Birmənalı olaraq qeyd etməyi vacib hesab edirəm ki, artıq dünyada mövcud reallıqlar yeni-yeni baxışlara söykənir. Bunlardan ən vacibi yeni düzən xəritəsi ətrafında olan söhbətlər, baş verən reallıqlardan ibarətdir. Rusiya-Ukraynada baş verənlər, İsrail-Fələstin müharibəsi, Venesuela da aparılan antiterror əməliyyatı, Qrelandiya, Kanada ilə bağlı istəklər artıq günün əsas mövzularından hesab edilir. Ötən il İranla 12 günlük müharibə, son günlərdə təkrarlanaraq ABŞ-İsrail birliyi ilə İrana qarşı endirilən güclü bombardman onu deməyə əsas verir ki, terror birləşmələri və nüvə istehsalına qarşı yönəldilmiş müharibənin başlanması heç də qısa müddətdə baş verənlərdən ibarət deyildir. Dünyada vahid güc mərkəzinə çevrilmiş ABŞ Yaxın Şərq və onunla qonşu ölkələrdə öz strateji maraqlarına uyğun tədbirlərin görülməsi üçün uzunmüddətli proqrama uyğun davranış nümayiş etdirir. Nəzərə alsaq ki, Çin və Rusiya da regional maraqlarını genişləndirmək istəklərini diqqət mərkəzində saxlamaq üçün çalışsalar da, hazırkı proseslərdə siyasi, hərbi dominantlığın kimin tərəfində olduğunu aydın görürük. Səbəblər və nəticənin əldə edilməsi baxımından yaranmış vəziyyətin necə dəyişəcəyinə dair konkret fikir söyləmək çətindir. Niyə? Çünki mövcud vəziyyət təhlil edilərkən hiss olunur ki, ABŞ özünün kimliyini - iqtisadi və hərbi güc mərkəzi olduğunu açıqlayaraq İranın terrorla əlaqəsini, nüvə silahı əldə etmək istəyini sıfırlamaq niyyətindədir.
Dünya iqtisadiyyatına güclü təsir edən Hind okeanından Atlantik okeanına qədər olan məsafə üzərində nəzarət necə formalaşacaq? Çin və Rusiyanın İranla strateji və regional əməkdaşlığı davam edəcəkmi, edəcəksə, qloballaşan müharibənin sonu necə olmalıdır? İranın qonşu dövlətlərlə münasibəti, cavab atəşləri ilə ABŞ-nin bazalarına və İsrailə endirdiyi zərbələrin nəticəsi kimi vəziyyətin davamı heç də asan olmayan qarşıdurmanın şiddətlənəcəyinə əsas verir.
Bu gün ABŞ-nin müdafiə naziri Pit Heqset, qərargah rəisi general Dan Keyn mətbuat konfransında bildiriblər ki, İranın səması onların nəzarətindədir, İranın öldürülmüş rəhbərlərini, orduya rəhbərlik edənləri əvəz edənlər başlarını yuxarı qaldırıb baxanda ABŞ və İsraili görürlər. Müdafiə naziri belə bir müqayisə etdi ki, iki futbol oynayan komanda arasında birinci hissə 20 top hesabı ilə ABŞ-nin xeyrinədir, ikinci hissədə isə əks tərəf nə edəcəyini bilmir. O qeyd etdi ki, plan üzrə mümkün olan - nəzərdə tutulmuş qaydada daha ciddi tədbirlər görüləcək, bu sahədə İsrailin yaxın tərəfdaş-qəhrəmanlığını da alqışlayırıq, birlikdə fəaliyyət dairəsini genişləndirmək niyyətindəyik .
Təəssüf ki, dünya birliyi tərəfindən ölkələrin yaşadığı problemlərin həllinə yönəldilmiş qərarların qəbul edilməsində cavabdeh beynəlxalq qurumlar, dövlətlərin suverenliyinə cavabdeh olan BMT gecikir, bir sıra hallarda fəaliyyətsizliyi göz önündədir.
Xalqımız, vaxtilə işğala məruz qalmış ölkənin vətəndaşları olaraq yaxşı bilirik ki, müharibələr istənilən halda fəlakətə, dağıntılara, milyonlarla insanın əzablarına səbəb olur, dünyadakı ekoloji mühitə zərbə vurur, təmiz su, hava, torpaq çirklənir.
Vaxtında regionda sülhü yaranmasına təmin edəcək qonşu dövlətlərin müharibələrə cəlb olunması onu təsdiq edir ki, qonşunun çəpərinə düşən alov çox təhlükəlidir. Zamanında sülhün yaranmasına dəstək verməmək, sabitliyi pozmağa çalışmaq, doğru istiqamət seçdiyimiz zaman “bu bizim üçün qırmızı xəttdir" deyərək əzələ nümayiş etdirmək, regiona sülhün gətirilməsi vacib amillərdən olduğu halda, bunu gecikdirməyə çalışmaq nəyə gətirib çıxarır - göz önündədir.
Yer kürəsi insanların yaşadığı, bütün nemətlərlə təmin olunduğumuz Ulu Tanrının bəxş etdiyi ən gözəl məkandır. Dünyada sülhü bərpa etmək, qorumaq və gələcək nəsillərə ötürmək müqəddəs borcdur.
Bizlər - Allahın ən mütənasib formada yaratdığı insanlar dünyamızı qorumalı, müharibələrə son qoymalıyıq, yoxsa gec olacaq!