26.12.2024, 20:45
AZ EN
22.08.2022, 16:00

Ağdam bizi gözləyir

Sabit ƏZİMOV

  • Bu torpağın övladı olmaq qürur, həm də məsuliyyətdir. Bu torpağı ata-babalarımız miras qoyub getmişlər, biz də üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirməliyik.

1993-cü ilə kimi Ağdam, onun bütün siyasi-iqtisadi, mədəni inkişafı üstün dəyərlərə söykənərək, durmadan inkişaf edirdi. Rayonun bütün sahələrdə göstəriciləri keçmiş ittifaq və respublikalar səviyyəsində ən böyük qiymətlərə layiq görülmüşdür. Tarixi şəxsiyyət - Ulu Öndər Heydər Əliyev Ağdam rayonunun hərtərəfli inkişafına xüsusi diqqətlə yanaşmış, onun potensialını, təbii iqlim - torpaq və insan amili faktorunu yüksək qiymətləndirmişdir. İstər müstəqilliyimizin bərpasına qədər və istərsə də ondan sonrakı illərdə Ağdam rayonu kənd təsərrüfatı rayonu kimi qabaqcıl status daşımışdır. Özünüdərk səviyyəsi, mövcud zəngin ictimai mühit hər birimizdən məhz Ağdam adına layiq davranmağı, yaşamağı təqlid edirdi.

1993 - cü ildə Ermənistan silahlı qüvvələrinin Ağdamı işğal etməsi nəticəsində güclü iqtisadiyyata malik bütün maddi və mənəvi sərvətlərimiz dağıdıldı, vandalizmə məruz qaldı.

2020-ci il noyabrın 20-də erməni terror birləşmələrinin Ağdamdan çıxarılması nəticəsində ana torpağımıza qovuşduq, bu torpağın övladı olaraq uzun illərin həsrətindən sonra doğma yurd yerlərimizə ayaq basdım. Düşüncələrimdə gördüklərimi, olub-keçənləri, həyatımızın tam mənada ahəngini pozmuş hadisələri qələmə almaqda məqsədim odur ki, gənc nəsil - həyatımızın gələcək davamçıları və qurucuları Ağdam haqqında məlumat bazasına malik olsunlar, gələcəkdə nələrə diqqət yetirməyi unutmasınlar.

Nəzəri cəhətdən işğala qədər 1, 20, 40, 60 yaşlı insanların işğaldan sonrakı yaş hədlərini müqayisə edərək belə nəticəyə gəlmək olar ki, 3 və 4-cü yaş qrupuna daxil olan insanlarımızın bir çoxu indi həyatda yoxdur və ya az bir hissəsi həyatını davam etdirir. Ona görə də hazırda bizimlə birlikdə yaşayan əhali qrupumuzun çox hissəsinə ağdamlı günlərin təsviri və təbliğinə, informasiya məhdudluğunun aradan qaldırılmasına geniş yer verməliyik.

...Hər birimizə qucaq açan, işğaldan əziyyət çəkən Ağdam şəhərində İmarət kompleksindən sonra Mərkəzi meydana doğru yollanır, Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-70-ci illərdə milli memarlıq üslubunda tikilmiş Ağdam cümə məscidinin yanında dayanıram. Ağdamlı günlərimizdə bizimlə birlikdə yaşayan insanlarımız yaxşı bilirlər ki, bu ərazi necə abad, gül-çiçəklə əhatə olunmuş vəziyyətdə idi. İndi isə buraya qədər küçə, xiyabanlar və evlər tamamilə dağıdılıb, vaxtilə bu yerləri tanıdığım üçün xəyali düşüncələrimə əsasən əraziləri dəqiqləşdirirəm. Ağdam bazarı, əhaliyə məişət xidməti kombinatı, ticarət mərkəzi, idman məktəbi, şəhər 1 saylı orta məktəb, zərgərlik mağazası, şəhər qastronomu, qəlyanaltılar, ticarət birlikləri, kitab mağazası, istirahət parkı, fotoatelyelər, çay evi məscidə yaxın ərazidə yerləşirdi. Hazırda Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri aparılan Cümə məscidinin qarşısında dayanaraq dualar edir, şəhidlərimizə, bu torpaqda yaşayaraq dünyasını dəyişənlərə rəhmət diləyirəm. Bərpa işlərini həyata keçirən işçilərə uğurlar arzulayıb yolumu davam etdirirəm. Ağdam məscidi, Xocalı faciəsi dövründə burada dəfn işləri ilə əlaqədar görülmüş işlərdən gələcək paylaşımlarımda əhatəli məlumat qeyd edəcəyəm, çünki Azərbaycan tarixinin bir hissəsini özündə əks etdirən faciə qurbanları islam qaydalarına uyğun şəkildə buradan dəfnə yola salınıblar.

Cəmi bir neçə metrlik məsafədə Almaniyanın Drezden şəhərindəki univermaqla eyni layihədə tikilmiş Ağdam univermağı yerləşən ünvana gəldikdə burada heç nə görmədim, sanki heç vaxt olmamış kimi, zamanına görə nümunəvi üçmərtəbəli ticarət evinin yerində daş qırıntıları, kol - kosdan başqa nə isə görünmür. Ağdam rayonu adambaşına düşən ümumi daxili ticarət dövriyyəsinə görə SSRİ istehlak cəmiyyətinin dəfələrlə keçici bayrağına layiq görülmüşdü, təbii ki, bu nailiyyətlərin qazanılmasında şəhər ticarət birliyi, univermağın böyük rolu olmuşdu. Ağdam ticarətçilərinin rəqabət bazar sistemində fəallıq nümayiş etdirərək keçmiş sosialist dövlətləri və ittifaq respublikalarında istehsal olunan ən bahalı və dəbdə olan məhsulları əldə etdiyi hamıya bəllidir, bu da ümumi işin xeyrinə geniş imkan yaradırdı. Ağdamımız qlobal güc mərkəzlərinin mənafeləri və şəxsi maraqları , siyasi-məkrli oyunlar baxımından işğala məruz qalmasaydı, indi dünyada xüsusi nüfuza malik iqtisadi ticarət statusuna malik olan bir mərkəzə çevrilərdi. Peşəkar, bacarıqlı, ədalət prinsiplərini pozmayan ticarətçilərimizə olan güvənim bunu deməyə əsas verir. Univermağın yaxınlığında yerləşən prokurorluq orqanları, yanğından mühafizə idarəsi, məhkəmə, maarif işçiləri evi, mətbəə, mühafizə idarəsi, notarial konturu, axtarış elmi mərkəzi, sosial təminat şöbəsi, təbiəti mühafizə komitəsi, mətbuat yayım agentliyi, ziya kitab mağazası, aptek və digər bina, idarələrdən əsər əlamət qalmayıb. Bu mənzərəni görmək, vaxtilə gördüklərimi eyni anda təsəvvürümdə canlandırmaq heç də asan deyil, lakin dözərək erməni faşizminin dövlətimizə - xalqımıza vurduğu zərbəni heç vaxt unutmamağı həm özümə, həm də gələcək nəsillərə tövsiyə edirəm.

Əziz ağdamlılar, xalqımızın övladları, babalarımızın, atalarımızın bizlərə miras qoyduğu bütün əmlak, tarixi - mədəni irsimizə qarşı talançılıq, vandallıq törətmiş erməni vəhşiliyini yaddan çıxarmaq olmaz! Uzun illər Qarabağ münaqişəsini yaradaraq məsələni nizamlamaq məqsədilə regiona səfər edən beynəlxalq qurumların, faktaraşdırıcı missiyaların rəhbərləri Ağdam rayonunun işğal nəticəsində tamamilə dağıdılmasını görərək niyə susub və heç bir tədbir görməyiblər? Təəssüf ki, ikili standartlar, erməni təbliğatı, ikiqütblü siyasət burada özünü tam büruzə vermişdir . İnsan haqlarının qorunması haqqında beynəlxalq konvensiyalar, tarixi mədəniyyət abidələrinin qorunmasına cavabdeh qurumlar niyə doğma yurdumda törədilmiş erməni vəhşiliyinin qarşısının alınması üçün heç bir tədbir, qərar qəbul etməyib, göz yumub?

Dayandığım növbəti ünvan isə mənə və bir çoxlarımıza əziz, qiymətli, həyatımızın ən məhsuldar və ümidlər dolu illərini özündə tarixə çevirmiş, əmək karyeramın başladığı və sona yetdiyi iş sahəmin yaxınlığında yerləşən Ağdam şəhərinin mərkəzi meydanıdır. Bəli, bu yerdə hər bir ağdamlının ayaq izləri var, düşmənə qarşı birgə mübarizə aparmaq, ideyaların formalaşdığı, dövlət müstəqilliyinin - ərazi bütövlüyünün qorunması üçün ən şanlı tarix buradan başlanmışdır, haqq-ədalətin bərpası baxımından etiraz dalğaları bu meydandan dünyaya səs salmışdır. RİH inzibati binası, XDS icraiyyə komitəsi, Komsomol, Nəzarət, Redaksiya, DTX, VVAQ rayon şöbəsi, dram teatrı, bank, mehmanxana, qırmızı aypara cəmiyyəti, inventarbüro, şahmat məktəbi, əmək sarayı, rabitə şöbəsi və sair dövlət idarələrinin binaları tamamilə dağıdılıb. Fikrinizə gətirin ki, çox qiymətli tarixi şöhrətimizi qaytarmaq üçün nə qədər vaxt və əziyyət çəkməliyik. Məgər bunları unutmaq olar? Sakit, lakin daxili həyəcanla gözlərimin önündə mövcud olmuş Ağdamı xatırlamaq çətindir. Bizlər bu gözəl şəhərimizi, daimi iş yerlərimizi itirərək tərk edəndə, köçəndə, təbii ki, əlvida deyə bilmədik, heç bunu da istəmirdik, amma indi gəlib gördüklərimlə üz-üzə qaldıqda o vaxtki xoş xatirələrimi, doğma şəhərimizi bir də o cür görmədiyim xəyala əlvida deyirəm. Düzdür, bu məkana gələnə kimi yeni üslubda tikiləcək və qurulmağı davam edən Ağdam haqqında məlumatım olduğu üçün gələcəyə nikbinliklə baxıram. Amma anamız Ağdamdan ayrılandan sonra düşdüyümüz ümumi köçkünlük şəraiti arzu və niyyətlərimizin həyata keçirilməsi baxımından yaşanmamış ömür illəri olaraq tarixə qovuşdu. Həsrətli illərlə müşayiət olunan, ömrünü, fədakar əməyini rayonumuzun hərtərəfli inkişafı üçün sərf etməyə hazır olan insanlarımızın indi bu yerlərdən çox kənarlarda olmasına təəssüf edirəm.

Gənclik illərində bu gözəl şəhərdə idarəetmənin müxtəlif strukturlarında birgə çalışdığım Cəmilə, Şəhla, Raqub, Natiq, Zabil, Azər, İradə, Rövşən, Mükafat, Həqiqət Rahibə, Nəsibə, Nüşabə, Elbrus, Fikrət, İlham, Famil, Sevda, Rizvan, Mehman, Elşən, Amil, Möhtərəm, Salman, Baxşeyiş, Kamil, Ibrahim, Tofiq, İlqar, Cahangir, Cabbar, Natiq, Etibar, Novruz, Əkrəm, Eldəniz, Xosrov, Elbar, Rüstəm, Ələmdar, Səməd, Natiq, Hafiz, Məmməd Rahim və adlarını çəkmədiyim vətən övladlarıma üz tutaraq deyirəm: Ağdam bizi gözləyir. Bizlərə verdiyi qayğını, təcrübəni, dəyərləri qaytarmağın , həsrəti unutdurmağın vaxtıdır.

2021 - ci il mayın 28 - də Prezident İ. Əliyevin Ağdamda təməlqoymada iştirakı yeni, müasir şəhərimizin qurulmasında tarixi bir gündür. Həm təskinlik, həmdə böyük ümid hissilə yenidən bərpa olunacaq Ağdamda gələcək nəsillərin xoş, təhlükəsiz şəraitdə yaşayacağını düşünərək, inanaraq doğma torpağımdan müvəqqəti ayrılıram, səfər təəssüratıma bu fikirlərlə yekun vururam :

AĞDAM bizi gözləyir!