26.12.2024, 21:01
AZ EN
26.08.2022, 09:25

Cilalanmasını gözləyən almaz

Şərif AĞAYAR

  • Laçın şəhərinin rus sülhməramlılarının müvəqqəti nəzarətindən tamamilə çıxarılması və Xankəndi-Ermənistan yolunun ətrafında tək-tük qalan ermənilərin bu ərazidən tam köçürülməsi prosesi başa çatmaq üzrədir. Payıza doğru həm Laçın şəhərinə, həm də Sus və Zabux kəndlərinə azərbaycanlı ailələr köçürüləcəkdir. Bu səbəbdən Laçın yenə də ölkənin bir nömrəli gündəmi, Qafqazın isə ən əhəmiyyətli ünvanlarından biri olaraq qalır.

Biz isə yazımıza növbəti hərbi-siyasi uğurumuzla giriş verib, başqa bir mətləbə keçmək niyyətindəyik. Laçınla bağlı toplantıların birində orta yaşlı müəllimə belə bir cümlə işlətmişdi: “Laçın almazdır, biz onu cilalayıb brilyanta çevirəcək və bütün dünyanı heyran qoyacağıq”.

Bu sözlər ziyalı bir xanımın nikbin arzusu olmaqla yanaşı, həm də həqiqəti ifadə edir. Laçın xüsusilə təbiətinə görə bənzərsiz bir coğrafiyadır. Lakin sovetlər dönəmində lazımi qədər öyrənilmədi. Hətta qonşu rayon Kəlbəcər qədər də qonaqlı-qaralı olmadı. Çünki yolları yaxşı deyildi. Laçında, demək olar ki, asfalt yox idi. Yaşım az olsa da, dəqiq xatırlayıram, biz Minkənd tərəfdən şəhərə gələndə elə ki, Zabux kəndinin içində Ermənistandan Xankəndiyə gedən asfalta çıxırdıq, özümüzü qəribə hiss edirdik. Yolun ra-hatlığından maşının dayandığını düşünənlər də olurdu.

Zabux kəndinin içindən düz bizim Ağbulaq kəndinə qədər təxminən 50 km yol idi, lakin biz bu yolu ən azı iki saata gəlirdik. Çünki Minkənd çayı, yoxuşa gedən xır yolu çox narahat idi və avtobus saatda otuz-qırx kilometr gedirdi. Bir detalı heç unutmuram. Rayon mərkəzindən atam mənə cib dabankeşi almışdı, mən Zabuxdan Bozluya – sərnişinlərin çay-su içməsi üçün avtobusun dayandığı yerə qədər onun üstündəki yazıları oxuya bilmədim. Çünki avtobus davamlı olaraq silkələnir, nəinki yazılarını oxumaq, bəzən dabankeşi əldə saxlamaq çətin olurdu.

Bütün kəndlərin yolu belə idi və bu yolla harasa getmək, turistlər, qonaqlar bir yana, Laçının aşağı kəndlərindən olan insanlara da çətin gəlirdi. Zərurət olmadığı təqdirdə rayonun səfalı yaylaqlarına doğru nadir hallarda səfər edirdilər. Bu səbəbdən Laçın azad edildikdən sonra biz tərəflərdən çəkilən videolar hamını şoka saldı. İlahi, biz necə də gözəl yerləri itirmişdik!

Şəxsən mən bir kəndçimin, yəni Ağbulaq kənd sakininin dünyanın heç bir tərəfində təbiət mənzərəsinə heyran qaldığını görməmişəm. Halbuki təbiət aşiqi laçınlılar Azərbaycanın dağlıq rayonundan tutmuş, Ural və Alp dağlarına qədər hər yerə səpələnmişdilər. Misal üçün, Daşkəsənə gedən həmyerlilərim həmişə belə deyirdilər: “Rayonun aşağası fərqlidir, ancaq Qoşqarın o üzü – Göyçəyə sarı çox gözəldir, bizim yerləri xatırladır”.

Bəli, bizim yerləri. Bizim yerləri xatırlatmaq dünyanın ən gözəl yeri olmaq anlamına gəlirdi.

Alp dağları dedim, məşhur bir əhvalat yadıma düşdü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlərindən olan Nurməmməd Şahsuvarovun həkim qardaşı, professor Mürsəl Şahsuvarov Almaniyada oxumuş, Avropanın bir çox ölkələrini gəzmişdi. O bizim kəndə qonaq gəlir, kəndin üstündən “Qaranlıq meşəsi”ndəki nəhəng palıdlığa, meşənin ayağından axan çaya və ətrafdan bu mənzərəyə fon verən əzəmətli qayalara, dağlara baxıb deyir: “İsveçrədə belə yerdə yaşamaq üçün adamlar qızıl pul xərcləyirlər, siz necə xoşbəxt adamlarsınız!”

Xüsusən, Ağbulaq şəlaləsi Laçının düşməndən azad edilməsindən sonra internet fenomeninə çevrildi. Sovet dövründə haqqında bir neçə dəfə məqalə yazılsa və fotosu qəzet-jurnallarda verilsə də, bölgədəki insanlar xaric Azərbay-can xalqının bu ilahi təbiət mənzərəsindən xəbəri yox idi.

Yaxud kəndimizin üstündəki “Dəmirçi bulağı”... Əzəmətli Pir qayası ilə üzbəüz, dağın nisbətən açıq yaxasında yerləşən bu bulağı sanki ulu təbiət məhz insanların dayanıb ətrafı seyr eləməsi, dincəlməsi, çalıb-oxuması, yeyib-içməsi üçün yaratmışdı. Dağın yaxasındakı xeyli geniş və rahat yastana, nəhəng armud ağacı, ağacın dibində suyu bal dadan bulaq... Lakin ora ilk gedənlər nə uzaqdan rahatca görünən nəhəng armudu tapa bildilər, nə də bulağı.

Bu yay mənim də müəllimim olmuş, həm də gözəl saz aşığı, kəndimizin “İşıqlı” ansamblının ən qocaman üzvlərindən biri Atlıxan Alxanov bir dəstə kənd cavanı ilə bulağa baş çəkdi, təxmin etdiyi yeri qazdırıb vaxtı ilə ora qoyduqları ağac novu tapdı. Nov torpağın altından salamat çıxdı, lakin bulaq öz yerini dəyişmişdi. Novu götürüb bulağın qarşısına gətirdilər və suyu turbaya yığıb əvvəlki şəklinə saldılar. Armud ağacı isə ya qurumuş, ya da kəsilib doğranmışdı. Ondan əsər-əlamət qalmamışdı.

Biz tərəflərə hörmətli qonaq gələndə onu mütləq “Dəmirçi bulağı”na aparırdılar.

1991-ci ilin yayında tanınmış şair Hüseyn Kürdoğlu başının dəstəsi ilə “Dəmirçi bulağı”nda qonaq oldu. Onu qarşılayan ziyalılar və el sənətkarları bu qiymətli anları videokameranın yaddaşına köçürdülər. Sənətkarlardan məşhur aşıq Umbay Axundov, Ədalət Axundov, balabançalan Tapdıq Həsənov bu görüntüləri qiymətli sərvətə çevirib. Hüseyn Kürdoğlu şeir oxuyub, ağsaqqal müəllim Əmir Əsgərov, o zamankı sovet sədri İsgəndər İsgəndərov maraqlı çıxışlar ediblər. Bu video hələ smartfon telefonlar çıxmamış kaset şəklində bütün məcburi köçkün obalarında əl-əl gəzir, bəzən yığışıb kollektiv şəkildə baxırdılar. Sonralar isə “Aşıq Umbay və Aşıq Ədalət Axundovlar Laçın 1991-ci il” adı ilə yutuba yükləndi. Çünki “Dəmirçi bulağı”nda keçirilən son təntənəli məclisə aid bu videomaterial Laçınla bağlı ən dəyərli xatirələrdən biri idi.

O videodakıların çoxu dünyasını dəyişib. Ədalət Axundov o məclisdən bir il keçməmiş gənc yaşında gözlənilmədən vəfat etdi, Əmir müəllim Laçın işğal olunanda itkin düşdü və hələ də  haqqında heç bir məlumat yoxdur, Hüseyn Kürdoğlu və İsgəndər İsgəndərov Laçın həsrəti ilə dünyalarını dəyişdilər. Ancaq ustad aşıq Umbay Axundov sağdır. Qaçqınlığın bütün əzablarını yaşayan və öz el-obasının ən ağır günlərinə şahid olan Umbay müəllim bu yay, 82 yaşında Laçına getdi, “Dəmirçi bulağı”ndan içdi, düz otuz bir il əvvəl ən yaxın dostları və qohumları ilə birgə çalıb-oxuduğu yerdə saz çaldı, şeir söylədi. Sonra bu yaşda at minərək “Dəmirçi bulağı”ndan bütün əzəməti ilə görünən Pir yaylağına qalxdı.

Bütün ziyarətlər müqəddəsdir, lakin Aşıq Umbayın “Dəmirçi bulağı”nı ziyarət etməsinin bir başqa mənəvi dəyəri var.

Bu həm də eli-obanı o yerlərə daha böyük ürəklə səsləməkdir.

Vətən gözəldir.