Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən bilinməz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
N.Gəncəvi
Həqiqətən də, hər birimizə verilmiş ömür payında anadan olduğumuz andan, bələkdən həyatımızın sonuna kimi elm öyrənməyimizin nə qədər vacib olduğu dinimizdə də qeyd edilmişdir. Bu gün və sabahımızın elm və təhsillə bağlı olması göz qabağındadır. Tarixin bütün dövrlərində hər zaman elmə müraciət edilmiş, bütün nailiyyətlər ona söykənmişdir. Təbii ki, yaşadığımız indiki inkişaf dövrünü nəzərdən keçirdikcə bir daha təsdiq olunur ki, bütün elmlərin əsas bünövrəsi təhsillə bağlıdır.
Son illər respublikamızda təhsilin inkişafı, elmi potensialın möhkəmləndirilməsi istiqamətində görülmüş işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqının övladları nəinki respublikamızda, eləcə də dünyada mövcud yüksək səviyyəli elm-təhsil ocaqlarında müasir biliklərə yiyələnir və bu istiqamətdə dövlətimizin təhsillə bağlı proqram sənədlərindən bəhrələnirlər. Bu amil özlüyündə sürətli inkişaf yoluna qədəm qoymuş dövlətimizin hərtərəfli inkişafına xidmət etməkdədir. Elm-təhsil hər zaman cəmiyyətin aparıcı qüvvəsi hesab olunmuşdur. Ulu öndər Heydər Əliyevin təbirincə desək, "Təhsil millətin gələcəyidir".
Bu bir həqiqətdir ki, elmli cəmiyyət eyni zamanda yüksək mənəvi dəyərləri özündə cəm edər. Daş-qaş, külli vəsait əldə etmək, maddi dəyərlərin nə vaxtsa azalıb-artması əsas deyil, bunların hamısının əvəzinə bilik qazanmaqla el-obada, dünya miqyasında daha çox tanınmaq mümkündür. Ən qiymətli sahib olduğun maddi imkanları itirə bilərsən, ən sadə məxsus olduğun biliyi isə heç kim əlindən ala bilməz, təbii ki, bu zaman-zaman təsdiq olunmuşdur. Həyat görmüş, təcrübə sahibi, tarixə çevrilən müdriklərin bizlərə tövsiyəsi belə olmuşdur ki, elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosofla söhbətə dəysin. Gənclik illərindən yaddaşımda yer tutmuş F.Dostoyevskinin "Boş və mənasız vaxtlarını nəyə sərf etməyi bacarmayan insanları görəndə, əlimə bir kitab alaraq deyirəm: Bunların biri bir ömrə bərabərdir" fikri bir daha öz təsdiqini tapır. Kitab haqqında, elm almaq yolunda söyləmiş dahilərin fikirləri nəinki öz aktuallığını saxlayır, eyni zamanda elm-təhsil qazanmaq yolunda əvəzsiz rolunu bir daha təsdiqləyir. Hansı ölkədə yaşamağından, fərqli coğrafiyaya məxsus olmağından asılı olmayaraq bütün tarixi dövrlər və hazırki qloballaşan dünyada bir daha təsdiq olunur ki, yüksək səviyyəli təhsilə malik olmadan heç bir millət qabağa gedə bilməz, bütün tərəqqiləri elmin gücü ilə əldə etmək mümkündür. Dünyanın məşhur universitetlərindən birinin girişində yazılmışdır ki, "Hər hansı bir millətin məhvi üçün atom bombasına və ya uzaqmənzilli raketlərə ehtiyac yoxdur , bunun üçün sadəcə təhsilin keyfiyyətini aşağı salmaq və imtahan zamanı köçürməyə şərait yaratmaq kifayətdir". Fikrimcə, dünyanın aparıcı elm-təhsil müəssisələrinə gənclərimizin dövlət hesabına göndərilməsi çox təqdirə layiqdir, bu iş daha da genişləndirilməlidir.
Dünyada mövcud olan ən yüksək texnologiyalar, təhlükəsizlik sisteminin yaradılmasında mövcud olan bütün nailiyyətlər elmin inkişafı ilə bağlıdır. İkinci Qarabağ müharibəsi dövründə müasir müharibə modelini dünyaya təqdim edən Azərbaycanın müzəffər ordusu məhz elmin son nailiyyətlərini tətbiq etdi, bununla da xalqımızın şərəf və namus məsələsinin qorumasına nail olundu.
Elm qazanmaq üçün ona can atmaq, yorulmadan çalışmaq, zəhmət çəkərək dövrün tələblərinə uyğun ardıcıl olaraq mütaliəyə vaxt ayırmaq, kitabı sevmək lazımdır. Bütün həqiqətləri özündə əks etdirən, dünyaya baxmaq üçün bizlərə göz verən, mövcud dünya elmindən bəhrələnməyə imkan verən bir yol varsa, o da kitablara arxalanaraq elm-təhsil yoludur, bu xəzinəni əvəz edən ikinci bir alternativ yoxdur. Uşaqlıqdan böyüyənə kimi hamımızın həyatımızda istər məktəb, istərsə də sonrakı təhsil illərində elmimizi artırmaq baxımından təqdim olunan nə varsa, hamısı məhz elmin bünövrəsi və onun üzərində ucaldılan ən böyük ideyalar, inkişaf və gələcək deməkdir. Doğrudur, elm yolu nə qədər çətin, əziyyət, ağrı-acılarla bağlı olsa da, meyvələri şirin olar, çəkdiyin əziyyət gül açar, həyat yolunda səhv etmədiyinin şahidi olarsan. Millətin inkişaf yoluna aydınlıq gətirmək isə ən böyük xoşbəxtlikdir. Elmlə-ədəblə tapılan şərəfin əvəzi olmaz, bu dəyərlərə məxsus olanlar uzun illər, əsrlər boyu tarixin səhifələrində əbədi yaşarlara çevrilirlər.
Təhsilin bütün instansiyalarında təhsil və tərbiyə bir-biri ilə bağlı və ayrılmazdır. Çünki, mənəvi dəyərləri tam mənada özündə əks etdirən tərbiyə ilə elm o səviyyədə sıx bağlıdır ki, bunlardan birinin uyğun olmaması əlavə problemlərə yol açır. V.Hüqonun belə bir fikrini xatırlatmaq istəyirəm ki, "Tərbiyə-nəfslə, təhsil biliklə bağlıdır, insan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır".
İnkişaf etmiş ölkələrdə qazanılmış uğurlar onu göstərir ki, uğurlu sabahımız elmə arxalanmağımızla bağlıdır.
Bu gün respublikamız və onun hüdudlarından kənarda təhsil alan gənclərimizlə fəxr edir, məxsus olduğum nəslin elm yolunda qazandıqları nailiyyətlərlə qürur duyuram. Respublikamızda 667 balla Azərbaycan Tibb Universitetinə daxil olan ilk Prezident təqaüdçüsü Aysel Əkbərova, 674 balla daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirən Səbinə Əzimova, Bakı Dövlət Universitetində təhsil aldığı müddətdə ilin tələbəsi adını qazanmış Soltan Əzimov, Rusiyada orta təhsillərini qızıl medalla bitirmiş və ən yüksək ali təhsil ocaqlarında təhsil alan Leyla, Sadiq, Elgün, xarici ölkələrin nüfuzlu ali məktəblərində tibb təhsili almış Aygün, İlahə, Rəşad, xarici dillər üzrə yüksək ali təhsil almış Aynur və Gülgün, doktorantura təhsilini davam etdirən Səlim, dünya məktəbliləri arasında riyaziyyat-informatika olimpiadasının mükafatçısı Elmir, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi Ələkbər, bu il ali məktəblərə qəbul imtahanı zamanı yüksək bal toplayan Səmayə, Murad digər adlarını çəkmədiyim gənclərimizin Azərbaycanımızın gələcəyi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə tam varlığımla inanıram.
Dünya həqiqətlərinin elm dilində cəmləndiyini nəzərə alaraq artıq ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarından yüksək nəticə əldə edən gənclərimizi təbrik edir, ədalət və xoşbəxtlik, xəyalları qabaqlayan elm yolunda uğurlar arzulayıram.
Elmin, biliyin, hünərin varsa gəl,
Yoxsa elm aləminə olma bir əngəl!