Xan Şuşinskinin Şuşada doğulduğunu, bu şəhərə bağlı olduğunu qeyd edən Aslan müəllim onun Pənahəli xanın nəvəsi İbrahim Xəlil xanın oğlu Məhəmməd Həsən ağanın nəticəsi Aslan ağanın oğlu olduğunu xatırladıb və deyib: “Xan Şuşinski Şuşanı hədsiz sevirdi, hər yay mütləq tətilini Şuşada keçirirdi. Şəhərdəki “Güllü bağ”ın girişindəki oturacaqda onun xüsusi yeri vardı. Xan Şuşinski Şuşaya gəlsə də, gəlməsə də, həmin o yerdə heç kim oturmazdı... Adəti üzrə, səhər-səhər bazarlığını edəndən sonra mütləq gedib o bağda oturar, öz həmyaşıdları ilə söhbətlər edər, sonra nahara yaxın bir stəkan turşsu içib, evə gəlib naharını edərdi. Həyətimizdəki ağacların dibini belləyər, su verərdi, yəni, tətil günlərini belə keçirərdi. Mütləq hər gün qonaqları olardı evimizdə...”
Aslan Cavanşirov Şuşa erməni işğalından azad edildikdən az sonra ata yurdunda olub. Xan Şuşinskinin 1960-cı illərdə orada aldığı evin qalıqlarını ziyarət edib. “Bizim mənfur düşmənlərimiz Azərbaycan izini hər addımda silməyə çalışırdılar, lakin buna nail ola bilmədilər. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, biz Şuşanı dirçəldəcəyik. Həqiqətən dirçələcək, Şuşa əvvəlkindən də gözəl olacaq. Mən əminəm ki, Xan Şuşinskinin ev muzeyi də bərpa olunacaq”, – deyə Aslan müəllim bildirib.
“Güllü bağ” haqqında söhbətini davam etdirən Aslan Cavanşirov Şuşanın bu məşhur məkanına atası ilə birlikdə getdiyi günləri xatırlayaraq deyib: “Hər səhər onunla evdən bir yerdə çıxardıq, piyada gedərdik Yuxarı Gövhər Ağa məscidinin yanındakı bazara, bazarlıq edərdik və atam məni bir nəfərə qoşub evə yola saldıqdan sonra özü “Güllü bağ”a gedərdi. Bir neçə dəfə mən də bağda onun yanında oturmuşam. Ağsaqqal kişilər otururdular, dərdləşirdilər, söhbət edirdilər, keçmiş xatirələrini bölüşürdülər”.
Xan Şuşinskinin şəxsi həyatından söhbət açan Aslan Cavanşirov deyib: “Atamın uzun müddət, yəni birinci evliliyindən övladı olmayıb. Anamla evlənəndən sonra 1958-ci ildə böyük bacım Bəyimxanım dünyaya gəlib. Atam 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və mədəniyyəti ongünlüyündə iştirak edərkən böyük bacım televizorda atamı görüb, barmağını ona tərəf uzadıb “dədə” deyib. Elə o vaxtdan etibarən biz də ailədə hamımız onu “dədə” deyib çağırardıq. Amma bütün xalq, hətta atamdan yaşca qat-qat böyük olan məşhur tarzən Qurban Pirimov da atama “Xan əmi” deyə müraciət edərdi. Yəni, cavan da, yaşlı da hamı onu Xan əmi kimi tanıyıb...”
Xan əminin sevdiyi yerlərdən birinin də İsa bulağı olduğunu qeyd edən Aslan Cavanşirov deyib: “Şuşaya istirahətə gələnlər üçün elə bil yazılmamış qaydalar vardı: çay içməyə, hava almağa Cıdır düzünə qalxardılar, kabab çəkməyə isə adətən, İsa bulağına yığışardılar. Burada məclislər qurular, ziyafətlər verilər, şeirlər oxunar, muğam dinlənilərdi, bəzən ziyafətlər uzun müddət, hətta çox vaxt səhərə qədər çəkərdi... İsa bulağının ecazkar bir aurası vardı. Ümumiyyətlə, orda ətrafda səsin daha yaxşı yayılması üçün bir akustika mövcuddur, təbii mühit var...”
Atasının unudulmaz Xalq şairi Səməd Vurğunla dostluğundan danışan Aslan Cavanşirov bu dostluğun 1920-ci illərin əvvəllərindən başlandığını bildirib. O, deyib: “Səməd Vurğun hər dəfə Şuşaya gələndə mütləq Xanı axtarardı və onun şərəfinə qurulan ziyafətlərin hamısı İsa bulağında yekunlaşardı... Günlərin bir günü Xanı dəvət eləyirlər, gəlir orda Səmədlə görüşürlər. Xan da bilir ki, onu dəvət eləyiblərsə, yanında tarzəni, kamançaçısı da olmalıdır. Müxtəlif mahnılar, muğamlar səslənir, birdən Səməd Vurğun qayıdır ki, “ay Xan, niyə təzə bir şey oxumursan?” Atam deyir ki, “ay Səməd, sən xalqımızın sevilən şairi, mən də xanəndəsi, sən yazdın mən oxumadım, yaz, oxuyum”. Səməd Vurğun da bədahətən, üzün tutur dağlara deyir:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...
Bu sözləri deyəndən sonra atam Qarabağ şikəstəsi üstündə həmin misraları ifa edir. Üstündən bir neçə il keçəndən sonra günlərin bir günü Səməd Vurğun Xanı tapıb deyir ki, ay Xan, səni tarixə saldım. Xan da soruşur ki, tarixə saldım nədi? Deyir ki, səhər bir qəzet alarsan. Səhərisi gün Xan qəzet alır və orda Səməd Vurğunun “Azərbaycan” şeirini görür, Xanın oxuduğu bir bənd də o şeirin içində olur... Çox yaxın mehriban, səmimi dostuqları olub. Hətta 1953-cü ildə Səməd Vurğun qara siyahıya düşür və bunu mən rəhmətlik Vaqif Səmədoğlunun özündən eşitmişəm. Deyirdi ki, bir anda, bir günün içində bütün dostlar, ətraf hamısı bizi atdı, bu da atama çox pis təsir elədi. Səməd Vurğunun bütün kitablarını eyni vaxtda satışdan yığışdırdılar, kitabxanalarda qadağa qoydular. Təkcə Xan əmi hər həftədə bir dəfə tarzən qardaşı Allahyarla gəlirdi bizə, çalırdılar, oxuyurdular, Səmədin belə könlünü alırdılar... Eləcə də 1938-ci ildə Xan Şuşinskini qara siyahıya salırlar. Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edəcək musiqiçilərin siyahısında Xan Şuşinskinin adı olmur. Respublikanın rəhbəri Mircəfər Bağırov Moskvada təşkilatçılardan soruşanda ki, bəs Xan hanı, deyirlər ki, o gəlməkdən imtina edib. Bu da Mircəfər Bağırovu çox qəzəbləndirir və deyir ki, qayıdan kimi bu işlə məşğul olarıq və həqiqətən də Xanın taleyi bir tükdən asılı olur. Həmin günlərdə Səməd Vurğun, Mirzə İbra-himov və bir də Süleyman Rəhimov yığışıb gedirlər Mircəfər Bağırovun yanına, Xanın təmənnasız verdiyi konsertlərin siyahısını göstərirlər ki, bu adam, yəni təmənnasız konsertlərdən heç vaxt imtina eləməyib. Həmişə belə konsertlərdə məmnuniyyətlə iştirak eləyib, Xan elə insan deyil. Bağırov da soruşur ki, Xan bəs niyə onda bu gün Ağdamda yaşayır?.. O zamanlar Şuşadakı ata – baba evləri ermənilər tərəfindən dağıdılandan sonra atam bir müddət Gəncədə yaşamış, sonra Qarabağa qayıdıb gəlib Ağdamda məskunlaşmışdı...”
İbrahim xanın nəslinin digər nümayəndələri kimi Xan Şuşinskinin də ata-baba yurdu, Aslan ağanın mülkü Şuşada Çuxur məhlədə olub. Aslan Cavanşirov deyib: “1903, 1905, 1907, 1918-ci illərdə Şuşa şəhərində ermənilər dağıntılar, yanğınlar törədiblər və o dövrdə xan nəslinə aid evlərin hamısını ermənilər dağıdıb və bundan sonra bir müddət babam Aslan ağa ailəsini də götürüb Ağdama köçməli olub. Sovet hakimiyyəti gələndən sonra Şuşadakı dağılmış ata-baba yurdunun yerində çox mənzilli bina tikmişdilər. Yəni ona görə də atam ata-baba yurdunda deyil, məcbur olub Çölqala məhəlləsində iki mərtəbəli ev alıb. Bu, artıq 1960-cı illərin əvvəllərində olub. 1924-cü ildən 1939-cu ilə kimi, demək olar ki, Xan Şuşinski ailəsi ilə Ağdamda yaşayıb. Hətta 1933-cü ildə Ağdam mədəniyyət şöbəsinin təklifi ilə Xan Şuşinskiyə o dövrdə mövcud olan “Xalq xanəndəsi” fəxri adı verilib. 1943-cü ildə Xan Şuşinski “Əməkdar artist” adı almadan birbaşa “Xalq artisti”adına layiq görülüb. Bu Azərbaycan tarixində ilk belə bir hadisə olmuşdur. Xan Şuşinski həm də “Xalq artisti” adı almış ən gənc sənətkar idi. Yadımdadır, 1971-ci il 30 dekabrda Azərbaycan Dövlət Filarmoniyasında Xan Şuşinskinin 70 illik yubileyi qeyd olunurdu. Yubiley tədbirinin sonunda Xan Şuşinski öz yetirmələri olan Sara Qədimova və Yaqub Məmmədovla bir yerdə “Qarabağ şikəstəsi”ni oxudu, sonra da üzünü tədbirdə iştirak edənlərə, hazırda böyük xanəndələr olan gənc müğənnilərə tutaraq dedi ki, mən babalarımızdan, atalarımızdan bizə yadigar qalan muğamlarımızı min bir əziyyətlə zamanın sınaqlarından, dövrün qadağalarından keçirərək gətirib, olduğu kimi bugünümüzə çatdırmışam. Sizdən təvəqqəm odur ki, muğamatımızı korlanmağa, məhv olmağa qoymayasınız, onu qoruyasınız, inkişaf etdirəsiniz...”
Aslan müəllim bu müraciətin ünvanlandığı korifey sənətkarların - Arif Babayev, Əbülfət Əliyev, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov, Canəli Əkbərov və digərlərinin bu gün gözəl yetirmələrinin, davamçılarının olduğunu məmnunluqla qeyd edib və deyib: “Mən hesab edirəm ki, onlar Xanın davamçılarıdır. Xanın nə vaxtsa öz ustadlarından aldığı muğam estafetini öz yetirmələrinə ötürdüyü kimi, o dövrün gənc xanəndələri olmuş ustad xanəndələr muğamlarımızı bu gün Xan üslubunda indiki nəslə ötürməkdə davam edirlər. Zaman gələcək ki, bu gənclər də nə vaxtsa özləri gözəl muğam ifaçıları yetişdirəcəklər...”
Aslan Cavanşirov atasının yolunu davam etdirməməyinin də səbəbini açıqlayıb: “Xan Şuşinski özünə qarşı tələbkar idi, xətrini istədiyi, ümidverici hesab etdiyi tələbələrinə qarşı da elə o cür tələbkarlığı vardı. Övladlarına da o cümlədən... Həmişə deyərdi, hansı sənətdə olursan, çalış birinci ol, ola bilməsən ikinci ol, ola bilmədinsə o sənətin dalınca düşmə. Çox istəyərdi ki, mən də onun kimi bu sənətin ardınca gedim, amma mən xanəndə olmadım, yəni məndə o səsin imkanları olmadığına görə o sənətin dalınca getmədim. Mən bilirdim ki, xalq məndə Xanı görmək istəyəcək, məndən onun səsini gözləyəcək, o da məndə yox idi, sıradan bir xanəndə olmaq isə...”