26.12.2024, 20:04
AZ EN
02.09.2022, 09:25

Qəhrəmanlığın tarixi ənənəsi

Şərif AĞAYAR

  • Murovda ən yüksək zirvələrdəki mövqelərimizdən biri “Cabir postu” adlanırdı. Deyilənə görə, döyüşlərdə şücaət göstərmiş Cabir adlı bir zabitin adından götürülmüşdü. 1990-cı illərin əvvəlləri, hələ nizami ordumuz yaranmadığı bir vaxtda Cabir öz əsgərləri ilə bu postda imiş. Əsgərlərdən ikisi yuyunmaq və ərzaq gətirmək üçün aşağı düşmək istədiklərini bildirirlər. Cabirsə ehtiyatsızlıqdan onların hamısına birdən icazə verir və postda tək qalır.

Əsgərlərin getdiyini müşahidə edən erməni kəşfiyyatı özününkülərə xəbər verir. Onlar da öz xarakterlərinə uyğun xəyanətkar bir hücum hazırlayırlar. Cabir təkbaşına böyük bir dəstə ilə vuruşmalı olur. Bizimkilər xəbər tutub o əlçatmaz zirvəyə qalxana qədər Cabir öz mövqeyini inanılmaz igidliklə qoruyur. Erməniləri geri otuzduran əsgərlərimiz postda daxil olanda Cabirin al-qan içində şəhid olduğunu görürlər. O, sözün həqiqi mənasında, son damla qanına qədər vuruşmuş, pulemyotun arxasındaca ayaq üstə canını tapşırmışdı.

Murovda xidmət edən hər kəs bu əhvalatı hüznlü bir əfsanə kimi danışır. Niyə əfsanə deyirəm? Bəlkə, heç belə bir əhvalat olmayıb. Onu əsgərlərimizin ruh yüksəkliyi, öz mövqeyini heç vaxt qoyub qaçmamağı üçün uydurublar. Əslində isə Yusif Mirzəyevi, Raquf Orucovu, Mübariz İbrahimovu olan bir məmləkətin bəlkə də heç əfsanələrə ehtiyacı yoxdur.

Qəhrəmanlığın da ənənəsi var. Bu mənada biz Babəklər, Koroğlular, Qaçaq Nəbilər övladıyıq söyləmək boğazdan yuxarı populizm deyil. İnsanın genlərlə gələcəyə ötürdüyü mənəvi xüsusiyyətlər elm tərəfindən də sübut olunub.

 Bir də əfsanələrin mütləq baş vermiş olması vacib deyil. Ümumiləşdirmə deyilən bir şey var. Yüzlərlə qəhrəman bir əhvalatla bədiiləşdirilir və yaşadılır. Bəzənsə əfsanə kimi reallıqlarla rastlaşırıq.

Yazımızın bugünkü qəhrəmanı, həm babalarımızın igidliyi, həm tarixin təkrarı, həm də əfsanələrin gerçək baş verməsə belə, reallığı əks etdirməsi kontekstində çox dəyərli birisidir. Əslində, ona “baba” söyləməyə adamın dili gəlmir. Çünki dünyadan köçəndə cəmi-cümlətanı 20 yaşı vardı. Qarabağda əbədiyyətə qovuşan Cəbrayıl Dövlətzadə yaşında... Elə zahirən də xeyli bənzərdirlər. İkisi də ucaboy, işıqlı, yaraşıqlı... Tale müştərəkliyi də öz yerində...

Söhbət Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovdan gedir. Onun Cabir əfsanəsinə bənzəyən həyat hekayəti bir daha sübut edir ki, Qarabağdakı qəhrəmanlıqların və qələbələrin heç biri təsadüfi deyil. Hətta rəqəmlərin mistikasına inananlar onun qəhrəmancasına həlak olduğu 44-cü illə 44 günlük müharibə arasında analogiya da apara bilərlər.  Həmin ilin yayı. Belorusiya. Strateji əhəmiyyətli kəndlərin biri uğrunda qanlı döyüşlər gedir. Qvardiya leytenantı Cəmil Əhmədov kəndin müdafiəsini təşkil edir. Qəribədir ki, müdafiə səddi Tremlya çayının içində qurulmalıdır. Qurulur da. 20 yaşlı Cəmil qurşağa qədər çayın içində gecə səhərəcən vuruşur. Qolundan və ayağından yaralansa da, mövqeyini tərk etmir. Köməyə gələn sovet qoşunları ilə birlikdə çayı o üzə keçərək düşməni kilometrlərlə geri oturdur. Yaralarını da səhrada müalicə etdirir. Halbuki hospitala gedə, sağalanacan orda qala bilərdi. Lakin vaxt o vaxt deyildi. Alman faşistləri sürətlə, türklər demiş, geri püskürdülürdü.

Cəmil Əhmədov Polşaya qədər gedib çıxır və 1944-cü ilin 2 sentyabrında orada qəhrəmancasına həlak olur. Onu Varşavadakı qardaşlıq məzarlığında dəfn edirlər. Xatırladaq ki, orada Polşa uğrunda döyüşən qəhrəman sovet əsgərləri uyuyur.

Cəmilin qəhrəmanlığı sovet ordusu rəhbərliyinə məlum idi. 1945-ci ilin martında o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Doğma vətəni Cəbrayıl şəhərinin mərkəzində abidəsi ucaldılır. Şəhərin ən böyük məktəblərindən biri onun adını daşıyır. Cəbrayılda Cəmil Əhmədovun adına muzey də fəaliyyət göstərirdi.

Bu yenilməz Azərbaycan oğlunun ölümündən düz 50 il sonra – 1994-cü ildə qardaşı oğlu Məhəmməd Əhmədli də vətən uğrunda şəhadətə qovuşdu. Öz doğum günündə düşmən gülləsinə tuş gələn Məhəmmədin ölümündən bir neçə gün əvvəl atasına dediyi sözlər ürək parçalayır: “Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Sovet İttifaqının xatirinə döyüşüb. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən”.

Bu sözlər təsadüfi deyildi. Doğrudan da illər sonra Cəmil Əhmədovun qardaşı, Məhəmmədin atası Xalq yazıçısı Sabir Əhmədli Polşanın qardaşlıq qəbiristanlığına gedərək doğma qardaşının məzarını axtarmış və tapmışdı.

Məhəmməd şəhid olanda 24 yaşı vardı.

Sabir Əhmədli isə özündən 6 yaş böyük qardaşını ziyarət edəndə 30 yaşında idi.

Sabir müəllim qardaşının qəhrəmanlığından qürur duysa da, onun ağrısını çox dərin yaşadı. Az qala bütün əsərlərində bu ağrının ya birbaşa, ya dolayısı ilə izlərini görmək mümkündür. Eyni zamanda, oğlu Məhəmmədin itkisi ona ikili hisslər yaşadırdı. Şəhid atası kimi fəxr duyur, oğul atası kimi göz yaşı tökürdü.

Tarix hər zaman təkrarlanır. İllah da vətənin başı üzərini qara buludlar alanda. O zaman vətənimiz SSRİ idi – Cəmil Əhmədov onun müdafiəsinə getdi, indi vətənimiz Azərbaycandır – Məhəmməd Əhmədli də onun səngərlərinə yollandı. Sevindirici hal isə hər iki müharibənin qələbə ilə başa çatmasıdır. Demək, heç bir qan yerdə qalmır.

Cəmil Əhmədovun da, Sabir Əhmədlinin də, Məhəmməd Əhmədlinin də doğma şəhəri bu gün erməni qəsbkarlarından azad edilib. Sabir Əhmədli sağlığında bunu görməsə də, özünün “Ömür urası” romanında Cəbrayıla xəyali bir qayıdış edir. Orda Cəmil Əhmədovla da bağlı həssas bir məqam vardır: şəhərdə hər yanı dağıdan ermənilər, Cəmilin heykəlinə dəyməyiblər! Axı o, bir zamanlar ermənilərin də yaşadığı vətən üçün qurban getmişdi. Lakin Cəbrayıl azad ediləndən sonra bütün bunların yazıçı humanizminin və ortaq dəyərlər axtarışının məhsulu olduğunu gördük. Cəbrayılda daş-daş üstə qalmamışdı.

Qeyd etdiyimiz kimi, indi Cəbrayıl azaddır və tezliklə Cəmil Əhmədovun büstü öz yerində daha əzəmətlə ucaldılacaqdır. Sabir müəllimin utopik duyumu da öz yerini tapacaqdır. Çünki ən vacibi torpaqdır. O torpaq ki, bütün müqəddəs insanlar onun uğrunda qurban gedirlər.