20.04.2024, 16:21
AZ EN
08.07.2022, 09:00

Vətənə bənzəyən adam

Şərif AĞAYAR

Böyük yazıçıların taleyi xalqın taleyi ilə daim çarpazlaşır. Bu mənada mərhum Sabir Əhmədli çox xarakterik bir imzadır. Ədəbiyyat tariximizə ən çox romanın müəllifi kimi düşən Sabir müəllim həm də şəhid atası olan yeganə Xalq yazıçısıdır. Əslində, 1994-cü ildə qəfil düşmən gülləsinə tuş gələn Məhəmmədlə birlikdə o da “hərbi xidmət”də idi. Hər imkan düşdükcə müharibənin ən qızğın yerlərində əsgərlərimizlə çiyin-çiyinə dayanırdı. Bu haqda “Qarabağın qarlı səngərləri” adlı məqaləsi də var.

Məhəmməd şəhid olan gün də Sabir müəllim cəbhə bölgəsinə yollanmışdı. Həm də oğlu ilə görüşməyə deyil, həmişəki kimi, özünə doğma övlad bildiyi əsgərlərin yanına getmişdi. Səfər əsnasında Murovda xidmət edən oğluna da baş çəkmək istədi. Lakin orda yox idi. Oğlunun yaralandığını söyləyirdilər. Təcili Bakıya aparmışdılar. Gəncədəki dostları da ona bu ağır xəbəri verə bilmədilər. Yasamaldakı evinin həyətinə çatanda isə yas çadırı ilə qarşılaşdı. Bir yazıçı üçün bundan ağır mənzərə olarmı? Barı doğulduğun yurd-yuva düşmən əlində qalmasaydı... Bu qədər cəhd elə, bu qədər itki ver, bu qədər əziy­yət çək, torpağın da yad əllərdə qalsın.

Bütün bu emosional gərginliyin içində Sabir Əhmədli yazıçı təmkinini itirmirdi. O, ata kimi ağlayırdı, ancaq qələm adamı kimi baş verənlərə tarixin gözü ilə baxmağı bacarırdı. Bu duyğular və bu peşəkarlıq sonralar ədəbiyyatımıza “Axirət sevdası” kimi bir roman qazandıracaqdı. “Mən ölümə hazırlaşıram” – Sabir müəllim romanda yazırdı. Hansısa dahinin sözüdür, deyir, insanın bütün həyatı və fəaliyyəti ölümə hazırlıqdır. Lakin bu söz daha çox elmi-bioloji kontekstdə deyilir. Sabir müəllim isə ölümə hazırlığın mistik-psixoloji dərinliyinə varırdı. Axı axirət həm də onun öz övladına qovuşacağı xəyali ünvan idi.

Bəzən yazıçılar haqda deyirlər ki, filan hadisələr onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azərbaycanın son 30 illik tarixi isə Sabir müəllimin yaradıcılığının əsasını təşkil edir. Yalnız bir xətt deyil və heç yerə keçib getmir. Ən qəribəsi, Cəbrayılda doğulan, o yerə-yurda çox bağlı olan və ömrünün ahıl çağlarını doğma yurdun azad olunması xəbərini gözləməklə keçirən yazıçının bu xoş xəbəri utopik duyğularla qələmə almasıdır. O, “Ömür urası”nda böyük qayıdışı təsvir edir, hətta Cəbrayılda oğlunun izlərini və xatirələrini axtarır.

Sabir müəllim 2009-cu ildə dünyasını dəyişdi. Qarabağ zəfərinə hələ 11 il vardı. O bizim necə geri qayıdacağımızı hardan bilirdi? Yazıçı intuisiyası idimi? Məncə, təkcə bu deyildi. Hələ meydan hərəkatları başlayandan bütün tarixi prosesi yazıçı gözü ilə sərf-nəzər edirdi. O zaman hadisələri bu rakursdan təhlil edən yox idi. Hamı tələsirdi. Qələm adamları da siyasətçiyə çevrilmişdi. Ədəbiyyat unudulmuşdu. Bütün janrlar yerini tribuna çıxışlarına və mübarizəyə səsləyən pafoslu şeirlərə vermişdi. Sabir müəllimsə əzəli-əbədi ampulasında idi və nasir təmkini onun hadisələrdən daha dəqiq nəticələr çıxarmağına imkan yaratdı.

Azərbaycanın müstəqillik tarixini üç mərhələdə səciyyələndirə bilərik:

1. Meydan hərəkatı - Oyanış

2. Birinci Qarabağ savaşı – Məğlubiyyət

3. İkinci Qarabağ savaşı – Zəfər.

Sabir müəllim tariximizin ilkin mərhələsini “Kütlə” romanında ədəbiləşdirib. Niyə kütlə? Çünki hələ qarşıda bizi nəyin gözlədiyini bilmirdik. Bəlkə, bilsək, o qədər ürəkli olmazdıq. Tarix sabahı tam bəlli olmadığı üçün maraqlıdır. Bizə aydın olan bircə şey vardı: Azadlıq. Və bu yolda hər şeyə hazır idik. Necə ki, hazır olduq.

Tariximizin ikinci mərhələsini yazıçı daha çox “Axirət sevdası”nda qələmə alıb. Məğlubiyyət, xalqın yiyəsizliyi, hakimiyyət çəkişmələri, şəhidlər, məcburi köçkünlər... Bir az ağrı, bir az inamsızlıq, bir az intiqam hissi... Torpaqları­mızın düşmən tapdağında qalması prosesi xeyli uzun çəkdi. Biz Musa pey-ğəmbərin qövmü kimi sınaqların ən çətinini yaşadıq. Sabir müəllim də ömrünün son 16 ilini xalqla, onun ağrı-acıları ilə birlikdə yaşadı.

Yazıçı hadisələrin başlanğıcını və gedişini dəqiq qiymətləndirdiyi üçün onun nəticəsini əvvəlcədən görməyi bacardı. Və bu üstünlüyü ona fiziki olaraq yaşamadığı bir dövrü yazmaq iqtidarı verdi. Həm də, özü demiş, ömrün ura vaxtı. Bəli, söhbət “Ömür urası” romanından gedir.

Bir də Sabir müəllimin sovetlər zamanına düşən həyatı və yaradıcılığı var. Diqqət edək. Qardaşı Böyük Vətən müharibəsində həlak olur və Sabir müəllim Sovet İttifaqı Qəhrəmanı adını alan Cəmil Əhmədovun məzarını ziyarət etmək üçün buradan Polşaya yollanır. Bu necə də oğlu ilə görüşmək üçün Murova gedən, oradan aldığı bəd xəbərlə Yasamalda qurulmuş yas çadırına gəlib çıxan Sabir müəllimə bənzəyir. Təsadüfmü? Əsla! Yuxarıda qeyd etdik axı. Yazıçılıq taledir. Şübhəsi olan varsa Sabir Əhmədlinin sovetlər zamanında yazdığı əsərlərə baxsın. Xüsusən “Qanköçürmə stansiyası” və “Yamacda nişanə”yə... Hər iki nümunədə sovet cəmiyyətindəki ədalətsizliyin fonunda bu quruluşun uzun çəkməyəcəyini sezirik. Sevimli Laçının vaxtsız və faciəli ölümü isə bir yandan Polşa torpaqlarına əmanət etdiyi cavan qardaşının şüuraltı sızıltısı idisə, o biri yandan oğlu Məhəmməd üçün mistik öncəgörmə idi.        

Sabir müəllimin ilk çap olunan nəsr əsərinin adı “Poçtalyon”dur. Radio və televiziyanın hər kəsdə olmadığı, qəzet və jurnalların hər yerə getmədiyi bir zamanda tale yüklü xəbərləri yalnız poçtalyon gətirirdi. Təbii, hamı ondan xoş xəbərlər gözləyirdi. Sabir müəllim də ömrünün sonunacan onun xoş xəbərini gözlədi. Amma gəlmədi. Əksinə, ürək parçalayan xəbərlər gəlirdi hər yandan. Torpaqların işğalı, şəhidlik, qaçqınlıq... İşi belə görən yazıçı xoş xəbəri özü verməyə başladı və qələminin qüdrəti ilə Qarabağdan didərgin düşən insanları geri qaytardı.

Düz 11 il sonra – 2020-ci ilin son aylarında Sabir müəllimin “poçtalyon”u xoş müjdəli “məktub”u öz ünvanına yetirdi: Azərbaycana qələbə xəbəri yayıldı. 44 günlük müharibədə ilk alınan şəhərimiz isə Cəbrayıl oldu.

Sabir müəllimin qələmi ilə geri qaytardığı torpaqları onun mənəvi övladları, Məhəmməd də daxil olmaqla bütün şəhidlərimizin qardaşları öz süngüləri ilə real olaraq azad etdilər. Bir yazıçı üçün bundan dəyərli nə ola bilər? Vətənin xoşbəxtliyi üçün təxəyyül edib yazdıqlarını onun igid balaları gerçəkləşdirir. Sabir müəllim bu günü hamımızdan çox arzulamışdı. Ruhu şad olsun.

SON XƏBƏRLƏR