər, təhlükəsizliyin təşkilinə ağıllı yanaşmalar azad Şuşamıza xoş, firavan həyat bəxş edəcəkdir. Müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində dövlətimizin tam mənada dəstəyi göz qabağındadır. Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyin fəaliyyətindən çox razı qaldım, burada hər bir iş ağıllı, düşünülmüş şəkildə həyata keçirilir.
Xarıbülbülün vətəni Şuşa haqqında xatirələrimi bölüşərkən bir məsələni də diqqət mərkəzində saxlamağın vacibliyini qeyd etmək istəyirəm. İlk növbədə 38 km məsafədə olan Ağdam-Şuşa yolunun bərpası üçün dəqiq və məqsədli planın həyata keçirilməsinə nail olmalıyıq. Abdal-Gülablıdan da Şuşaya ikinci yolun çəkilməsi də strateji baxımından çox əhəmiyyətlidir. Elə başa düşürəm ki, bu təklifim aidiyyatı qurumların nəzarətindən kənarda qalmayacaq, bunun üçün isə xüsusi zamana da ehtiyac olduğunu başa düşürəm.
Şuşanı gəzib dolandıqca bir daha əmin oldum ki, aləm cənnətə dönsə də, heç vaxt Qarabağ yaddan çıxmaz!
Şəhərin məhəllərini, tarixi yerlərini ziyarət edərkən hər yerdə şəhidlərimizin ruhu mənimlə birlikdə idi, haraya tamaşa etsəm də, gözlərimin önündə qəhrəman övladlarımızın müqəddəs simaları canlanırdı. Yüzlərlə şəhid gözləri bizə baxaraq nələr demək istədiklərini hər biriniz yaxşı başa düşürsünüz... Üzümü şəhərə tutub geriyə addımlayıram. Şəhidlərimizin əziz xatirəsini ehtiramla bir daha yad edərək, azad olunmuş Şuşanın xoşbəxt günlərə tezliklə qovuşacağına inanıram.
Bir məsələni xüsüsi qeyd etmək istəyirəm. Şuşaya çəkilmiş yeni abad, sözün əsl mənasında, Zəfər adına layiq yol bizi çox rahat şəhərimizə çatdırdı. Bu yol Azərbaycan dövlətinin qüdrətinin, yüksək quruculuq işlərinin göstəricidir. Bu torpağın azadlığı yolunda şəhid, qazi olmuş, hansı çətinliklər olmasına baxmayaraq Şuşanın azadlığını bizlərə qismət etmiş vətən övladlarının əsl qəhrəmanlığını görmək və qiymətləndirmək üçün mütləq bu şəhərə səfər etmək lazımdır. Bənzərsiz, dünyanın ən gözəl məkanı olan Şuşanı görmək, bu təbiətə xas hava və suyu qəbul etmək bütün xalqımıza qismət olsun! Bütün görülmüş işlər bir daha fikrimi gücləndirdi ki, həqiqətən də, Azərbaycan xalqı güclü xalqdır. Torpaqlarımızın azad olunması Azərbaycan dövlətinin qüdrətini tam təsdiq edir, bununla hər birimiz qürur duyuruq!
Azadlığın mübarək, əziz Şuşam!